Sahil Babayev: "Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır"

Sahil Babayev: "Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır"
10:28 12-07-2018 | icon 116

Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti ilə görüşüb

 

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti Yoakim Bröyer arasında keçirilən görüşdə nazir Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə olunan nailiyyətlər barədə məlumat verib. S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial təminat sisteminin mütərəqqi beynəlxalq təcrübə, innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi və şəffaflaşdırılması, passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunması və özünüməşğulluq proqramının icrası istiqamətində aparılan işləri qeyd edib.

Nazir əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlarda mötəbər beynəlxalq qurumlardan biri olan, dünyanın 159 ölkəsinin sosial təminat sahəsi ilə bağlı 320-dən çox qurumunu ətrafında birləşdirən BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

Sahil Babayev ötən dövrdə Azərbaycanın BSTA ilə fəal əməkdaşlığının göstəricisi kimi ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini, Assosiasiyanın bir sıra tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Nazir həmçinin iş yerlərində əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, tibbi-sosial və peşə reabilitasiyası, iş yerlərində bədbəxt hadisələrdən və peşə xəstəliklərindən zərər çəkmiş insanların sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərdən bəhs edib.

O qeyd olunan sahədə Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı ilə əməkdaşlığın geniş müstəvidə qurulmasının önəmini qeyd edib: "Azərbaycanda qeyri-rəsmi məşğulluqla bağlı vəziyyət nəzarətimizdədir. Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır".

Onun sözlərinə görə, həmin yerlərdə müqaviləsiz işə cəlbetmə halları aşkar edildikdə cəza tədbirləri görülür.

Nazir xatırladıb ki, prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun imzalayıb və qanun 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamaların aparılmamasını nəzərdə tutur: “Bu sahibkarlığın inkişafına stimul verir. Biz çalışırıq ki, yoxlamaları elektron sistemlər vasitəsilə edək. Yəni, məmur-vətəndaş təması olmasın. Bu sahədə çox ciddi işlər görülür. Yaxın müddətdə görülən işlərin nəticəsi açıqlanacaq. Azərbaycanda özəl pensiya fondlarının yaradılması bizim gündəliyimizdə olan məsələdir".

Onun sözlərinə görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün heç bir məhdudiyyətlər yoxdur: “Düşünürəm ki, bu məsələ kompleks məsələdir. Bu qısamüddətli araşdırma ilə aparılan məsələ deyil. Bu məsələnin araşdırılması uzun müddət tələb edir”.

Nazir deyib ki, Azərbaycan özəl pensiya fondunun inkişafında maraqlıdır: “Bu, Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq. Bu gün Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir”.

Nazir qeyd edib ki, ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik özəl sektordan təkliflər gözləyir.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti Yoakim Bröyer Azərbaycana səfərindən, ölkəmizdə inkişaf proseslərinin şahidi olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın milli sosial təminat sistemində aparılan islahatları maraqla izlədiklərini, bu sahədə, eləcə də əməyin təhlükəsizliyi, tibbi, sosial, peşə reabilitasiyası iş yerlərində bədbəxt hadisələrdən məcburi sığorta və profilaktika sahələrində əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.

Görüşdə “EXPO 2025” Bakı layihəsi ilə bağlı məlumatlandırmanın aparılması üçün BSTA-nın imkanlarından istifadə olunması, BSTA və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı ilə praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi, o cümlədən iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması və reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi sahəsində Almaniya təcrübəsindən faydalanma imkanlarının araşdırılması, sosial təminat sisteminin müxtəlif sahələri üzrə BSTA təlimatlarının tətbiqi,  BSTA-nın 2019-cu ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Regional Forumunun  təşkili və s. məsələlər müzakirə olunub.

Y.Bröyerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə birgə keçirilən görüşdə isə Azərbaycan və Almaniyada əlilliyi olan şəxslərin reabilitasiya sistemləri barədə təqdimatlar edilib.

Tədbirdən sonra S.Babayev və Y.Bröyer birgə  mətbuat konfransı keçirərək Azərbaycan və BSTA, həmçinin Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı arasında mövcud əməkdaşlıq əlaqələri, bu əlaqələrin genişləndirilməsi üçün görüləcək işlər və s. ilə bağlı KİV-ə məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıblar.