Şair Zahir Abbas: “Elə bilirdik yaxın vaxtlarda Laçına qayıdacağıq” - MÜSAHİBƏ

Şair Zahir Abbas: “Elə bilirdik yaxın vaxtlarda Laçına qayıdacağıq” - MÜSAHİBƏ
15:25 18-05-2018 | icon 478

Laçın toylarında icarəyə götürülən çadır heç vaxt geri qaytarılmırdı” “Məhəbbət Kazımovun bircə arzusu vardı: Laçındakı uçuq komasına gedib, doyunca ağı demək”

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsindən 26 il ötür.


Modern.az
 saytı Laçının işğal günündə əslən Laçından olan tanınmış şair Zahir Abbasla həmsöhbət olub.

- Zahir müəllim, Laçının  işğalı ərəfəsində görüşürük. 26 ildir ki, Laçın yoxdur. Doğulduğunuz yurdu necə xatırlayırsınız?

-Hardasa 7-ci, ya da 8-ci sinifdə oxuyarkən Laçından məcburən ayrılmalı oldum. Desəm ki, o illər yaddaşımda yuxu kimi qalıb, bu, yuxuya da bənzəmir. Çünki yuxunun bir sonu olur. Laçından ayrıldığımız  günlər bu gün də yadımızdadır. Elə bil hava da, təbiət də, insanlar da bizdən üz döndərmişdi. Bəzən kimlərsə bu savaşda laçınlıları qınayır, bəziləri də haqq qazandırır. Təəssüf ki, taleyimizə o yurddan ayrılmaq yazıldı. Uşaqlığımın ən gözəl çağları və ömrümün ən gözəl yuxusu Laçında qaldı. İnanıram ki, bu yuxu bir gün gerçək olacaq. Nə qədər mahnılar, şeirlər yazılsa da Laçınsızlığı heç nə ilə ovutmaq olmur. Yaxın dostlarımın yurduna, ocağına qonaq gedəndə insanları yurdlu, ocaqlı  görəndə içimdən ağ paxıllıq keçir. Ya da deyirəm ki, yox, bizdə hər şey bundan yaxşı və fərqli idi. Bilirsiz, vətənsizlik, yurdsuzluq insanı bu cür düşünməyə vadar edir. Ömrümün 40-cı baharındayam. Hərdən fikirləşirəm ki, 5 ildən sonra atamın köçkün həyatını yaşamağa başladığı yaşa çatacam. Laçından köçkün düşəndə atamın 45 yaşı vardı.  

- Nədənsə Laçınsızlığı  ən çox mərhum xanəndə Məhəbbət Kazımovun ifasında daha dərindən xatırlayırıq. Laçınımdeyə-deyə dünyadan köçdü. Onun rəhmətə getməsi ilə “bir Laçın sevdalısı da dünyadan köçdü” deyib ah çəkdinizmi?


- Məhəbbətlə 17 il çörək kəsmişəm. O ahı indi də çəkirəm. Allah hər ikisinə rəhmət eləsin. Dayım Yaşar Şamilov respublikanın əməkdar ustası idi. Məhəbbət Kazımovla yaxın dost idilər. Bir gün dayım mənə zəng edib Məhəbbət müəllimlə  görüşməyi təklif etdi.  O zaman tələbə idim. Nömrəsini verdi və ona zəng etməyimi istədi. Məhəbbət müəllimlə AzTV-nin çəkiliş meydançasında tanış olduq. Düzü, Məhəbbət müəllim də yanına getməməyimə təəccüb etmişdi. Görüşəndə “dayına dediyin kimi mənə də “dayı” de” söylədi.  O vaxtdan hamı bizi dayı-bacıoğlu bilirdi. Bir əhvalat danışım. Ölümünə az qalmış mənə zəng elədi. “Yuxuda gördüm ki, Laçına qayıdıram.  İstəyirəm ki, bunu misralarda yaşadasan” dedi. O, bunu çox istəyirdi. Nə isə... Mən şeiri yazdım. Məhəbbət müəllim isə mahnı bəstələyəcəyini dedi. Hər dəfə telefonda danışanda mahnını zümzümə edirdi. Təəssüf ki, ölüm bu mahnının üzə çıxmasına imkan vermədi. 

