GÖMRÜK KOMİTƏSİNDƏ MİLYONLUQ YEYİNTİ

Loading...
GÖMRÜK KOMİTƏSİNDƏ MİLYONLUQ YEYİNTİ
09:34 16-04-2018 | icon 39

Bu idarədə genişmiqyaslı yoxlamalara başlanılmalıdır; Aydın Əliyev və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edir

Dövlət Gömrük Komitəsinin bir neçə gün öncə yaydığı məlumatda deyilir ki, 20-yə yaxın şirkət və fiziki şəxs – “Define” MMC, “Yumaks” MMC, “Həsənoğlu LTD” MMC, “Desplazado” MMC, “EPMSS Group” MMC, “Star-SM” MMC, Cəbiyev Səxavət Balaxan oğlu, “Aysberg BZ” LTD, “Ximekspress-2000” MMC, “Aqrosel” MMC, Zeynalov Həmzəağa, “Neo Conseption” MMC, “Biznes 2017” MMC, “Səma İstehsalat Kommersiya”, “Legenda İB” və “Vertikal Line” MMC idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərməklə, ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37 avro vəsaiti dövlət büdcəsindən yayındırmağa çalışıb.

Təbii ki, Gömrük Komitəsinin qeyd olunan vəsaitin büdcədən yayındırılmasının qarşısını alması təqdirəlayiq addım kimi dəyərləndirilməlidir. Lakin məhz bu məsələ ilə bağlı ortaya olduqca maraqlı və müvafiq qurumlar tərəfindən cavablandırılması vacib olan suallar çıxır. Məsələn, bu günə qədər saxta invoys (mala görə ödənilməli olan məbləği göstərən sənəd) təqdim edərək malın real qiymətini aşağı göstərməyə cəhd edən şirkətlərdən cinayət məsuliyyətinə cəlb olunan varmı? Gömrük Komitəsinin əlində idxal olunan malların hamısının dəqiq bazar qiymətləri olduğu halda saxta invoys təqdim etmək hansı məntiqə sığır? İstər Rusiya, istər İran, istərsə də Türkiyə və Avropa ölkələrindən gələn TIR-ların hardan çıxıb hara gedəcəklərinə dair bilgilər, taariflərin olduğunu nəzər aldıqda, o zaman kimlərinsə gömrük orqanlarının əməkdaşları ilə əlbir olub maxinasiya etdiyini demək olarmı? Qeyd edək ki, bu və bunabənzər digər suallarla bağlı Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı.

Bəzi iddialara görə invoyslar məhz gömrük orqanlarının əməkdaşları ilə razılaşdırıldıqdan sonra aşağı yazılır

Nəzərinizə çatdıraq ki, bir sıra ekspertlər gömrük orqanlarının normal fəaliyyət göstərmədiyini, qurumun bəzi əməkdaşlarının xaricdən ölkəyə müxtəlif təyinatlı mal və məhsullar gətirən iş adamlarına süni əngəl yaratdıqlarını, hətta bəzi hallarda isə əldə olunmuş razılaşmaya əsasən onların təqdim etdikləri saxta invoyslara göz yumaraq külli miqdarda vəsaitin büdcədən yayındırılmasına şərait yaratdıqlarını, bununla da qanunun tələblərini pozduqlarını iddia edirlər.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin son məlumatında bir neçə şirkətin adının açıqlanması gözdən pərdə asmaq, yəni daha böyük şəbəkənin, məmurların və ya onların yaxın adamlarına məxsus olan şirkətlərin əməllərinin üstünün örtülməsinə cəhd kimi qiymətləndirilir. Çünki əldə etdiyimiz məlumatlara görə, bəzi şirkətlər uzun illərdir bu kimi özbaşına fəaliyyətlə məşğul olur. Odur ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun Gömrük Komitəsinin prezident seçkilərindən sonra ləğv olunacağı, səlahiyyətlərinin isə ya Vergilər Nazirliyinə, ya da “Asan Xidmət”ə veriləcəyi ilə bağlı mətbuatda yayılan informasiyalardan sonra qayda-qanunla işləməyə qərar verdiklərinə dair bilgilər dolaşmaqdadır. Bəzi iddialara görə isə invoyslar məhz gömrük orqanlarının əməkdaşları ilə razılaşdırıldıqdan sonra aşağı yazılır.

