Hesablama Palatasının yeni vəzifələri dəqiqləşdi - Quruma ali audit orqanı statusu verilib

Hesablama Palatasının yeni vəzifələri dəqiqləşdi - Quruma ali audit orqanı statusu verilib
19:19 13-09-2018 | icon 91

Bu gün Hesablama Palatasının geniş tərkibdə Kollegiya iclası keçirilib.

Kollegiya iclasında əsas diqqət 5 sentyabr 2018-ci il tarixdən qüvvəyə minmiş “Hesablama Palatası haqqında” Qanuna, Qanunda Hesablama Palatasının müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı qarşıda duran məsələlərə yönəldilib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni Qanun haqqında məlumat verib. Qeyd edib ki, dövlət vəsaitlərinin və digər dövlət əmlakının məqsədyönlü və səmərəli istifadə edilməsinə daha keyfiyyətli və effektiv kənar dövlət maliyyə nəzarətini təmin etmək üçün bu Qanun ali audit orqanı olaraq Hesablama Palatasının qarşısında mühüm vəzifə və öhdəliklər müəyyən edib.
Daha sonra bildirilib ki, bu Qanunun qəbul edilməsi bir daha onu göstərdi ki, ölkə rəhbərliyi maliyyə nəzarətini gücləndirməklə büdcə vəsaitlərindən düzgün və səmərəli istifadə edilməsini və bu sahədə şəffaflığın artırılmasını daim diqqət mərkəzində saxlayır. Qeyd edilib ki, yeni Qanunda ilk dəfə olaraq ali audit orqanı kimi Hesablama Palatasının statusu müəyyən edilib, kənar dövlət maliyyə nəzarəti, dövlət vəsaiti, kənar dövlət maliyyə nəzarəti tədbirləri və kənar dövlət maliyyə nəzarətinin obyektlərinin anlayışları verilib ki, bu da dövlət maliyyəsi ilə bağlı bəzi metodoloji qeyri-müəyyənliklərin və uyğunsuzluqların aradan qaldırılmasına xidmət edəcək.
Yeni Qanunda ali audit orqanı olaraq Hesablama Palatasının müstəqilliyinə dair ayrıca maddənin verilməsi, o cümlədən Hesablama Palatasının təşkilati və funksional müstəqilliyə malik olması və onun fəaliyyətinə qanunsuz müdaxilə etməyin yolverilməzliyi, həmçinin dövlət büdcəsindən ona ayrılmış vəsait həddində strukturunu və ştat sayını özünün təsdiq etməsi Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) olan ISSAI 1 (Auditin  Rəhbər  Prinsiplərinin  Lima  Bəyannaməsi) və ISSAI 10-da (AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi) müəyyən edilmiş prinsiplərə tam cavab verir.
Qeyd edilib ki, yeni Qanunda əvvəlki qanunvericilikdən fərqli olaraq  Hesablama Palatasının fəaliyyət istiqamətləri konkret müəyyən edilərək bu istiqamətlər üzrə vəzifə və hüquqları daha əhatəli və dolğun şəkildə verilib ki, bu da Palata tərəfindən aparılan kənar dövlət maliyyə nəzarətinin  keyfiyyətini artırmaqla bərabər dövlət vəsaitlərinin və digər dövlət əmlakının səmərəli şəkildə istifadə edilməsinə nəzarəti tam təmin etmiş olur.
Eyni zamanda, bildirildi ki, yeni Qanun Hesablama Palatası ilə dövlət qurumları arasında elektron inteqrasiya sisteminin genişləndirilməsi ilə hesabatlılığın gücləndirilməsi, dövrü informasiya mübadiləsinin təmin edilməsi, məsafədən auditin aparılması, maliyyə-büdcə nəzarətinin rəqəmsallaşdırılması işlərinin təşkili və başlanılmasına təkan verir.         
Kollegiya iclasında çıxış edən digər məruzəçilər də yeni Qanunun rolu və əhəmiyyəti, Palatanın bundan sonra fəaliyyətinə onun necə təsir edəcəyi, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün atılacaq addımlar və s. bu kimi məsələlər barədə ətraflı məlumat veriblər.

İclasda həmçinin, Hesablama Palatasının tərkibi və işinin təşkili, Qanunun pozulmasına görə məsuliyyət, Palatanın fəaliyyətinin təminatları haqqında Qanunda müəyyən edilmiş məsələlər haqqında məlumat verilib və Kollegiya aşağıdakı məsələlər üzrə tapşırıqları müəyyən edib:

- yeni Qanunda yeni audit növlərinin müəyyən edilməsini nəzərə alaraq, həmçinin,hesabatlılığın və şəffaflığın təmin edilməsi, eləcə də yeni Qanunda Hesablama Palatasının büdcə prosesində iştirakı istiqaməti üzrə fəaliyyətini genişləndirmək məqsədilə Palatanın dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına, müvafiq qanunların layihələrinə və hesabatlara dair rəy verilməsi ilə bağlı işlərinintəkmilləşdirilməsi və bu istiqamət üzrə mövcud metodiki sənədlərin yenilənməsi və yeni metodiki sənədlərin hazırlanması;

- kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi zamanı elektron informasiya sistemlərinə daxil olunması, nəzarət tədbirlərində informasiya texnologiyalarının tətbiq edilməsi,  informasiya sistemlərinin qiymətləndirilməsi, informasiya sistemləri üzrə məlumatların toplanması kimi mühüm səlahiyyətlərin müəyyən olunduğunu nəzərə alaraq bu sahələrdə Palatanın IT istiqaməti üzrə fəaliyyətinin təkmilləşdirilməsi üçün texniki tapşırıqların hazırlanması və yeni proqram təminatlarının alınması;
- yeni Qanunun tətbiqi ilə bağlı qüvvədə olan normativ-hüquqi aktlarda aparılacaq dəyişikliklərlə bağlı təkliflərin hazırlanması. 
Kollegiya iclasında həmçinin,  həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub:

- Dövlət  büdcəsindən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair;

 - İctimai  Televiziya və  Radio  Yayımları  Şirkətinə  dövlət   büdcəsindən    ayrılan  və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditinə dair. 
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Geniş Kollegiya iclasının sonunda Palatanın əməkdaşları Şəkərəliyev Firiş Balış oğluna, Rzayev Zəfər Çobanəli oğluna, Hacıyev İntiqam Qəşəm oğluna,  Əzizov Yaşar Əli oğluna və Ağakişiyev Sənan Şakir oğluna  dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə  Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyevin Sərəncamı ilə təltif edildikləri  medallar   təqdim edilib.