- Artıq  “Laçınım” mahnısı Laçının himninə çevrilib. Laçını elə içdən anladırdı ki! mahnının yaranma tarixini də bilmək maraqlı olardı. Necə oldu ki, Məhəbbət müəllim  “Laçınım” mahnısını oxudu?

- Məhəbbət Kazımov tükündən dırnağına qədər vətənə bağlı insan idi. “Laçınım” mahnısının çox maraqlı tarixçəsi var. Bəzi insanlar fərqli danışıb fərqli hərəkət edirlər. Məhəbbət isə necə danışırdısa, elə də vardı. Necə vardısa, elə də danışırdı. Binəqədi rayonunda onun bir kafesi vardı. Bütün sənət adamları ora toplaşırdı. Bir dəfə polis işçisi ona yaxşınlaşıb Laçına şeir yazdığını bildirdi. Düzü, Laçından olmayan birisinin o yurdu necə təqdim edə bilməsi mənə qəribə gəldi. Heç demə, mahnının sözlərinin müəllifi əslən Laçından olan birisi imiş - coğrafiya müəllimi Osman Alıyev. Təsəvvür edin, bu insan Laçının xəritəsini qələmlə çəkmişdi. İllər keçəndən sonra Osman müəllimlə Məhəbbət müəllimi görüşdürdüm. Osman müəllim dedi ki, “Məhəbbət, hər bir şeir mənim balamdır. Mən balamı şikəst dünyaya gətirmişəmsə və sən onu müalicə etmisənsə, mənim balam sənin balandı”. 
Məhəbbət müəllim sonradan bütün arxivləri dəyişdirib mahnının sözlərinin müəllifi kimi Osman müəllimin adını yazdırdı. 

-Amma  o torpaqlara geri dönə bilmədən bu dünyadan köçdü. Hər halda, onun yoxluğu sizi çox incidər...

- Təbii, incidir. O, ölümünə hazırlaşmışdı.  Həmişə deyirdi ki, “mən öləndən sonra daha çox seviləcəm. Öləndən sonra adıma çox söz deyiləcək. Bir şeyi bilirəm ki, öləndən sonra nəğmələrim Laçında daha çox oxunacaq. Xalq məni daha çox sevəcək”. Rəhmətliyin belə bir xüsusiyyəti vardı. Heç vaxt ehsan yeməyi xoşlamazdı. Ən yaxın dostunun, ən yaxın insanının yas mərasimində saatlarla oturardı. Süfrəyə yemək gələndə “məni bağışlayın” deyib çıxıb gedərdi. 
Ölümdən qorxmurdu. Bircə arzusu vardı: Laçındakı uçuq komasına gedib, doyunca ağı demək. Onun taleyində qəribəliklər çox olmuşdu. Hətta, böyük qardaşı Əhliyət müəllimin yerinə hərbi xidmətə gedib əsgərlik çəkmişdi. Sonra da öz yerinə getmişdi. Onunla bağlı ən gözəl xatirələri xanəndə Ehtiram Hüseynov danışa bilər. Ehtiramın Məhəbbət Kazımov üçün etdiyi hərəkəti heç kim etməzdi. Ümid edirəm, bir gün Ehtiram bunu açıqlayar.


- O vaxta qədər gec olar. Çox istərdik ki, o məsələnin nə olduğunu siz açıqlayasız. 