Söz yox ki, bununla bağlı dəqiq nəsə demək bir qədər çətin olsa da, lakin istənilən halda əgər gömrük orqanlarının adı bu cür olaylarda hallanırsa, o zaman Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Almaniyanın sabiq prezidenti Christian Wulfu nümunə götürüb istefa verməlidirlər. Məlumat üçün bildirək ki, prezident olduğu dönəmlərdə Christian Wulfun adı rüşvət və korrupsiyada hallanırdı. Nəticədə, onun bu əməli hələ öz təsdiqini tapmamış Wulf vəzifəsindən istefa verdiyini bəyan etdi. Həmin vaxt ona “Hələ bu məsələ sübut edilməyib, niyə istefa verirsiniz?” sualı verdikdə Wulf “Bir adamın adı rüşvət və korrupsiyada hallandısa, o adamın vəzifədə qalması düzgün deyil”, deyə cavab verib. Odur ki, Aydın Əliyev və Vüsal Novruzov da Christian Wulfdan nümunə götürmək barədə düşünsələr pis olmaz…

“Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilməli, bundan sonra isə fəlsəfəsi və işləmə qaydaları kökündən dəyişdirilməlidir”

Bu arada, mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, burada 2 məsələni bir-birindən ayırmaq lazımdır: “Gömrük orqanlarında saxta invoys anlayışı bir qədər fərqlidir. Belə ki, Gömrük Komitəsi bir çox zaman xaricdən gətirilən hər hansı məhsulun invoysunda göstərilən rəqəmlərə inanmır. Belə bir iddia irəli sürür ki, özünün karkulyasiyası, cədvəli var. Bildirilir ki, qiymətlər həmin cədvələ uyğun olmalıdır. Qiymətlər cədvələ uyğun olmadıqda, bunu saxta adlandıraraq qəbul etmir”. Natiq Cəfərli məsələnin ikinci tərəfi haqda danışarkən, əsasən Rusiyadan gətirilən məhsullarda invoysun daha az yazılmasına, qiymətləndirilməsinə imkanların olduğunu bildirdi: “Nəticədə iş adamları bəzən bundan sui-istifadə edə bilirlər. Amma buna baxmayaraq, gömrük orqanlarının əsas vəzifəsi ölkəyə gətirilən məhsullara həm nəzarət etmək, həm də həmin məhsulların sənədləşdirilməsinə normal qiymət verməkdir. Düşünürəm ki, hər iki variantın üzərində işləmək lazımdır. Lakin təəssüf ki, Gömrük Komitəsi çox zaman məhz öz qiymətləndirməsini əsas gətirərək normal invoysları belə, qəbul etmək istəmir. Yəni əgər komitənin qiymətləndirmə cədvəlində məhsulun qiyməti daha baha göstərilirsə, o zaman daha ucuz olan invoysa inanmır. Bununla da tələb edir ki, öz cədvəlinə uyğun qiymətləndirilmədən hesablanaraq gömrük rüsumları ödənilsin. Bu isə qanunsuzdur, doğru yanaşma deyil”.

