ADR–100: Qarabağda üsyan

ADR–100: Qarabağda üsyan
22:05 23-05-2018 | icon 25

milletinsesi.info Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalədə mart 1920-ci il hadisələrinə yer verilib.

Əsgərlər arasında savadlılığı artırmaq məqsədilə martın 3-də hərb nazirinin əmri ilə orduda yeni anadilli batalyon və alay məktəbləri yaradıldı. Əmrə əsasən, hər bölükdən məktəblərə 10-15 nəfər göndərilməli idi. Alay məktəbində savadlılıqla yanaşı, hesablamanın dörd qaydası və türk xalqları tarixi öyrədilirdi.

Buna baxmayaraq, martda ordunun əsas problem təhsil deyil, Ermənistanla sərhəddəki hərbi-siyasi vəziyyət idi. Martın 15-də Dövlət Müdafiə Komitəsi Qarabağda strateji məntəqələrin tutulması ilə bağlı qərar verdi. Bu qərarın verilməsində məqsəd erməni hərbçilərinin hərəkətinə, onların Qarabağ və Zəngəzurdakı ermənilərlə birləşməsinə maneə törətmək, eləcə də, Dağlıq Qarabağda ermənilərin qiyamı üçün yarana biləcək əlverişli strateji şəraitin qarşısını almaqdan ibarət idi.

Məlum oldu ki, bu tədbirlər heç də tez deyildi. Belə ki, Qarabağ general-qubernatoru X.Sultanov yazırdı:

“Martın 23-də ermənilər gecə 02:30-da Xankəndindəki hərbi hissəmizə hücum etdi. Ermənilərin Şuşaya hücumu ilə toqquşmalar başladı. Şuşa Şuşakənddən bombardman edilir. Ağdam-Şuşa teleqraf xətti qırılıb. İnsidentin aradan qaldırılması üçün tədbirlər görülür.

Qəzəblənmiş əhali itaətdən çıxır. Dəstə rəisi tərəfindən hərbi-səhra məhkəməsi təsis edilib. İnsanlardan və rəislərdən kömək istəyirəm”.

Digər hərbi nümayəndələrin sözlərinə görə, ermənilər Şuşa, Xankəndi, Tərtər və Əsgərandakı hərbi hissələrimizə hücum təşkil etdi. Əsgəranda ermənilər 50 nəfərdən ibarət yatmış əsgərlərə hücum etdi, onları əsir götürdü və Əsgəran mövqeyini tutdu, digər mövqelərdə isə ermənilər ağır itki verdi.

Hökumət sabitliyin bərpası və günahkarların cəzalandırılması üçün tədbirlər həyata keçirməyə başladı. Hadisələr sürətlə inkişaf edirdi.

Martın 29-u səhər yayımlanan əməliyyat-kəşfiyyat hesabatında deyilirdi:

“Tərtər istiqamətində uğur qazanıldı. Əsgəran bölgəsində qoşun qruplaşması gedir, Karyagin rayonunda isə bizim partizanlar bir neçə erməni kəndini ələ keçirdi. Təfərrüat açıqlanmır.

Cəbrayıl istiqamətində düşmənin bütün hücumları dəf edilib, əks-hücum üçün hazırlıqlar davam edir. Şuşa və Xankəndi istiqamətində vəziyyət stabildir. Düşmən qüvvələrini Zəngəzura toplayır. Kəşfiyyat məlumatlarına görə, ermənilər süvarı qoşunlarını Qerusda polkovnik Kazarovun komandanlığı altında saxlayır”.

Ən çox mübahisə doğuran məsələ Şuşada baş verən hadisələr idi. Erməni tərəfi bildirirdi ki, martın 22-dən 23-nə keçən gecə azərbaycanlıları qəfil tutmaq üçün Şuşa, Əsgəran və Xankəndiyə hücumlar eyni zamanda başlamalı idi.

Şuşada Nerses Azbekyanın rəhbərlik etdiyi 100 nəfərdən ibarət erməni milis dəstəsi erməni məhəlləsindəki Azərbaycan qarnizonuna və martın 22-də Varanda gəlmiş milis dəstələrinə hücum etməli idi. Ancaq plan alınmadı: varandlılar döyüşməyə başladı və səhərə yaxın yalnız bir neçə azərbaycanlı zabit həbs edildi.

Səhərə qədər davam edən döyüşlər Xankəndində ermənilərin məğlubiyyəti xəbərindən sonra dayandırıldı.

Döyüşlərə rəhbərlik edən X.Sultanov martın 31-də bildirirdi:

“Zəngəzurdakı ermənilər Şuşa və Xankəndi qarnizonunu təhdid edirdilər. Onlar Əsgəranın bağlı olmasından istifadə edərək, güc vasitəsilə Şuşa və Xankəndini ələ keçirmək istəyirdilər”.