- Çox istərdim, bunu Ehtiram özü açıqlasın. Amma bir halda ki, israr edirsiz, deyim:  Ehtiramın etdiyini heç ağsaqqal da etməzdi. Məhəbbət Kazımovun qohumlarının bir qismi Bərdədə, bir qismi isə Bakının kəndində məskunlaşıb. Böyük qardaşı Kazım Oğuzda dəfn olunub. Qohumların hər biri  Məhəbbəti öz yaxınlarında dəfn etmək istəyirdi. Təbii, bu da istəkdən irəli gəlirdi. Yadımdadır ki, Ehtiram Sumqayıtın indiki icra başçısı Zakir Fərəcova (O vaxtlar Abşeron rayon icra başçısı idi-N.B.) zəng edib xahiş etdi ki, rayonun ağsaqqalı kimi bizim önümüzdə dayanın. Zakir Fərəcov Məhəbbət Kazımovun dəfn mərasimini üzərinə götürdü və onu Abşeron qəbiristanlığında dəfn etdirdi. Bakı və Bakıətrafı yerlərdə məskunlaşan hər bir laçınlının ziyarətgah yerini yaxınlaşdırdı. Sonradan Məhəbbətin qardaşları Ehtirama təşəkkür etdilər. Bir sözlə, Məhəbbət Kazımov məhəbbətə layiq səviyyədə dəfn olundu. 

- Laçını tərk edəndə məktəbli olduğunuzu dediniz. Güman ki, Laçınla bağlı xatirələrinizin bir guşəsində yurdunuzun adət-ənənələri qalır. Deyirlər Laçında 3 gün 3 gecə toy olurmuş...

- Doğrudur. Toylarımız 5-ci gün başlayıb bazar günü axşamı yekunlaşardı. Əsasən kiçik toylarımız ara günlərə təsadüf edərdi. 5-ci gün gənclər, 6-cı gün ağsaqqallar bazar günü isə kənar rayonlardan gələnlər toyda iştirak edərdi. Laçın toylarında icarəyə götürülən çadır heç vaxt geri qaytarılmırdı. Çünki bəy mağara daxil olarkən havaya güllə atılırdı. Bu zaman deşik-deşik olan çadırı geri qaytarmaq olmazdı. 
Yas adətlərimiz də vardı. Dünyasını dəyişən cavan adam idisə, il ərzində kənddə toy ola bilməzdi. Yaşlı adam dünyasını dəyişəndə isə mütləq toy etmək üçün icazə alınırdı.

- Təəssüf ki, Laçın işğal olunandan sonra taleyinizə köçkünlük  həyatı yazıldı. İlk məskunlaşdığınız yeri xatırlayırsınızmı? Məcburi köçkün olaraq ilk illərdə harda məskunlaşmışdınız?

- O günləri unutmaq olmaz axı!.. Laçından çıxanda evdən heç nə götürə bilmədik. Ancaq mal-qaranı çıxara bildik. Laçınlıların məşğuliyyəti heyvandarlıq idi, amma bizim mal-qaraya başqası baxırdı. Atam-anam müəllim olduğu üçün heyvandarlıqla məşğul olmaq çətin idi. Nə isə... Gətirdiyimiz həmin heyvanları satanda xeyli pul etdi. Ev almaq istəyəndə atam etirazını bildirdi. Dedi ki, “icra başçısı ilə görüşəndə yaxın vaxtlarda Laçına qayıdacağımızı söylədi”. 
Amma qayıda bilmədik. İnanın, gətirdiyimiz adi bağlamanı aylarla açmadıq ki, onsuz da qayıdacağıq da!.. İndi hər gecə Laçına qayıdırıq. Həmçinin, o mühitdən bu mühitə düşdüyümüz üçün canımızı götürüb qaçmaq istəyirdik. O vaxtlar Sumqayıtda Politexnik İnstitutunun yataqxanası vardı. O günlər çox çətin  idi. Çətin günün ömrü az olar. Təsəvvür edin. Birotaqlı ev şəraitində yaşayırdıqsa, aradan bir müddət keçəndən sonra həmin bir otaqdan 4 tələbə instituta gedib-gəlirdik. Atamın ən böyük arzusu bizi təhsilli görmək idi.

Uşaqlığım çox dəcəl keçib deyə, oxumaq istəmirdim. Şəhərli dostlarım vardı. Onlarla birgə ticarətlə məşğul olmağa başladım. Gördüm ki, yaxşı pul qazanmaq mümkündür, təhsil almaq barədə düşünmürdüm. Atam mənə dedi ki, “təhsilini mütləq al, sonra get ticarətini et. Təhsilli ticarətçi ol”. Təhsil aldığım üçün atama minnətdaram. 