Gömrük Komitəsinin külli miqdarda vəsaiti dövlət büdcəsindən yayındıran şirkətlərlə bağlı yaydığı son məlumatı şərh edən iqtisadçı ekspert hesab edir ki, bu, adıçəkilən qurumun özünü sığortalama cəhdindən daha çox “Biz iş görürük. Dövlət büdcəsini qoruyuyuq və büdcəyə daha çox vəsaitin daxil olmasına çalışırıq” kimi mesajın verilməsi kimi qiymətləndirilməlidir:

“Əslində Gömrük Komitəsinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsi o qədər də məqsədəuyğun deyil. Dünyanın bir çox ölkələrində Gömrük Komitəsi ayrıca qurum kimi fəaliyyət göstərmir. Belə ki, əsasən ya Maliyyə, ya da Vergilər nazirliklərinin tərkibində departament kimi fəaliyyət göstərir. Bununla yanaşı, gömrük orqanları bir çox ölkələrdə gömrüyün əsas fəlsəfəsini yerinə yetirməklə məşğuldur. Gömrüyün əsas fəlsəfəsi və yaranma tarixindən bəri əsas işi ondan ibarət olmalıdır ki, daxili istehsalçıları qorusun. Yəni daxili istehsal varsa, ona kömək məqsədiylə ölkəyə gətirilən məhsullarla bağlı rüsumlar yüksəldilir, gömrük buna nəzarət edir və daxili istehsalçını qoruyur. Bizdə isə çox məntiqsiz gömrük siyasəti aparılır və fəlsəfəsi doğru yerində oturulmayıb. Azərbaycanda istehsal olunmayan məhsullara belə, böyük gömrük rüsumları tətbiq olunur və gömrük orqanları isə iş adamlarından əlavə vəsaitlərin alınmasına çalışır.

Bu isə doğru yanaşma deyil. Məsələn, əgər ölkədə uşaq yeməyi istehsal olunmursa, nə üçün bu məhsullara yüksək gömrük rüsumu olmalıdır? Və yaxud əgər ölkədə dərman preparatları istehsal olunmursa, niyə dərmanlara gömrük rüsumu olmalıdır? Bundan başqa, Azərbaycanda avtomobil detalları istehsal olunmadığı halda, bu məhsullara 15 faizlik gömrük rüsumu tətbiq olunur. Yəni bir çox hallar var ki, burda gömrüyün fəlsəfəsi doğru, düzgün işləmir. Məhz elə bu səbəbdən də Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi doğru qərar olardı. Lakin bu da hələ yarımçıq addımdır. Çünki birləşdirdikdən sonra gömrüyün yanaşması, fəlsəfəsi, işləmə qaydaları da kökündən dəyişdirilməlidir. Gömrük iş adamlarını qorxudan, əziyyət verən bir orqandan onların, eyni zamanda yerli istehsalçıların dostuna çevrilməli, yerli istehsalçıları qoruyan orqan funksiyasını yerinə yetirməlidir”.

Gömrük Komitəsi toxunulmazlığını təmin etmək məqsədiylə məmurlara bağlı böyük şirkətlərə xəbərdarlıq edib

Natiq Cəfərli həmçinin, bu qənaətdədir ki, Gömrük Komitəsinin yuxarıda adıçəkilən şirkətlərlə bağlı yaydığı məlumatı bir növ məmurlarla əlaqəli olan böyük şirkətlərə xəbərdarlıqdır:

“Əslində, bəlkə bu bir xəbərdarlıqdır ki, əgər Gömrük Komitəsi ilə bağlı kəskin qərarlar olacaqsa, yəni Vergilər Nazirliyinə birləşdirilməsi istiqamətində iş aparılıcaqsa, o zaman biz digər şirkətlərin də adının mətbuata çıxarılmasına nail ola bilərik. Sanki gömrük orqanları tərəfindən belə bir “xəbərdarlıq atəşi” səsləndi. Bununla da böyük biznesə bir xəbərdarlıq olundu.