O, Ağdama kömək və partizanlara silah istədi. Partizanlar bu döyüşlərdə böyük rol oynayırdı, ancaq onlara qarşı münasibətlər fərqli idi. Belə ki, qərargah rəisi general Səlimov hərb naziri S.Mehmandarovla görüşü zamanı nizamsız paritaz dəstələrini “yararsız” adlandırdı və bildirdi ki, onlara silah-sursat vermək faydasızdır.

Azərbaycanın digər qonşuları ilə münasibətləri qeyri-müəyyən idi. Belə ki, 1920-ci il martın 20-də Azərbaycanla İran arasında sülh və dostluqla bağlı saziş imzalandı. Sazişdə İran tərəfi Azərbaycanın müstəqilliyini “de-yure” tanıyırdı.

Tərəflər arasında gömrük, ticarət, poçt-teleqraf və konsul əlaqələri sahələrində də razılaşmalar imzalandı. Rusiya ilə münasibətlər fərqli formada inkişaf edirdi. Belə ki, V.İ.Lenin martın 17-də Qafqaz cəbhəsinin hərbi-inqilab şurasına teleqram göndərdi:

“Bakının ələ keçirilməsi bizim üçün çox vacibdir. Bütün səylərinizi buna yönəldin”.

Leninin istəyinə baxmayaraq, Rusiya Sovet Federativ Sosialist Respublikasının bütün silahlı qüvvələrinin baş komandanının martın 20-də göndərdiyi cavab teleqramında bildirilirdi:

“Qafqaz cəbhəsi qüvvələri hazırda hücuma hazır deyil, bundan başqa, Gürcüstan və Azərbaycan hücuma qarşı tədbir görübsə, uğursuzluqla qarşılaşacağıq”.

Sənəddə qeyd edilirdi ki, rus qoşunlarının yaxınlaşması zamanı əgər bu respublikalardan ən azı birinin daxilində inqilab baş versə, bu, hücumda Rusiyaya yardım edə bilər.

Martın 23-də S.S.Kamenev hesabatında Qırmızı Ordunun Qafqazdakı bölməsinin Bakıya hücum üçün hazırlıqlara başladığını bildirdi.

Bolşeviklərə qarşı mübarizə gücləndirilirdi. Belə ki, 1920-ci il martın 15-də polis bolşevik təşviqatçılar D.Bünyadzadə, K.İsmayılov, S.Fətəlizadə və digərlərini həbs etdi və fəhlə klubunu bağladı. 1920-ci il martın 23-də A.Bayramov deputat Ə.Qarayevin evində polis tərəfindən öldürüldü. Onun öldürülməsi may ayında Sovet hökuməti qarşısında ADR hökumətinin rəhbərlərinə qarşı məhkəmə işlərindən biri oldu.

Hökumətin güc strukturları bolşeviklərlə mübarizə aparsalar da, bu hökumətin özünün möhkəmləndirilməsinə təsir etmədi. Hacınskinin istefasından sonra partiya fraksiyaları arasında danışıqlar nəticəsiz qaldı. Bu isə “İttihad” partiyasının “Müsavat”ı qanunsuz qəsbkarlıqda ittiham etməsinə səbəb oldu.

Martın 20-də sosialist nazir Ə.Pepinov parlamentin növbəti iclasında Fəhlə klubunun bağlanmasına və həbslərə etiraz etdi. Nazir tərəfindən təklif edilən məsələlər parlamentin böyük qismi tərəfindən müzakirə edilmədi.

Əmək və torpaq islahatları qəbul edilmədi. Həmin vaxt Ə.Pepinov parlamentin növbəti iclasında istefa verdiyini açıqladı. Bu, ADR-in son hökumət böhranının ilk addımlarından oldu.

“İttihad”və “Əhrar” partiyaları, o cümlədən sosialist fraksiyaları bir-biriləri və bolşeviklərlə danışıqlara başladı. Artıq məlum olurdu ki, hökumət istefaya getməlidir. 

Martın 10-da İtaliya hərbi missiyası Azərbaycanda fəaliyyətini dayandırdı. O, İtaliya siyasi agentliyi ilə əvəz olundu. Bundan əvvəl, martın 5-də hökumət Paris Sülh heyətinin və Avropa ölkələri yanında diplomatik hökumətin onun transformasiyasının ləğv olunması haqqında qərar qəbul etdi.

