“Volkswagen” üçün işləyən azərbaycanlı xanımın UĞUR HEKAYƏSİ  

 16-10-2022

Tələbəlik illərindən iş həyatına atılıb. Karyera ilə bağlı bütün məqsədlərinə çatıb. Ən bariz xüsusiyyətlərindən biri isə başladığı işi zirvədə tərk etmək və digər arzuları üçün çalışmaqdır. Çünki onun üçün bütün zirvələr ondan da yüksəkləri üçün tramplindir.

Almaniyada yaşayan, “Volkswagen” üçün rəqəmsal məhsullar hazırlayan Nazlı Orucova “Kaspi” qəzetinə müsahibə verib.

O, avtomobil sənayesində proqram təminatı məhsullarının hazırlanması üzrə konsaltinq şirkəti olan “Hexad”da çalışır. Hövsan qəsəbəsi 281 nömrəli məktəbin məzunudur. Ali təhsilini İqtisad Universitetinin beynəlxalq ticarət fakültəsində alıb. Elə universitet illərindən iş həyatına atılıb. Mobil operatorlar, öndə gedən banklar üçün tətbiqlər hazırlayıb.

- Nazlı xanım, ilk işiniz telekommunikasiya sahəsində olub. Bugünkü uğurlarınızda ilk iş yerinizin rolu var, yoxsa təcrübə idi?

- İlk iş yerim ən böyük məktəbim idi. Ölkənin ilk mobil operatorlarından birində müştəri xidmətlərində, çağrı mərkəzində işləyirdim. Daha sonra arxa ofisdə işləməyə başladım. Strategiya şöbəsinə layihə koordinatoru və strategiya departamentinin rəhbərinin köməkçisi vəzifəsinə qədər irəlilədim. Marketinq şöbəsindən təklif gəldi. Əslində, marketinq şöbəsində işləmək çoxdankı planım idi. Orada da xeyli müddət işlədikdən sonra telekommunikasiya sahəsindən ayrılmaq qərarına gəldim. Həyatımın 11 ili məhz bu məktəbdə keçdi. Düzdür, mənə çox maraqlı idi, amma özümü inkişaf etdirmək üçün fərqli sahələrdə işləmək istəyirdim. Daha sonra onlayn ödəmə sistemi ilə bağlı məşhur tətbiqin üzərində işlədim. Səs-küy salan işlər gördük. Burada da məqsədimə nail olduqdan sonra, bank sektoruna keçdim. İki fərqli bankda işlədim və saytlarının, tətbiqlərinin yaradılmasını təmin etdik, kart məhsulu buraxdıq. 

- “Portfoliomda hansı şirkətin qeyd olduğu mənim üçün önəmlidir” demisiniz. Maaşı çox olan, tanınmayan şirkətdən təklif gəlsə, portfolionuz yenə də əsas olarmı?

- Peşəkar iş görmək, gələcəkdə uğurlu karyera qurmaq məqsədiniz varsa, portfolionuzu düzgün yığmaq çox vacibdir. Sizdən işləriniz barədə soruşduqda, bazanız olmalıdır. Mənim üçün ən vacib olan, getdiyim yerdə hansı məhsulun üzərində işləməyim, o məhsula inamımdır. İkincisi isə şirkətin adıdır. Tanınmayan, amma maaşı yüksək olan şirkətlərdən təkliflər çox olub, heç vaxt razı olmamışam. Karyerama yeni başladığım müddətdə, xüsusilə tələbəlik illərində razılaşardım. Amma indiki halda, yox. 

- Azərbaycanda kifayət qədər məşhur şirkətlərdə önəmli işlər gördükdən sonra Almaniyaya yollanmısınız. Öz ölkənizdə istədiyiniz zirvəyə çatmışkən, nə üçün Almaniyada sıfırdan başlamağı seçdiniz? 

- Əslində, Almaniya 2015-ci ildən məqsədimə çevrilmişdi. Son 1 ildə isə bu arzumu reallaşdırmaq üçün çalışdım. Müsahibə proseslərinə 1 il hazırlaşdım. Bu proses Azərbaycanda mənim üçün çox rahatdır. Ümumiyyətlə, düşünürəm ki, Almaniyada da rahat qalmağımın səbəbi Azərbaycana nə vaxtsa qayıdacağımı bilməyimdir. Azərbaycan mənim üçün həmişə komfort zonadır. Qayıtmaq ümidim olduğu üçün heç bir çətinlikdən qorxmuram. Çünki artıq ölkəndə öz sahəndə səni tanıyırlar, başqasına məsləhət görürlər. Burada isə sıfırdan başlayırsınız. Mənim üçün iş yeri bir tərəfdən pul qazanmaq yeridirsə, ikinci tərəfdən daha yaxşı həyata sahib olmaq üçün imkanlardır. İstənilən iş sahəsində irəliləmək üçün müəyyən addımları atmaq və sıfırdan başlamağı gözə almaq lazımdır. İşimi zirvədə buraxmaq o demək deyil ki, bezmişəm. Karyeramda çatdığım hər yer, daha yaxşı yerdə olmağıma dəstəkdir. Hər zirvə bir tramplindir və enerjin olduqca, irəliləməlisən.