Çünki ölkədə böyük biznes məmurların nəzarəti altındadır. Azərbaycanın ən böyük problemlərindən biri də odur ki, bizneslə idarəetmə birləşib. Yəni bu və digər şəxs həm biznesmendir, həm də dövlət məmurudur, hökumət rəsmisidir. Bu da öz növbəsində, ölkə iqtisadiyyatı üçün ciddi problemdir. Odur ki, Gömrük Komitəsinin bir neçə şirkətlə bağlı yaydığı məlumatı da bir növ xəbərdarlıq ola bilər ki, bizimlə bağlı qərarlar verməyin, yoxsa məmurlara bağlı böyük şirkətlərin də adını ictimailəşdirə bilərik. Bunu belə də qiymətləndirmək mümkündür”.

Ekspertin sözlərinə görə, əgər Gömrük Komitəsinin hər hansı əməkdaşı külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasına, idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərilməsinə göz yumubsa, o zaman istintaq idarələri mütləq bununla bağlı müvafiq araşdırma aparmalıdır: “İstintaq və nəzarət idarələri bu məsələni araşdırmalı, ictimaiyyəti maraqlandıran məsələlərə dair suallara cavab verməlidirlər. Təbbi ki, Azərbaycana adicə qonşu ölkələrdən əlacə olaraq bir qutu siqaret belə, keçirmək problemdir, ciddi nəzarət var. Əgər hər hansı bir mal ölkəyə daxil olursa və sonradan bunun sənədləşməsində şübhələr yaranırsa, onda həmin məhsulu ölkəyə buraxan şəxs və ya şəxslər istintaq nəticəsində müəyyənləşdirilməli, eyni zamanda bunun səbəbləri araşdırılmalıdır. Yəni bu, diqqətsizlikdən baş verib, yoxsa digər amillər rol oynayıb”.

Sonda hər hansı bir ölkədən gətirilən məhsullara verilmiş invoyslara inanmamaq, həmin mal və xidmətlərə öz cədvəllərinə görə qiymət təyin etmək əvəzinə, normal işlək mexanizmlərin hazırlanmasının daha məqsədəuyğun olduğunu vurğulayan Natiq Cəfərli qeyd etdi ki, gömrük orqanları uzun illlərdir biznesin ən çox şikayət etdiyi qurumlardandır: “Bu kimi hallara son qoymaq lazımdır ki, gömrük orqanlarınını fəaliyyəti iş adamlarına maneçilik yox, dəstəkdən ibarət olsun. İnvoys məsələsi də həmin dəstəyin bir tərkib hissəsi olmalıdır. Əslində, hər hansı araşdırma, yoxlama aparıb iş adamının hansı ölkədən malı neçəyə aldığını təyin etmək gömrüyün işi deyil. Ola bilər ki, mən iş adamıyam, əlaqələrim var və buna görə də başqalarınını 1 dollara aldığını, 50 sentə ala bilərəm. Yəni buna gömrüyün inanmamaq kimi bir yanaşması olmamalıdır. Ümumiyyətlə, gömrük orqanlarının müstəqillikdən üzü bəri fəaliyyəti normal, gömrüyün yarandığı orta əsrlərdən bəri gömrük anlayışının yaratdığı fəlsəfəyə uyğun olmayıb. Gömrük orqanları daxili bazarı qorumaq əvəzinə, biznesə əlavə yük gətirib, ciddi maneələr yaradıb, qeyri-qanuni yollarla pul qazanmaq haqda düşünüblər. Odur ki, bu yanaşma dəyişməsə, isimlərin dəyişməsinin fərqi yoxdur. Yəni gömrük orqanlarından bir nəfəri çıxarıb yerinə başqasını qoysaq, lakin sistem yerində qalsa, o zaman yenə həmin şey alınacaq. Buna görə də gözügedən sahədə şəxslərlə yanaşı, sistem də dəyişməlidir”.