- Təhsil alsanız da, yaradıcı sferada daha çox tanındınız. Bəs ədəbi mühitə necə gəldiniz?

- Uşaqlıqdan cızma-qara edirdim. Amma məni ədəbiyyata gətirən Nüsrət Kəzəmənlinin şeirləri oldu. 

- Nüsrət Kəsəmənli daha çox məhəbbət şairi kimi tanınır. Haqqında ən çox söhbətlər dolaşan şairlərdəndir. Demək olarmı,  sizin də yaradıcılığnızda sevgi qırmızı xətlə keçir?

- Onun bütün şeirlərini oxumuşam. Oxuduqca özüm də sevgi şeirləri yazmağa başladım. Hətta Nüsrət Kəsəmənlinin sözlərinə yazılmış ən gözəl mahnıları Nazpəri Dostəliyeva ifa edib. Beləliklə, Nazpəri Dostəliyevanı dinləməyə başladım. 
AzTV-də “Xoş gəlmisiniz” verilişi vardı. Nazpəri xanım qonaq idi. Ona şeir həsr etmişdim. Şeiri zaldan oxumağımı israr etdi və mən də oxudum. Sonra nömrəsini verdi. Beləcə, sənət aləminə gəlişim bu cür baş verdi. Nazpəri xanımla uzun sürən dostluq dönəmlərində Nüsrət Kəsəmənli ilə görüşmək istədiyimi dedim. Böyük məmnuniyyətlə bizim görüşməyimizi gerçəkləşdirdi. Nüsrət Kəsəmənli kimin üçünsə enlikürək, yaraşıqlı ola bilər. Mənim üçün isə müqəddəsdir. O mənə həyatda çox yaxşı yollar göstərib. Bir dəfə Nüsrət müəllimlə aramızda inciklik yaranmışdı. Mənə yalan danışmışdı. Mən də tez küsən idim. Ondan uzaqlaşıb televiziyaya getdim. Televiziya kanallarında proqramlar, konsertlər təşkil etməyə başladım. Bir dəfə çəkilişdə idim. Qəfildən kimsə əlləri ilə gözlərimi tutdu. Bu zaman siqaretin iyi məni vurdu. Heç demə Nüsrət Kəsəmənli imiş. Mənə dedi ki “küsüb getmisən. Gəlmişəm ki, barışaq. Gedirəm”. Hara getdiyini soruşanda ölümə getdiyini söylədi. İrana müalicəyə gedirdi. “Görünən qəfəsimdir. İçim boşdur. Dəhşət ağrıyıram” söylədi.

- 2000-ci illərdə  mətbuat səhifələrində Nüsrət Kəsəmənli kəskin tənqid olunurdu. Səhv etmirəmsə, bir müddət sonra xəstəliyi üzə çıxdı. İddialara görə, Nüsrət Kəsəmənli qadınlar haqqında belə deyibmiş:  “Qadın soyunduqca, gözəlləşər. Çadralı qadın pinqvindir”. Bu sözlərinə görə insanlar onu tərbiyəsiz şair kimi tanımağa başladılar. Əslində, nə baş vermişdi?


- Nüsrət Kəsəmənli elə söz deməyib. Sadəcə, bu, o vaxt jurnalistin populyarlaşması üçün yazdığı yazıydı. O vaxtlar “Gözəllik müsabiqəsi” keçirilirdi. Nüsrət Kəsəmənli həmin müsabiqədə münsiflər heyətinin üzvlərindən biri idi. Guya, Nüsrət müəllim orada deyib ki, açıq-saçıq geyimin tərəfdarıdır. Halbuki, Nüsrət müəllim heç yerdə belə söz deməmişdi. Guya deyib ki, çarşablı qadın pinqvindir. Elə söz də deməyib. Jurnalist də yazıb ki, məgər sənin nənən çarşab taxmırdı ki?! Son ümid yeri kimi atanla anan ayrılanda nənənin üstünə qaçmısan və “atalar, analar səhv eləyəndə, yaxşı ki, dünyada nənələr varmış” yazmısan.

