Portuqaliyaya çempionluq qazandırmış futbolçu mundiala aparılmayacaq

Portuqaliyaya çempionluq qazandırmış futbolçu mundiala aparılmayacaq
11:56 18-05-2018 | icon 22

Portuqaliya milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

milletinsesi.info xəbər verir ki, baş məşqçi Fernandu Santuj 23 nəfərlik siyahıya 2016-cı il Avropa çempionatının finalında Fransa yığmasının qapısına qələbə topunu vurmuş Ederi daxil etməyib.

Halbuki Moskva “Lokomotiv”inin hücumçusu Ederin adı öncədən açıqlanmış geniş heyətdə olub. Eyni zamanda, “Latsio”da icarə əsasında çıxış edən Nani də yekun heyətə düşməyib.

Bundan başqa, “Fənərbaxça”dan Luis Netu, “Barselona”dan Nelson Semedu və Andre Qomeş, “İnter”dən Juau Kanselu da yekun siyahıdan kənar qalan futbolçular olub. Müqavilə ilə “Real”a məxsus olan “Sportinq”in müdafiəçisi Fabyu Kuentrau isə yaxşı formada olmadığı üçün mundiala getmək istəmədiyini bildirib.

Qapıçılar: Antoni Lopeş (“Lion”, Fransa), Betu (“Göztəpə”, Türkiyə), Ruy Patrisyu (“Sportinq”);

Müdafiəçilər: Brunu Alveş (“Reyncers”, Şotlandiya), Sedrik Suareş (“Sauthempton”, İngiltərə), Juze Fonte (“Dalyan Yifanq”, Çin), Maryu Ruy (“Napoli”, İtaliya), Pepe (“Beşiktaş”, Türkiyə), Rafael Qireyru (“Borusiya” Dortmund, Almaniya), Rikardu Pereyra (“Portu”), Ruben Diaş (“Benfika”);

Yarımmüdafiəçilər: Adrien Silva (“Lester”, İngiltərə), Brunu Fernandeş, Vilyam Karvalyu (hər ikisi “Sportinq”), Juau Maryu (“Vest Hem”, İngiltərə), Juau Moutinyu (“Monako”, Fransa), Manuel Fernandeş (“Lokomotiv”, Rusiya);

Hücumçular: Andre Silva (“Milan”, İtaliya), Bernardu Silva (“Mançester Siti”, İngiltərə), Kriştyanu Ronaldu (“Real”, İspaniya), Jelson Martinş (“Sportinq”), Qonsalu Qedeş (“Valensiya”, İspaniya), Rikardu Kuarejma (“Beşiktaş”, Türkiyə).

Qeyd edək ki, Portuqaliya millisi İspaniya, İran və Mərakeşlə eyni qrupda yer alıb. Portuqallar mundiala qədər üç yoxlama oyunu – Tunis, Belçika və Əlcəzairlə matçlar keçirəcək.

S.T.