İki nazirlik daşımalardan vergi yığımına birgə nəzarət edəcək

İki nazirlik daşımalardan vergi yığımına birgə nəzarət edəcək
17:45 13-06-2018 | icon 28

Bu gün “17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində Vergilər və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.

Sözügedən nazirliklərdən milletinsesi.info-a verilən məlumata görə, protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla, sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması, mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı nəzərdə tutur.

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişləndirilməsidir.

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

L.Ə.