Nüsrətin bir müsahibəsi vardə, deyirdi ki, “insan nə qədər ki pul qazanmır, istədikləri onun çevrəsindədir. Elə ki, əli pula çatıb kiminsə qulluğunda olmaq istəyəndə əzrayıl onu aparır. Mən nənəmin qulluğunda durmaq istəyirdim, ata-anamın yox”. Jurnalist ondan soruşanda ki “sizin üçün ana məfhumu nədir?”, o da cavabında “mənim üçün nənə məfhumu var” deyib. 


- Deyilənlərə görə Nüsrət Kəsəmənlinin şəxsi həyatında da nahamar məqamlar olub.

- Nüsrət Kəsəmənlinin həyatında 2 sevgilisi olub. Biri Sevda, biri də Rahilə.. 

Nələri görüb getmişdim
Ürək alıb, ürək qırıb getmişdim,
İki qıza könül verib getmişdim
Qayıdanda biri vardı, biri yox!

“Bakı” qəzetində çalışanda Sevda ilə tanış olub. Universitetdə oxuyanda isə Rahilə xanımla tanış olub. Sevda çox imkanlı, Nüsrət isə olduqca kasıb ailədə böyüyüb. Nüsrət kasıb olduğundan Sevdanın anası bu izdivaca mane olub. Amma Nüsrət müəllim başqa cür danışırdı. Deyirdi ki, Sevdanın ailə qurmasına tibbi icazə yox idi. Sevda xəstə olanda nişanlısı yox, Nüsrət onun başının üstünü kəsdirib. Yadımdadır ki, qəbiristanlıqda məzarının ətrafındakı ot-ələfi təmizləyib üstündə belə bir şeir oxudu. 

Mənəm daş daşıyan bu məhəbbətə
Etmiş daş-qaşıyam bu məhəbbətə
Özüm başdaşıyam bu məhəbbətə
Bir Sevda ağlayır içimdə mənim.

Həmən Sevdadır o. Rahilə xanım bunları bilirdi və Nüsrət müəllimi qısqanmırdı. Yaradıcı adamlar obraza girəndə xalqındır. Onu da deyim ki, Nüsrət müəllim heç Rahilə xanımı sevməsəydi, onunla evlənməzdi. 

- Bir az da yaradıcılığınızdan danışaq.  Şeirlərinizə yazılan mahnılara görə maddi qazanc əldə edə bilirsizmi?

- Çox qəribədir ki, şairin, bəstəkarın qəbul etmədiyi müğənnini cəmiyyət qəbul edir. Məsələn, ən çox qonararı müğənni Damlaya görə almışam. Halbuki, bu gün cəmiyyətdə Damlaya ikili münasibət var. Onun üçün ilk mahnını da biz yazmışıq. “O mənəm” mahnısının sözlərini mən yazmışam. Düzü, bəstəkar Arif musiqini mənə təqdim edəndə qulaq asa bilmədim. Özünə də dedim. Sonra gördüm ki, bu mahnı xalq tərəfindən qəbul olundu. Bu gün də o mahnıya sakit qulaq asa bilmirəm. Çünki mənim bəyəndiyim musiqi deyil. Həmin mahnıları Zəngimcell xidmətinə yükləyirlər. Zəngimcell xidməti Müəllif Hüquqları Agentliyinə pul ödəyir. Həmin pulun 55%-i şairə, 45%-i isə bəstəkara çatır. Müğənniyə heç nə çatmır. Bəzən müğənnilər deyir ki, bayağı ifa etməyəndə toya çağırmırlar. Yəni belə hallar da olur. 
Yataqxanada yaşayırdıq, yaradıcı işlərlə məşğul olmaq çətin idi. Özümə bir ayaqqabı almışdım. Beynimə yeni bir şeir gəlmişdi. Fikirləşdim ki, kağız tapana qədər bu ideya beynimdən itəcək. Qələmi əlimə alıb şeiri ayaqqabının arxasına yazdım. Sonradan həmin şeir çox məşhur mahnıya çevrildi. Bəstəkarı Sevda Məmmədli idi. Baloğlan Əşrəfov isə ifa etdi. “Əllərim əlinə dəymir nə vaxtdır” mahnısının belə maraqlı tarixçəsi oldu.