Rafael Cəbrayılovun köməkçisi məhkəmədə dindirildi

 31-03-2022

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

MillətinSəsi.info "APA.az"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda zərərçəkmiş Təranə Fətəliyevanın istintaqda verdiyi ifadəsi elan olunub. Zərərçəkmiş qeyd edib ki, cinayət işi ilə bağlı ona 300 min dollar ziyan dəyib. O, dəymiş ziyanın ödənilməsini tələb edib.

İclasda vəkillər zərərçəkmişin məhkəməyə gəlməməsinə etiraz ediblər.

Müdafiəçilərin sözlərinə görə, T.Fətəliyeva digər zərərçəkmişləri də Rafael Cəbrayılovla tanış edib və cinayət işində ən mühüm zərərçəkmiş şəxsdir.

Məhkəmə vəkilinin münasibətini qəbul edərək T. Fətəliyevanın məhkəmədə iştirakının təmin ediləcəyini elan edib.

İclasda şahid qismində Rafael Cəbrayılovun Milli Məclisdə deputat olan vaxt köməkçisi olmuş Faiq Bayramov dindirilib.

O, cinayət işi ilə bağlı Rafael Cəbrayılov ilə bir xanım arasında yaranmış problemli məsələdən xəbərdar olduğu üçün istintaqa cəlb olunduğunu deyib: "2015-ci ildə Milli Məclisə deputat seçkiləri zamanı sosial şəbəkələrdə məlumat yayılmışdı ki, Rafael Cəbrayılov insanları aldadır, onlardan pul alıb qaytarmır. Onun digər işləri ilə bağlı məlumatım yoxdur, mən sadəcə Milli, Məclisdə köməkçisi idim".

Daha sonra iclasda zərərçəkmiş Kəmalə Şıxəliyeva ifadə verib.

O, deyib ki, torpaq sahəsi almaq üçün Rafael Cəbrayılova müraciət edib: "Torpaq sahəsinin alınması üçün Rafaellə oğlum görüşdü. 340 min bir, 240 min manat da bir verdik. Açığı pulu ödəyəndə mən şübhələndim, amma oğlum dedi ki, narahat olma, deputat adamdır, başqa söhbət ola bilməz".

Proses aprelin 14-də davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

Bənzər yazılar

1.5113878250122