Sirk kiçikdən böyüyə hamının diqqət mərkəzində olan incəsənət növüdür. Sirkdə uşaqlar sevinir, böyüklər də uşaqlaşır. Kim nə deyir desin, sirk həm tamaşaçılar, həm də sirk ustaları üçün sevgidən başlayır.
Sirk deyəndə gözümüzün önündə jonqlyorlar, kəndirbazlar, gimnastlar, akrobatlar, atlar, şarlar, qaynar musiqi, rəngbərəng işıqlar, gülüş və alqış səsləri canlanır. Məncə, sirk elə bunların heyrətamiz vəhdətidir.
Monte-Karloda keçirilən 36-cı Beynəlxalq Sirk Festivalında sirk “Oskar”ını qazanmış, ölümcül “Hava adajiosu” tryukunun ifaçısı Allahverdi İsrafilov “Kaspi” qəzetinə müsahibə verib.
Allahverdi bəy “Böyük Sirk”də Gümüş Aslan, “Sabahın Sirki”ndə Qızıl Mükafat, “Qızıl Buff”da gümüş mükafat, Beynəlxalq Paytaxt Sirkləri Festivalında Qran Pri mükafatlarını da qazanıb.
Allahverdi bəy bildirib ki, sirk onun həyatıdır:
“Həyat təcrübəm göstərdi ki, sirksiz mümkün deyil. Hər nə olsa da, dünyanın enerjisi məni yenə də fırladır gətirir sirkə. Bilirsiniz, sirkdə pul qazanmaq üçün işləmək olmaz. “Sirk artisti olacağam, pul qazanacağam” deyən tezliklə sirkdən gedəcək. Dünyanın heç bir qonorarı tamaşaçı alqışından üstün deyil! Manejdə qısa bir nömrəni göstərmək üçün artist günlərlə məşq edir. Elə olub ki, bir tamaşada 4 nömrə oynamışam. Aldığım maaş heç nə olub. Sirkdə elə tryuklar var ki, onları etmək üçün ancaq fanat olmalısan. Mən fanatlığımı sonuncu festivalda başa düşdüm. Monte-Karloda Monako şahzadəsi Stefaniyanın sədrliyi ilə keçirilən Beynəlxalq Sirk Festivalında ən yüksək mükafatı aldım. Bu qalibiyyətdən sonra həyatımda çox şey dəyişdi. Artıq istədiyimi almışdım. Amma mən Çində keçirilən festivalda iştirak etməli, 16 metrlik hündürlükdən başıaşağı tullandığım “Hava adajiosu”nu göstərməliydim. Düşündüm ki, bunu indiyə kimi inkişafa görə etmişəm və indi ən yüksək pillədəyəm və yenə edirəm. Ciddi bir səbəb tapmırdım. Sonda bunun bir fanatizm olduğunu anladım”.
“Sirk Triumf” şirkəti yaradan, onun bədii rəhbəri və baş direktoru olan A.İsrafilov qeyd edib ki, həm Rusiya, həm də xarici artistlərin iştirak etdiyi 39 mükəmməl sirk proqramı hazırlayıblar:
“Sirk proqramı ilə bir çox ölkə və şəhərdə çıxış etdik. Bizim 1500 tamaşaçı tutan sirk çadırımız var. Səyyar sirk kimi tamaşalar göstəririk”.
Artist Azərbaycan sirkinin səviyyəsindən də danışıb:
“Bu gün dünyaya çıxaracaq səviyyədə sirk kollektivimiz yoxdur. Amma peşəkar azərbaycanlı sirk artistləri var ki, dünyanın müxtəlif ölkələrində işləyir. Təəssüf ki, Bakı Dövlət Sirkində belə truppamız yoxdur. Amma bir vaxtlar dünyada 10 kollektiv var idisə, onlardan biri Azərbaycan sirki idi. Sirkimizin 100-ə yaxın artisti vardı. Hazırda planımızda ilkin olaraq sirkdə truppa yaratmaq, məktəb qurmaq var. İndi sirkin rəhbərliyi də gənclərdir. Yaxşı truppanın olmamasına görə onları da qınamaq olmaz. Buna qədər olan rəhbərlik fikirləşməli idi, amma fikirləşməyib. Buna görə də onları qınamıram, çünki sirkin rəhbərliyində sirk adamı, sirkin fanatı olmalıdır. Bu gün hökumətimiz bütün sahələrə diqqət göstərir, həmçinin sirkə də. Hər işdə nümunəyik. Sirkin də tezliklə yüksək səviyyəyə çatacağına inanıram. Bundan başqa, sirkimizdə studiya yaratmaq istəyirik”.
