Prokuror Aybəniz Kəngərlinin evindən 1 milyon manata yaxın oğurluq edən şəxslərə cəza istəyib

Prokuror Aybəniz Kəngərlinin evindən 1 milyon manata yaxın oğurluq edən şəxslərə cəza istəyib
19:31 13-09-2018 | icon 46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.  

Dövlət ittihamçısı hər iki şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək. 

Qeyd edək ki, ittiham aktına əsasən, X.Zeynalova zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın (Kəngərli) Nəsimi rayonunda yerləşən mənzilində qulluqçu işləyib.

Cinayət işi materiallarında X.Zeynalovanın 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər işlədiyi mənzildən ümumilikdə 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurladığı qeyd edilir.

Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı məlum okub ki, X.Zeynalova cinayəti tanışı A.Qəhrəmanovla birlikdə törətdib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilir.

Xatırladaq ki, X.Zeynalovanın atası Əbdüləli Zeynalov mətbuata müraciət edərək qızının günahsız olduğunu deyib. O bildirib ki, qızı 2010-2014-cü illərdə A.Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə X.Zeynalova A.Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub: "Qızım Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb".

Ə.Zeynalov deyib ki, qızı həbs edilən zaman Bakı Metropolitenində işləyib.