Metronun “Ulduz” stansiyasının xadiməsi Sevil Xanbabayeva: "Mənə qəsd edirlər, bundan sədrin xəbəri var?" - Video

 07-10-2022

Metronun “Ulduz” stansiyasının xadiməsi Sevil Xanbabayeva səbəbsiz yerə işdən çıxarılmasından şikayətçidir.

O, bu barədə sosial şəbəkələrdə yaydığı videomüraciətdə deyb.

O bildirib ki, səbəb olmadan, təqdimat yazmadan, bildiriş vermədən onu işdən qovublar:

“Əlim ayağım suyun içində, 3-4 nəfərin yerinə işləyirəm, ayda bir dəfə “vxadnoy” verirlər, hər gün işdə olmaq nə deməkdir? Nəyin əsasında şirkəti yeyib dağıdırsınız? Sizin bütün faktlarınızı bilirəm. Olmazın hərəkətlərini etmisiniz. Əxlaqsızlıq yuvasına döndərmisiniz. Fövqəladəyə lağ edirlər, metro Fövqəladədən betər günə qalıb. Bundan sədrin xəbəri var?

Şirkətin içində şirkət qurmusunuz. 9-10 işçini göndərirsiniz Rafael müəllimin bağına, ağacının qiyməti 4000 min manatdır. İşləyən işçiyə niyə dəyər verilmir? Mənliyi, şəxsiyyəti ilə oturub-druan işçiyə dəyər verilmir, kimlərsə qapı arxasında min hoqqadan çıxır, işləməynlər gedir yuxarı başda oturur. Mənə qəsd edirlər. Üç mərtəbəli binada tək işlədirlər. Dedim şikayət edəcəm, məni Nərimanova keçirdilər, Nərimanovda mənə zülm elədilər, ordan Gəncliyə göndərdilər, orda da zülm elədilər”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bununla bağlı araşdırma aparılır:

“Videomüraciəti edən şəxs “Bakı Metropoliteni” QSC-nin əməkdaşı deyil. Onun dediyi ifadələrin hər hansısa bir əsası yoxdur. Xanımın söylədiklərinə əsasən, o, Bakı metropoliteni stansiyalarında təmizlik işləri ilə məşğul olub.

Qeyd edim ki, stansiyalarda təmizlik işlərini müvafiq tenderdə qalib gələn “Tais İFK” MMC şirkəti icra edir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq şirkətlə müqavilə imzalanır və öhdəliklərə uyğun olaraq işlər yerinə yetirilir.

Bakı Metropoliteni QSC-nin əməkdaşlıq etdiyi hansısa qurumun daxili kadr siyasətinə, insan resursları və digər məsələlərə qarışmasına istər qanunvericilik, istərsə də hüquqi-etik normalar baxımından səlahiyyəti yoxdur.

Əldə olunmuş məlumat adıçəkilən şirkətə araşdırmaq üçün göndərilib və şirkət bununla bağlı artıq müstəqil qaydada Bakı Metropoliteninin heç bir müdaxiləsi olmadan öz araşdırmasını aparacaq”.

Bənzər yazılar

0.17998504638672