Saxta invoys təqdim edən nəhəng şirkətlərə “gözün üstə qaşın var” deyən yoxdur

Qeyd edək ki, Gömrük Komitəsi bir neçə xırda şirkətin idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərməklə dövlət büdcəsindən yayındıqlarını bəyan etsə də, bu işlə məşğul olan daha nəhəng şirkətlərə hələ də “gözün üstə qaşın var” deyən yoxdur. Halbuki əldə etdiyimiz bilgilərdə deyilir ki, bir neçə nəhəng şirkətlər tərəfindən ölkəyə gətirilən məhsulların sayı, çəkisi azaldılıb, bu səbəbdən də dövlət büdcəsinə real qiymətdən dəfələrlə az məbləğ mədaxil edilib. Belə olan təqdirdə, satılan mallara normal invoysların verilməsi mümkün olmur, nəticədə həmin məhsulların satışı hesab-fakturasız həyata keçirilir. Bu isə öz növbəsində, həmin məhsulu alan fiziki və hüquqi şəxslərin məhsulu qanuni yolla satmaq imkanlarını məhdudlaşdırır. Bu da sonda ölkədə real ticarət həcminin olduğundan dəfələrlə az göstərilməsinə və vergi ödəmələrinin də bir neçə dəfə az yığılmasına gətirib çıxarır. 

Söz yox ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və onun müvinlərinin, eyni zamanda Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun vəzifə səlahiyyətlərini lazımi şəkildə yerinə yetirdiyinə dair ciddi şübhələr yaradır. Buna görə isə Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən ciddi cəza tədbiri nəzərdə tutulub. Belə ki, 314-cü maddənin 1-ci bəndində deyilir ki, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnvoys hansı yolla saxtalaşdırılır?

Bu arada, mütəxəssislərin fikrincə, invoysun saxtalaşdırılması, yəni malın qiymətinin aşağı göstərilməsi xaricdən alınan məhsulun dəyərinin 50 faizinin köçürmə, yerdə qalan 50 faizinin isə nağd ödəmə yolu ilə həyata keçirilir.

Məhz bu zaman ölkədən çıxarılan 50 faizlik nağd pulun qeydiyyatı aparılmır. Yəni həmin məbləğ sənədləşdirilmir, kimlərinsə vasitəsiylə müxtəlif əyri yollarla ölkədən çıxarılır. Qanunvericilikdə edilən dəyişikliklərə görə, əgər hər hansı şirkət 10 min manatlıq pul köçürürsə, o zaman 1 manat belə, pulun köçürüldüyü ölkədə qalıbsa, həmin şirkət vəsaitin 6 ay müddətində Azərbaycana qaytarılmasını təmin etməlidir. Bu isə onu göstərir ki, bank vasitəsi ilə köçürülən pulların hesabatdan yayındırılması mümkün deyil. Lakin burada əsas maxinasiya nağd ödəniş zamanı baş verir. Məsələn, 100 min manatlıq mal alan şirkət əldə etdiyi məhsulun dəyərinin 50 faizini, yəni 50 min manatını Gömrük Komitəsindəki bəzi şəxslərin dəstəyi, yardımları ilə nağd ödədiyi zaman, həmin şirkət həm 18 faizlik (50000:100)x18=9000) əlavə dəyər vergisindən (ƏDV), həm 14 faizlik (50000:100)x14=7000) gəlir vergisindən, həm də 20 faizlik (50000:100)x20=10000) mənfəət vergisindən yayınmağa müvəffəq olur. Beləliklə də şirkət 26 min manatı (9000+7000+10000) dövlət büdcəsindən yayındırmış olur. Bu cür hallar əsasən Bakı və Sumqayıt baş gömrük idarələrində yaşanır. Verilən məlumatlarda həmçinin, o da qeyd olunur ki, hazırda bir şəxsin adına 50-60, bəzən isə daha çox firma qeydiyyatdan keçib. Həmin şəxslər isə müəyyən adamlarla danışığa getdikdən sonra onların malının dəyərinin 50 faizini burda müştəridən alır, yerdə qalan 50 faizini isə Rusiyada özü ödəyir.