Rusiya bolşevikləri ilə münasibətlər təkcə notalarla kifayətlənmirdi. Belə ki, Bakıdakı menşeviklərin “İskra” qəzetinin məlumatında deyilirdi:

“Ümumrusiya İstehlakçılar Cəmiyyətinin mərkəzi bürosu Azərbaycan hökuməti ilə ticarət əlaqələrinin bərpası ilə bağlı razılaşma imzaladı”.

Azərbaycan hökuməti bu məqsədlər üçün Bakı Dəniz Donanmasından istifadə olunmasına razılıq verdi. Bu razılaşmaya RSFSR Ali Xalq Təsərrüfatı Şurası tərəfindən aprelin 1-2-nə kimi cavab verilməli idi.

Həmin gün ticarət, sənaye və ərzaq nazirinə yeni müqavilələr bağlamaqla bağlı razılıq verildi: Fransa hökuməti ilə hər tonuna 480,56 frank olmaqla, 5 min ton ağ neft, anqlo-sakslara hər tonuna 8 funt olmaqla, 30 min ton neft neft məhsulları, Xəzər tərəfdaşlığına və Nobel qardaşlarına hər tonuna 8 funt olmaqla, 1 milyon pud neft və Britaniya hökumətinə hər tonuna 8,25 funt olmaqla, 500 min ton neft satılması ilə bağlı saziş imzalandı.

Azərbaycan hökumətinin Fransa və İtaliya ilə razılaşmalarına baxmayaraq, ingilislər hələ də neft satışına nəzarət edirdi. Belə ki Batuma bütün neft ixracına nəzarəti əlinə almış Britaniya Neft Administrasiyası 1920-ci ilin yazında bəyan etdi ki, ancaq mazutun ixracına icazə veriləcək və Bakıdan çıxan bütün mazut məhsullarının üzərində Britaniya Neft Administrasiyasının Bakıdakı rəhbəri kapitan Kukun imzası olmalıdır. Buna görə martın sonları ADR üçün yaxşı heç nə vəd etmirdi.

Cavad bəy Məlik-Yeqanov
(1878-1942)

Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olub. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində alıb, sonra texniki məktəbi bitirib.

Rus, fars, alman, gürcü, erməni dillərini mükəmməl bilib. 1903-cü ildə Bakıya köçüb. Bakının neft mədənlərində işləyib, inqilabi hərəkatda iştirak edib. “Hümmət” təşkilatının üzvü olub.

1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilib. 1910-cu ildə həbsxanadan çıxıb və öz kəndinə qayıdıb. Orada o ədəbiyyat və ictimai fəaliyyətlə məşğul olub. O, burada ailə həyatı qurub.

1914-cü ildə yenidən Bakıya qayıdıb, “Şibayev” neft şirkətinin neft mədənində işləyib. Fevral inqilabından sonra “Müsavat” partiyasının sıralarına daxil olub. Partiyanın birinci qurultayında fəal iştirak edib.

Məlik-Yeqanov Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvü olub. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atıb, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olub.

Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezam edilib, qayıdanda isə fəhlə kütləsi qarşısında hesabat verib. 1919-cu ilin sonların “Müsavat” partiyasının sol qanadını yaradıb və onun rəhbəri olub.

Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilib və Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtlərinin imzalanmasında böyük rol oynayıb. Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində müstəsna rolu olub.

1919-cu ilin sonu və 1920-ci ilin əvvəlində o, ölkənin Həmkarlar İttifaqları Şurasına rəhbərlik edib və fəaliyyətinin əsas hissəsini əmək məsələsi təşkil edib. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi olub.

1920-ci ilin aprelində Sovet hakimiyyətini qəbul edib və ölkədə qalıb. 1920-ci il mayın 11-də həbs edilib, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunub, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılıb.

20-ci illərdə o, Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib və bir neçə dövlət idarəsində – Xalq Əmək Komissarlığı, əmək birjasında, trestin tikintisində, N. Nərimanov adına sənaye texnikumunda, “Baktoplivo” trestində çalışıb.

Aprel işğalından sonra altı dəfə həbs edilib, ancaq hər dəfə azadlığa çıxıb. Sonuncu dəfə 1930-cu ildə həbs edilən Cavad bəy 10 il müddətinə sürgün edilib. Onu Solovkiyə göndəriblər.

1937-ci il noyabrın 20-də “58-11. Əksinqilabi cinayətlərin törədilməsini nəzərdə tutmuş və ya bunun hazırlanmasına yönəlmiş hər cür təşkilati fəaliyyət” maddəsi ilə ittiham olunub.

Cavad bəy Məlik-Yeqanov 1942-ci ildə sürgündə vəfat edib. 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilib.

Toğrul Maşallı