Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Baku Steel Company” MMC-nin (Poladəritmə zavodu) sənədlər üzrə Müşahidə Şurasının sədri olmuş Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Rasim Məmmədova qarşı 185 milyon manatlıq yeyinti ittihamının bir hissəsi “Azeri Steel-2009" şirkəti ilə bağlıdır.
İddia olunur ki, bu şirkət qeyri-rəsmi şəkildə Rasim Məmmədovun özünə məxsus olub və o, “Baku Steel Company”nin istehsal etdiyi armaturların bu şirkətə bazar dəyərindən daha ucuz satışına şərait yaradıb. “Azeri Steel” ucuz aldığı armaturları sonradan özü daha baha - bazar dəyərinə uyğun satıb. Sentyabrın 30-da Rasim Məmmədovun məhkəməsində məlum olub ki, “Azeri Steel” şirkətinin təsisçisinin heç bu quruma aidiyyəti olmayıb.
“Mübariz Səmədov mənə dedi ki, ayda sənə 500 manat pul veriləcək, adına şirkət açaq. Mənim də pula ehtiyacım vardı, ona görə razılaşdım. Mənə demişdilər ki, Rasim Məmmədovun şirkətidir...”, - Əliməmməd Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən belə deyib.
O bildirib ki, ayda təxminən iki dəfə şirkətin ofisinə, yaxud vergi orqanına gedib, şirkət adından sənədləri imzalayırdı. Onun sözlərinə görə, Rasim Məmmədovu bir dəfə - metronun “Xətai” stansiyasının yaxınlığındakı ofisdə yığıncaqda görüb. Ümumiyyətlə isə Rasim Məmmədovu da, “Baku Steel Company”də maliyyə direktoru olmuş Mübariz Səmədovu da uşaqlıq dostu olan Yusif Əhmədzadə vasitəsilə tanıyıb. Yusif Əhmədzadə vaxtilə Rasim Məmmədovla da dost idi.
Təqsirləndirilən Rasim Məmmədov isə bu şirkətin ona məxsus olması barədə iddialarla razılaşmır. Deyir ki, o şirkətin əsl sahibi başqası olub. Amma həmin şəxsin kimliyini açıqlamayıb: “Əgər o şirkət mənim olsaydı, öz adamımı təyin edərdim. Bir dəfə tanıdığım Cəfəri təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, ”çıxar onu". Mən də çıxardım..."
Məhkəmədə dindirilən başqa bir şahid Samir Məmmədov uzun illər “Baku Steel Company”, “Azeri Steel-2009" şirkətlərində satış meneceri işləyib. 2008-ci ildə Rasim Məmmədova məxsus ”Wortex" şirkətində satış meneceri kimi fəaliyyətə başladığını deyən Samir Məmmədovun sözlərinə görə, 2013-cü ildə “Azeri Steel”ə eyni vəzifəyə göndərilib. 2015-ci ildən “Baku Steel Company”nin satış meneceri olub, bir müddət sonra isə yenidən “Azeri Steel”ə qaytarılıb. Deyir ki, bu yerdəyişmələrin səbəbi ona məlum deyildi. Harda işləmək barədə göstəriş verilirdisə, orada da gedib işləyirdi.
Onun sözlərinə görə, “Azeri Steel”də kassa məsələsinə də baxırdı: “Biz ”Azeri Steel" şirkətində “Baku Steel Company”nin armaturlarını satırdıq. Mal satışından gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala verilirdi. “Azeri Steel”dən Rasim Məmmədova da bir neçə dəfə pul aparıb vermişəm. Elə olurdu özünə, elə də olurdu, köməkçisinə verirdim. 100 min apardığım olub, 200 min olub..."
O, məhkəmədə Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə fərqli danışıb. Deyib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu. Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. Məsələn, 1 milyon “Şüşəli bazar”ın yanında (“Elmlər Akademiyası”nın yaxınlığı) torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə...
Təqsirləndirilən Rasim Məmmədov onun yalan danışdığını, əleyhinə saxta şahidlərdən istifadə olunduğunu iddia edir.
“Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi”, - bunu da Rasim Məmmədov məhkəmədə çıxışında vurğulayıb.
Məhkəmədə son illərdə Azərbaycanda dövriyyəsi milyonlarla olan, müxtəlif nazirliklərin tenderlərində qalib elan edilən onlarla şirkətin əslində ona heç bir aidiyyəti olmayan şəxslərin adlarına təsis edilməsi hallarının üstü açılıb.
Zaur İmanov “Baku Steel Company”də metal qəbulu işlərinə baxıb. Əhalidən və Müdafiə Nazirlriyindən metal qəbul etdiyini deyib. Bəxtiyar Kələşov da metal qəbuluyla məşğul olub. Onun ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində göstərib ki, zavodun 3 milyon 400 min manat kəsiri olub. Ancaq məhkəmədə bildirib ki, istintaqa verdiyi ifadəsində belə söz deməyib: “Müstəntiq özü mənə dedi ki, sənədlərdə belə bir şey var. Ancaq mən özüm belə bir şey deməmişəm”.
Şahid bildirib ki, ibtidai istintaqda ifadə verərkən otaqda müstəntiqdən başqa auditor və vəzifəsini bilmədiyi başqa iki nəfər də olub.
Rasim Məmmədov deyib ki, bu adam zavodda metal işinə baxıb, kimin zavoda nə göndərməsindən xəbəri olmayıb: “Bu hardan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”.
Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova bu yerdə müstəntiq Samir Həsənovun məhkəmədə dindirilməsinə dair vəsatətlə çıxış edib. Vəkil vəsatətini şahidin ifadəsinə aydınlıq gətirilməsi ilə əsaslandırıb. Hakim bildirdi ki, vəsatətə şahidlərin dindirilməsi başa çatdıqdan sonra baxılacaq.
Sonra Mübariz Səmədov ifadə verib. İfadəsində göstərib ki, Rasim Məmmədov həbs olunmamıçdan iki ay əvvəl onu DTX-ya çağırıblar: “Azeri Steel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orda nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı".
İfadənin bu yerində Rasim Məmmədov dillənib: “Qorxduq da deməyə”.
Şahid ifadəsinə davam edərək bunları deyib: “DTX-dan çıxandan sonra gəldim ”Azeri Stell"ə, şirkətin 10 illik hesabatı ilə bağlı məlumatları iki flaşkarta yığdım, özümdə saxladım. Rasim Məmmədov tutulan ərəfədə məni yenə DTX-ya apardılar. Həmin gün Rasim Məmmədova yaxın olan adamları gecəyarı buraxsalar da, məni səhərədək saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver ki, evində axtarış aparaq. Yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Mənə orada təzyiqlər göstərdiklərinə görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçiləri maaşları və zavodun digər xərcləri çıxılıb, 85 milyon gəlir qalıb. O 85 milyon manatdansa kod adları altında kimə nə qədər verilib, hamısı vardı. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahəti üçün xərclənən pullar, “yuxarı-1", ”yuxarı-2", o yuxarı, bu yuxarı. Bu yerdə Rasim Məmmədov dillənib ki, “o yuxarı mən olmuşam".
Şahid tərəflərin suallarını cavablandırdıqdan sonra hakim növbəti məhkəmə iclasını oktyabrın 3-nə təyin edib. (musavat.com)
1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.
Qeyd edək ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.
Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.
Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.
Vaxtilə Ramiz Mehdiyevi himaayəsində fəaliyyət göstərən Rasim Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. O, özünü təqsirli bilmir.
Mənbə azpolitika.info