7 il erməni əsirliyində qalan Şahbaz Quliyev bu gün Prezident Administrasiyası qarşısında etiraz edib.
MillətinSəsi.info xəbər verir ki, "Hamam Times" etirazdan görüntüləri paylaşıb.
Ş. Quliyev bildirir ki, ona nə veteranlıq, nə əlillik, nə də pensiya verilir:
“Bir il yarımdır mən burada it zülmü çəkirəm. Bir balamı qoyub getmişəm. 7 il ermənidə əsirlikdə “yatmışam”, bugünkü gündə mənə qulaq asan yoxdur.
Mən evdə qalmışam yetim kimi. Nə pensiya verirlər, nə veteranlığımı verirlər, nə də əlilliyimi. 200 dənə məktub yazmışam, 200 dəfə müraciət eləmişəm. Nə Müdafiə Nazirliyi, nə də o biri qəbul eləmir. Səbəb odur ki, cənab Prezident dediyini heç kim etmir. Mənim işığımı, qazımı kəsirlər, niyə? Nə etmişəm? Erməniyə güllə atmışam ona görə? Mən 7 il Azərbaycanı gözləmişəm ki, cənab Prezident məni azad edəcək”.
O qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi ona süpürgəçi işi təklif edib: "Dedilər ki, “gəlin arvadlar süpürəcək, siz də lapetə yükləyəcəksiniz, yüngül işdir. Qolunuz qırıq olduğuna görə yüngül iş ancaq budur"".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı verib və bildirib ki, Şahbaz Quliyev hər hansı polis orqanında saxlanılmayıb: "Müvafiq polis idarəsinə dəvət olunaraq dinlənilib, aidiyyəti üzrə yönləndirilib. Onun saxlanılması barəsində hansısa hüquqi icraat tədbiri tətbiq olunmayıb".