Ərdoğan: Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir

Ərdoğan: Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir
20:40 15-09-2018 | icon 25

Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir.

milletinsesi.info xəbər verir ki, bu fikirləri Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş möhtəşəm paradda çıxış edən Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

“Böyük şair, mərhum Bəxtiyar Vahabzadə bu birliyimizi belə gözəl ifadə edib:

Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız,
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız,
Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum,
Azərbaycan-Türkiyə.

Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir”, - deyə, Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, “biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik”.