- Çoxunun bu cür cəhdləri rahatlıq və yüksək maaşı tapan kimi dayanır. 

- Mən də 11 il komfort zonada işlədim. Amma daha yaxşısını da etmək imkanım varsa, niyə dayanım? Komfort zonanı tərk etmək mənim üçün çox çətin idi. Çünki məktəb dediyim yerdə idim. Əgər siz o məktəbdən çıxa bilirsinizsə, o zonanı tərk edə bilirsinizsə, deməli, hər şey mümkündür. Çətin olan oradan çıxa bilməkdir. Rahatlıq insanı tənbəlləşdirir və inkişafını saxlayır.

- Uğurlu karyeraya gedən yolda müəyyən addımlar olduğunu düşünürsünüz. O addımlar hansılardır?

- İlk addım, özünü brend kimi formalaşdırmalısan. Sən özün də məhsulsan. Şirkətlər səni alır və pul ödəyir. Burada imic formalaşır. Ona görə hər zaman şirkətlərdə işləyəcəyim məhsulu və şirkəti seçirəm ki, yaxşı imicim olsun. Böyük şirkətdə işləyib 3 gün sonra tanınmayan yerə getsəniz, bu, sizin imicinizə zərər gətirəcək. İkinci addım, güclü və zəif tərəflərini bilməlisən. İş yeri insan üçün emosional bağlılıq yaratmamalıdır. Şirkət sizə kömək edən tramplindir. Maaş ödəyirlər, hansısa biliklərə sahib olursan, onu şirkətlə bölüşürsən. Məndə şirkətə emosional bağlılıq yoxdur. Rahatlıqla ayrıla bilir və bunu problem kimi görmürəm. 3-cü məsələ isə hər zaman işlədiyin şirkətdən nə əldə etdiyini bilməlisən. Əgər əldə etdiyim ancaq maaşıdırsa, bu, mənim üçün qəbuledilməzdir. Mən istəyirəm ki, şirkət mənə yeni imkanlar yaratsın, biliklər öyrənim, yararlanım. Əgər bütün bu məsələləri bir yerə toplasaq, sizdə yaxşı hesab etdiyiniz iş yerini tərk etmək qorxusu yaranmayacaq. İşdən çıxmaq üçün səbəb çox ola bilər. Təklif gələn şirkətin adı və məhsulu daha cəlbedicidirsə, oradan daha çox öyrənmək imkanınız varsa, yerinizdə dayanmamalısınız. Fürsətləri əldən vermək olmaz.

- “Volkswagen” işiniz nədən ibarətdir?

- Bizim şirkətin əsas müştərisi “Volkswagen” dir. Mənim də işlədiyim layihələr “Volkswagen” qrupu daxilindədir. Burada da işim rəqəmsal məhsulların hazırlanması və inkişaf etdirilməsidir. Bundan əlavə, şirkətin daxilində məhsulların yaradılması ilə məşğul olan komandalara dəstək göstərirəm. Yeni gələn məhsul üzrə menecerlərə təlimlər keçir, yeni layihələrin hazırlanmasına dəstək göstərirəm.

- Komandanızla bağlı tez-tez statuslar paylaşırsınız. Sizcə, bir məhsulun uğurunda komandanın rolu nədir?

- Məhsul komanda işidir. Əgər siz öz komandanıza kifayət qədər dəstək göstərməsəniz, uğurlu iş alınmaz. Biz birlikdə çox əziyyətli iş görürük. Siz bu gün mobil tətbiqi işlədirsiniz. Onun arxasında dayanan, gecə-gündüz işləyən komandadır. Hansı ki, sizin yönəltdiyiniz fikrə inanır, ideyalarınızı dəstəkləyirlər. Bu insanlar olmasa, sizin ideyalarınız heç kimə lazım deyil. Mənim üçün komandamın xoşbəxt olmağı çox vacibdir. Çünki onlar işdə olduğunuz müddətdə ən çox vaxtınızı sərf etdiyiniz insanlardır. Komandası uğurlu olmayan heç bir iş müvəffəqiyyət qazana bilməz.

