Babək prospekti oktyabra qaldı, obyekt sahibləri isə – Fotolar

Babək prospekti oktyabra qaldı, obyekt sahibləri isə – Fotolar
18:03 13-09-2018 | icon 37

Babək prospektinin tam istifadəyə verilməsi oktyabra qalıb. Bu o deməkdir ki, 4 gün sonra başlanacaq yeni dərs ili ilə bağlı nəqliyyatın hərəkətində əsl müsibət olacaq.

AzEuroNews.com üçün prospektin yenidənqurmasında işləyənlərən öyrənirik ki, son tamamlama işləri gedir, su və kanal xətləri yenilənir.

Amma bu işlər oktyabra qədər davam edəcək. Hazırda Babək prospekti açıqdır, insafən, əvvələ nisbətən tıxaclar azalıb.

Artıq prospektin 6 kilometrə yaxın hissəsində əsas işlər tamamlanmaq üzrədir. Hazırda prospektin 6-cı kilometr hissəsinə ikinci qat asfalt örtüyünün vurulması işləri aparılır.

Bu işlərin yekunlaşmaq üzrə olmasından ən çox sevinən ərazidəki obyektlərdir. İstərsə maşınların təmir sexləri, istərsə mebel və avto salonlar, müxtəlif mağazalar aylardır öləziyən alverin bundan sonra dirçələcəyinə ümidləniblər.

Babək prospektinin 10-cu zavod dairəsi kəsişməsindən hərbi hissəyə qədər olan hissəsində hər iki tərəfdə vəziyyət qənaətbəxşdir. Xətlər çəkilməsə də, asvalt döşənib, daşlar vurulub, nisbətən hərəkət mümkündür.

Sıxlıq da yaranmır, rahat hərəkət mümkündür. Amma keçmiş “Maşın bazarı” istiqaməti olan hissəsində isə, təmir-tikinti işləri davam edir. Sıxlıq da həmin ərazidə yaşanır.

Həmçinin, “Ağ şəhər”dən Babək prospektinə çıxış yolları salınır. “Ağ şəhər” üçün su, qaz, kommunikasiya xətləri çəkilir. Ərazidə aparılan işlər də bununla bağlıdır. Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur.

Prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənib. Bundan başqa mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur.