XİN: Ermənistan rəhbərliyi odla oynamaqda davam edir

XİN: Ermənistan rəhbərliyi odla oynamaqda davam edir
12:40 15-09-2018 | icon 22

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlardan, o cümlədən, artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribatlar törədib.

Ermənistan-Azərbaycan sərhədi boyunca Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri və dinc sakinlər ağır silahlardan atəşə tutulub, sakinlərin əmlakına və mülki infrastruktura ziyan vurulub.

Bunu milletinsesi.info-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, mənəvi və beynəlxalq humanitar hüquq normalarına zidd şəkildə mülki insanların və obyektlərin qəsdən hədəfə alınması Ermənistan silahlı qüvvələri üçün ənənəvi xarakter daşıyır və asimmetrik taktika olaraq döyüş hazırlığının tərkibinə daxil edilib. 

“2016-cı ilin aprelində Ermənistanın qəsdən və hədəflənmiş şəkildə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutması vəziyyətin gərginləşməsinə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri tərəfindən əks-həmlə tədbirlərinin görülməsinə səbəb oldu.

Ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. Ermənistan silahlı qüvvələrinin sıralarında olan “keçmiş qvardiyaçılar” da vəziyyətin gərginləşdirilməsi üçün təhrikçi rol oynamaqda davam edirlər.

Ermənistan rəhbərliyi reallığı dərk etməlidir ki, Azərbaycan vəziyyətin daim bugünkü formada davam etməsinə heç vaxt imkan verməyəcək.

Azərbaycanın BMT Nizamnaməsi əsasında ayrılmaz hüquqlarından istifadə edərək, atmalı olacağı addımların məsuliyyəti isə tam şəkildə Ermənistanın üzərinə düşəcək”, - deyə XİN rəsmisi əlavə edib.  

Kamil HƏMZƏOĞLU