Gömrük Komitəsində edilən qanunsuzluq dolayısıyla son nəticədə vergi orqanlarının əməkdaşlarının korrupsiyaya bulaşmasına səbəb olur

Hələ bu, harasıdır. Məhz bu yolla büdcədən külli miqdarda vəsaiti gizlədən şirkətlər dolayısıyla vergi orqanları üçün də əlavə gəlir mənbəyi formalaşdırırlar.

Məsələn, vergi orqanları müvafiq yoxlama zamanı həmin 50 min manatı nağd şəkildə ödəyən şirkətin anbarına baxış keçirərkən görür ki, sənəddə 50 min manatlıq mal qeyd olunsa da, əslində anbarda 100 min manatlıq məhsul var. Əsas məsələ də elə bundan sonra başlayır. Belə ki, vergi orqanlarının əməkdaşları şirkətin rəsmisindən sənəddə qeyd olunan qiymətlə anbarda olan malın qiyməti arasında nədən 2 dəfə çox fərqin olduğunu soruşduqda, qarşı tərəf cavab verə bilmir. Bu səbəbədən də şirkət rəhbərliyi həmin 50 min manatın 26 minlik vergi hissəsinin bir qismini yoxlamaya gələn vergi əməkdaşlarına verməli olur.

Yəni Gömrük Komitəsində edilən qanunsuzluq dolayısıyla son nəticədə vergi orqanlarının əməkdaşlarının korrupsiyaya bulaşmasına səbəb olur. Buna görədir ki, audit adı altında müəyyən firmalara faizlər tətbiq olunur. Həmin pullar isə dövlət büdcəsinə yox, kimlərinsə şəxsi ciblərinə gedir. Məsələn, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlunun araşdırmasına görə, təkcə 2016-cı ildə 31,8 milyon dollarlıq mal Dövlət Gömrük Komitəsi tərəfindən qeydiyyata alınmayıb. Maraqlıdır, görəsən həmin məhsulları ölkəyə kim gətirib və kimlərin yardımı ilə qeydiyyatdan yayındırıb?..

Məlumat üçün bildirək ki, xarici ticarətin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun aparılmalıdır. Yəni digər ölkələrdə gömrük dəyəri əsasən invoys qiymətləri əsasında aparılsa da, Azərbaycanda isə Gömrük Komitəsinin öz xidməti istifadəsi üçün təsdiq etdiyi qiymət siyahısı ilə həyata keçirilir. Bir çox hallarda illərlə yenilənməyən, mənşə ölkənin bazar konyunkturasındakı dəyişiklikləri çevik şəkildə nəzərə almayan bu qiymət cədvəli idxalçılardan əlavə gömrük rüsumları və əlavə dəyər vergisi almağa xidmət edir.

Qanuna əsasən xaricdən gələn və ya xaricə gedən mallarla bağlı bütün əməliyyatlar məhz gömrük orqanlarının əməkdaşlarının nəzarəti ilə həyata keçirilir

“İki­li in­voys”a gəlincə, qeyd etmək lazımdır ki, in­di tex­ni­ki im­kan­lar o qə­dər ge­niş­dir ki, bu­nu et­mək o qə­dər də asan de­yil. Yəni çox asan­lıq­la mü­əy­yən et­mək olur ki, id­xal olu­nan məh­su­lun re­al də­yə­ri nə qə­dər­dir. Bu isə birbaşa Gömrük Komitəsinin üzərinə düşən vəzifədir. Odur ki, əgər kimsə “iki­li in­voys”dan istifadə edərək ölkəyə gətirdiyi malın dəyərini aşağı göstərməyə müvəffəq olursa, bunun məsuliyyəti də gömrük orqanlarının üzərinə düşür.

