Təhsil eksperti Qoşqar Məhərrəmov: “Bağçaların açılması asan olmalıdır” 

 21-10-2022

“Ölkəmizdə 1825 uşaq bağçası var. Bu o deməkdir ki, hər 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib. Peşə seçimi dövründə uşaqların gələcək ixtisas axtarışları texniki peşə təhsili müəssisələrin sayının azlığı ilə qarşılaşır. Belə ki, orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır”.

Bu sözləri Milli Məclisin üzvü Zahid Oruc “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfransda çıxışı zamanı deyib.

Onun bu çıxışı müzakirələrə səbəb olub. Bəzi şəxslər uşaqların əksəriyyətinin uşaq bağçalarına getdiyini bildirib, digərləri isə özəl müəssisələrə müraciətin daha çox olduğunu söyləyiblər. Bununla yanaşı, orta məktəb müəssisələrini bitirən şəxslərin əksəriyyəti kollec və universitetlərə yol alırlar. Peşə məktəblərinə ümumiyyətlə, müraciət edən yoxdur.

Maraqlıdır, bu məsələlər hansı şəkildə tənzimlənməlidir?

Mövzu ilə bağlı oxu.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, uşaq bağçaları böyük şəhərlərdə daha çoxdur:

“Kənar yerlərdə bağçaların sayı çox azdır. Hətta yoxdur. Ona görə də mərkəzi yerlərdə bağçalara gedən çoxdur. Bəzi yerlərdə bağça var, amma az uşaq gedir. Buna çox nadir hallarda rast gəlmək mümkündür. Valideynlər övladlarını bağçaya göndərməkdə maraqlıdırlar. Bəzi yerlərdə yetərli qədər bağça yoxdur, digərlərində isə sıxlıq var. Hər iki halda uşaqlar bağçaya gedə bilmirlər”.

Ekspert valideynlərin bir çoxunun övladlarının rahatlığı üçün onları özəl tədris müəssisəsinə yolladıqlarını əlavə edib:

“Onların bağça statusu yoxdur. İnkişaf mərkəzləridir. Bu statistika elə ona görə ortaya çıxır. Valideynlər bəzən uşaqlarını bağçaya aparıb-gətirən servis olduğu üçün həmin müəssisələrə üz tuturlar. Çünki özləri bağçaya gətirib, apara bilmirlər. Bu amillər bir çox valideyni vadar edir ki, övladlarını özəl hazırlıq inkişaf mərkəzlərinə qoysunlar.

Düşünürəm ki, bağçaların açılması prosedurunda da müəyyən yeniliklərə getmək lazımdır. Bağçaların açılması asan olmalıdır. Bağça lisenziyasının verilməsi prosesi daha asan olmalıdır. Monitorinq isə sıx və mütəşəkkil olmalıdır ki, özəl tədris müəssisələri də tabe olsun və standartlara cavab versin. Standartlar yenilənsə, yeni statistika daha ümidverici olacaq”.

Q.Məhərrəmov qeyd edib ki, şagirdlərin heç bir peşəyə yiyələnməməsi valideynlərinin məsuliyyətisizliyindən irəli gəlir:

“Həmin şagirdlərin əksəriyyətinin valideynlərinin də heç bir peşəsi yoxdur. Valideyn yönləndirmir, şagirdinin özünün də gələcəyə dair karyera planı yoxdur. Müəllimlərinin də rolu var. Onlar şagirdə gələcəklə bağlı heç bir həvəs yarada bilməyiblər. Bu çox multifaktorial bir hadisədir. Ona görə də burada bir insanı qınamaq mümkün deyil. Valideyn, müəllim və məktəb rəhbərlikləri bununla bağlı geniş bir siyasi hərəkat aparmalıdırlar. Övladlarımız hər şeydən daha çox yalnız təhsili düşünməlidir. Onların gələcəklə bağlı hər hansı bir planları olmalıdır”.

Bənzər yazılar

0.20620799064636