“Zəhmət və hövsələ” devizi ilə çalışan, hər bir zəhmətin mütləq bəhrəsinin olacağına inanan Allahverdi bəy sirkə gəlişindən də danışıb:
“Atam sirkdə işləyirdi, anam isə musiqiçi idi. Kübar xanım olan anam sirkə getməyimi istəmirdi. Onun arzusu mənim polis olmağım idi. 92-ci ildə atam məni ilk dəfə sirk manejinə buraxdı. “Azərbaycan cigidləri” nömrəsində çıxış etdim. Anam-atam tez rəhmətə getdilər, 16 yaşımdan bacıma-qardaşıma valideyn oldum. Bir gün başqa işdə pul qazanır, bir gün sirkdə məşq edirdim. Müəllimim olmayıb, özüm sevib öyrənmişəm. Qastrola gələn bir ustanın tryuku vardı, xahiş etdim ki, mənə öyrətsin. Biz məşq edirdik. Bir dəfə 9 metr hündürlükdən yıxıldım, qolum-qabırğam sındı. Xəstəxanaya düşdüm. Amma problem olmasın deyə, demədim ki, sirkdə olub. O adam da qastrol bitəndən sonra getdi. Mən onu çox axtardım. 2002-ci ildə Moskvada sirk tamaşasından sonra bir kişi yaxınlaşdı, dedi ki, “nömrəniz çox gözəl idi, tüklərim biz-biz oldu”. Gördüm adam danışır, mənə tanış gəlir. Haradan olduğumu soruşdu. Dedim Azərbaycandan. Özünü təqdim edəndə bildim ki, Anatoli Makeyevdir. 95-ci ildən sonra ilk dəfə idi görüşürdük. Dedim “Tolya dayı, məni xatırlamırsınız? Siz mənimlə Bakıda məşq etmisiniz, yıxılmışdım”. Kişinin gözləri doldu, dedi ki, sən onda yıxılanda elə heyifsiləndim, düşündüm ki, o cür istedadlı oğlan yıxıldı, davam etmədi. Sonra da səndən xəbər tuta bilmədim”.
Allahverdi bəyin həyat yoldaşı Qalina İsrafilova da sirk ustasıdır. Məşq vaxtı mübahisələri də olur, dalaşırlar da:
“Hərdən elə olurdu ki, bir-birimizi vurub öldürmək istəyirdik. Amma bunu elə işdə qoyub çıxırdıq. Əgər işdə olanları evə gətirsək, yaşaya bilməzdik. Problem bilirsiniz nədəydi? Mənim fikrim-zikrim bu idi ki, sirkdə çempion olum. Amma onun fikri mən deyəni etmək idi. Mənsə istəyirdim ki, onun özündə də çempion olmaq istəyi olsun. Bunu da qeyd edim ki, qızımın sirk ustası olmağını istəməzdim. Bu ağırlığı özüm yaşamışam, o, yaşamasın. Üstəlik də sirkdə unikal olmaq məsələsi var”.
Müsahibim düşünür ki, qarşısına nə məqsəd qoysa, ona nail olmaq gücündədir:
“Həyatda itirdiyim doğma insanları geri qaytara bilmək üçün sehrbaz olmaq istərdim. Hər bir valideyn övladının nailiyyətlərini, xoş günlərini görmək arzusundadır. Kaş anam mənim bu günlərimi görəydi”.