Hikmət Hacıyev: Sarkisyanın Kəlbəcərə səfəri təxribatdır

Hikmət Hacıyev: Sarkisyanın Kəlbəcərə səfəri təxribatdır
20:40 13-06-2018 | icon 22

Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Oxu.Az xəbər verir ki, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan cəhdindən başqa bir şey deyil.

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir”, deyə H.Hacıyev vurğulayıb.

XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur: “Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.