- Statuslarınızdan birində valideynsiz qərar verə bilməyən insanlardan danışmışınız. “Ağıl yaşda deyil, başdadır” prinsipi ilə övladlarının istəməyərək hansısa uğuruna mane olan valideynlər var. Necə etməliyik ki, valideyn də razı olsun, övlad da?

- Mənim də valideynlərimin etiraz etdiyi məqamlar olub. Nəzərə almalıyıq ki, valideynlərin yaşadığı dövrlə, bizim dövr fərqlidir. Valideyn uğurunuzu istəmədiyi üçün sizə “yox” demir. Elə bir valideyn yoxdur ki, övladının xoşbəxtliyini istəməsin. Onlar ona görə qarşıdır ki, belə öyrənib, belə görüblər. Valideynlər hansısa müddətə qədər sizi yetişdirir, öyrədir. Siz də müəyyən zamandan sonra valideyninizi yetişdirməlisiniz. Hansısa yaşa qədər valideyn yönəldir, müəyyən yaşdan sonra siz yönəltməlisiniz. Bu, qarşılıqlı olmalıdır. Valideyn də anlamalıdır ki, qarşımda dayanan 5 yaşlı uşaq deyil, onun da həyat təcrübəsi var. Belə olsa, aranızda dəhşətli uçurumlar olmayacaq. Anlayacaqlar ki, həyatınız fərqlidir və onlar kimi yaşamaq istəmirsiniz. Hər kəs öz valideynini yaxşı tanıyır və öz valideyninə gedəcək yolu bilməlidir. Əgər siz valideyninizi idarə edə bilmirsinizsə, karyeranızda da heç nəyi idarə edə bilməzsiniz. Siz valideynlərinizi inandıra bilmirsinizsə, biznes sahibini inandıra bilməziniz.

- Alman tempində işləmək çətin deyil ki?

- Bu, mifdir. Mən almanların görüşlərə gecikməyinin çox şahidi olmuşam. Almaniyada yüksək işçi hüquqları var. Heç bir işim indiki kimi rahat olmayıb. Burada sizi heç kim işdən kənar vaxt narahat etməyəcək. İş vaxtınızı özünüz təyin edirsiniz. Şirkətlər işçilərinə hər cür imkanları yaradır. Məsələn, mən xəstələndim, 15 gün gəlmədim. Heç kim soruşmur ki, nə xəstəsisən? Biz Azərbaycanda daha sərt rejimdə işləyirik, nəinki Almaniyada. 

- Bu gün ölkədə məşhur tətbiqlərin ərsəyə gəlməsində rolunuz çoxdur. İnsanlar həmin tətbiqlərdən istifadə edən zaman nə hiss edirdiniz? 

- Çox gözəl hissdir. Yadıma gəlir ki, əvvəllər məhsul meneceri kimi işləməyə başlayanda bu, mənim motivasiyam idi. İnsanlar məhsulu istifadə edir, amma kimlərin ərsəyə gətirdiklərini bilmirlər. Bir-birlərinə pul göndərir, maaşlarını alır, müxtəlif kommunal ödənişlərini həyata keçirirlər. Siz insanların həyatına təsir edirsiniz. Bu, çox pozitiv hissdir. Məhsul yaradılması ilə bağlı işləyənlərin hamısı bunu hiss edir.

- Sizinlə bağlı rəylərdə “Nazlı ayaq üstdə düşünür və qərar verir” deyirlər. Sizi karyeranızda bütün məqsədlərinizə çatdıran səbəb budurmu?

- Birinci səbəb odur ki, mən həyatdan nə istədiyimi bilirəm. Arzumu real şəkildə təsəvvür edirəm. Hansısa qərarı vermək istəyəndə niyə və necə istədiyimi bildiyim üçün 3-cü cavabım da avtomatik yaranır. Heç bir addımımı bilmədən atmamışam. Heç vaxt qeyri-real arzularım olmayıb. İnsan ilk olaraq həyatdan nə istədiyini və bunun nə dərəcədə real olduğunu anlamalıdır. Siz arzulaya bilərsiniz ki, mən kosmosa uçmaq istəyirəm. Bu, sizin üçün nə dərəcədə realdır? İmkanlarınızı başa düşməlisiniz. Analiz etmək qabiliyyəti olmalıdır. Əgər məqsədinizin sizə nə üçün lazım olduğunu bilirsinizsə, heç bir şəkildə dayanmamalısınız. O məqsəd üçün addım atmalısınız. Ancaq arzulamaqla heç nə əldə olunmur. Kimsə sizə istədiyinizi gətirib bağışlamayacaq. Ona doğru özünüz getməlisiniz.

Bənzər yazılar

0.20995092391968