Çünki “Malların tranziti gömrük rejimi haqqında” Əsasnamənin 8-ci maddəsində göstərilib ki, göndərən gömrük orqanının tələbi ilə malları Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirən şəxs, daşıyıcı və ya mallar və nəqliyyat vasitələri barədə səlahiyyətlərə malik digər şəxs gömrük rəsmiləşdirilməsindən keçməli olan malların və nəqliyyat vasitələrinin daşınmasının, çəkilməsinin və ya miqdarının başqa cür təyin edilməsini, yüklənməsini, boşaldılmasını, yenidən yüklənməsini, zədələnmiş qablaşdırılmasının düzəldilməsini, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cur mallar və nəqliyyat vasitələri ola bilən binaların, tutumların və digər yerlərin açılmasını həyata keçirməyə borcludurlar. Göstərilən əməliyyatlar yalnız gömrük orqanlarının nəzarəti və icazəsi ilə aparıla bilər.

Həmçinin deyilir ki, tranzit malların gömrük orqanlarının icazəsi olmadan götürülməsi və ya bu cür malların dəyişdirilməsi hallarının aradan qaldırılması üçük mallar, göndərən gömrük orqanı tərəfindən, həmçinin, bu Əsasnamə ilə nəzərdə tutulmuş hallarda həm də təyinat gömrük orqanı və aralıq gömrük orqanı tərəfindən eyniləşdirilməlidir. Göndərən gömrük orqanı gömrük yoxlaması, plomblar, möhürlər vurulması, eyniləşdirilmə işarələri qoyulması, malların təsviri, çertyojlar tərtib olunması, miqyaslı təsvirlər, fotoşəkillər, illüstrasiyalar, habelə eyniləşdirmə vasitələri təqdim edilməsi yolu ilə nəqliyyat və malı müşayiət edən sənədlərdəki məlumatların uyğunluğunu yoxlamaq məqsədləri üçün daşınan malların eyniləşdirilməsini həyata keçirir. Malların məhv olması, həmişəlik itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması təhlükəsi olduğu hallar istisna edilməklə, eyniləşdirmə vasitəsi yalnız gömrük orqanları tərəfindən, yaxud da onların icazəsi ilə dəyişdirilə və ya məhv edilə bilər. Göstərilən hallar yarandıqda, daşıyıcı ön yaxın gömrük orqanına eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, kənarlaşdırılması və ya məhv edilməsi barədə dərhal məlumat verməli və bu cür təhlükənin mövcudluğunu təsdiq edən sübutlarını təqdim etməlidir.

Bundan başqa, Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirən Gömrük Məcəlləsinin 8-ci maddəsində bildirilir ki, gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək, təkmilləşdirmək, mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək, Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək, gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət orqanlarına yardım göstərmək gömrük orqanlarının vəzifəsidir. Məcəllənin 9-cu maddəsində deyilir ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq gömrük orqanlarının hüququdur. 65-ci maddə də isə qeyd olunur ki, Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ var. 122-ci maddəyə əsasən mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Gömrük orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan təqdim edildiyi yerdən çıxarıla bilməz.

Beləliklə, “Malların tranziti gömrük rejimi haqqında” Əsasnamədən və Gömrük Məcəlləsindən də göründüyü kimi xaricdən gələn və ya xaricə gedən mallarla bağlı bütün əməliyyatlar məhz gömrük orqanlarının əməkdaşlarının nəzarəti ilə həyata keçirilir. Belə olan halda dəyəri 100 min manat olan malın invoysunda 50 min göstərilməsinə və həmin malın bu formada ölkəyə daxil olmasına görə məsuliyyət birbaşa gömrük əməkdaşlarının üzərinə düşür. Məhz elə bu səbəbdən də Hesablama Palatası və digər müvafiq qurumlar dərhal Dövlət Gömrük Komitəsində, əsasən də Bakı və Sumqayıt baş gömrük idarələrində genişmiqyaslı yoxlamalara başlamalıdır.

“Hürriyyət”in Araşdırma Qrupu

loading...