“Nazirlər vəzifədə olanda cəzalandırılsa, bu digərlərinə də dərs olar” – Vahid Əhmədov

“Nazirlər vəzifədə olanda cəzalandırılsa, bu digərlərinə də dərs olar” – Vahid Əhmədov
10:57 17-05-2018 | icon 89
Milli Məclisin deputatı Vahid Əhmədov 181 ölüyə pensiya yazılaraq, dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunda aparılan hesabata münasibət bildirib.
 
V.Əhmədov Sfera.az-a açıqlamasında deyib ki, işində nöqsanlara yol verən məmurlar haqqında bəyanatlar, onlar vəzifədə olarkən verilməlidir:
 
“Nazir vəzifədə olanda, onun fəaliyyətilə əlaqədar yoxlamalar həyata keçirilir. Bu yoxlamaları həm Hesablama Palatası, həm Maliyyə Nazirliyi, həm də digər qurumlar aparır. Ancaq bu yoxlamaların nəticələrini nazir vəzifədə olanda üzə çıxartmaq lazımdır. Nazir, məmur cinayətə yol verirsə, bu, vaxtında açıqlanmalıdır. Daha vəzifədən çıxandan sonra hər hansı fikir bildirilirsə, bu nəyi dəyişir? Təsəvvür edin ki, filankəs 15 il vəzifədə olanda heç bir söz deyilmir, ancaq vəzifədən çıxandan sonra nöqsanlar bildirilir. Bəs bu adam 15 il vəzifədə olanda onu görmürdünüz? Müvafiq qurumlar bunu görməyibsə, bu da ayrı nöqsandır. Müvafiq qurumlar onu görməlidir! Çünki bu onların vəzifəsidir. Ona görə də mən nazirin hər hansı nöqsana yol verdiyini o, vəzifədən çıxarılandan sonra açıqlanmasını qəbul etmirəm. Biz normal demokratik ölkə qururuqsa, heç nədən çəkinmək lazım deyil”.
 
Deputat qeyd edib ki, əgər kimsə vəzifədə olanda korrupsiyaya yol veribsə, vəzifəsindən sui-istifadə edibsə, həmin adam cəzasını elə vəzifədə olan zaman almalıdır:
 
“Ona görə də yol verdikləri nöqsanlara görə nazirlər vəzifədə olan zaman cəzalandırılsa, bu digərlərinə də dərs olar, belə hallar təkrarlanmaz. Yoxsa ki, vəzifədən çıxarılandan sonra adamları nə qədər istəsən danla, heçnə dəyişməyəcək”.