Nizami RİH müşavirəni saymır: parkı restorana çevirdi – Fotolar

Nizami RİH müşavirəni saymır: parkı restorana çevirdi – Fotolar
11:53 13-07-2018 | icon 1199

Ağacların doğranmasının, yaşıllıqların, səkilərin, dayanacaqların yerini satılmasının dəyişməz ünvanı Bakının Nizami rayonudur.

AzEuroNews.comxəbər verir ki, bu dəfə rayonun M.Əliyev küçəsi, “Xəzər” universitetinin yaxınlığındakı yaşıllığı park adı ilə restorana çeviriblər.

Bu barədə jurnalist İlkin Muradov feysbukda paylaşıb. O, ötən ilə çəkdiyi foto ilə bugünkü fərqi müqayisə edib.

Ötən il Nizami Rayon İcra Hakimiyyəti parkı hasarlayaraq “müvəqqəti narahatlığa görə üzr istəyirik, parkda abadlıq işləri gedir” lövhəsi vurub. Bir il sonra parkda abadlıq işləri necə başa çatıbsa, restorana çevrilib.

Arif Qasımov
Arif Qasımov

Bu da fotoda öz əksini tapır. Amma Nizami RİH başçısı Arif Qasımovun bu ilk belə əməli deyil. Yəni, Nizami sakinləri öyrəşiblər.

Siyəzəndən Nizamiyə təyin aldığı tarixdən etibarə icra başçısı sanki rayondan intiqam alır. Bakının heç bir rayonunda bu qədər özbaşınalıq, dayanacaqların, səkilərin satıldığı faktı qeydə alınmayıb.

Sosial şəbəkə istifadəçiləri də bu fotoların altında şərh yazırlar ki, A.Qasımov Nizamiyə “divan tutur”, yaşıllıqları məhv edir, dayanacaqları satır. Buna görə heç kəsə hesabat vermir.

Elə bir neçə gün əvvəl prezidentin keçirdiyi müşavirədə dayanacaqların satılması barədə sərt çıxışı da məhz Nizami RİH-nə mesaj idi.

Prezident qeyd-şərtsiz olaraq bölgələrin yox, Bakının rayonlarının icra hakimlərinə xəbərdarlıq edirdi.

“Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”.

Prezident qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar:

“Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar.

Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq.

Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın”.