Kriptovalyutalarla bağlı əməliyyatlar vergiyə cəlb ediləcək

Kriptovalyutalarla bağlı əməliyyatlar vergiyə cəlb ediləcək
11:25 17-05-2018 | icon 16

Kriptovalyutalarla əməliyyatlar fiziki şəxslər arasında aparılır və bunlar qeyri-sahibkarlıq fəaliyyətinə aiddir.

milletinsesi.info xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik” mövzusunda forumda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

O bildirib ki, vergi qanunvericiliyinə əsasən, rezident vergi ödəyicisinin gəliri Azərbaycan Respublikası ərazisində və ölkə hüdudlarındakı gəlirlərdən ibarətdir.

Qeyri-rezident vergi ödəyicisinin gəliri isə Respublikada mənbəyindən əldən edilən gəlirdən ibarətdir. Kriptovalyutalarla bağlı əməliyyatların vergiyə cəlb edilmə məsələsinə gəlincə, o qeyd edib  ki, bu əməliyyatlar fiziki şəxslər arasında aparılır və qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə daxil edilir.

“Həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər”.

Leyla Əliyeva