Yaqub Mahmudov: “Cümhuriyyət dünyaya bizim humanist dövlət olduğumuzu göstərdi”

Yaqub Mahmudov: “Cümhuriyyət dünyaya bizim humanist dövlət olduğumuzu göstərdi”
22:07 18-03-2018 | icon 163

“Xalq Cümhuriyyəti Azərbaycanın ilk müasir universitetini - Bakı Dövlət Universitetini təsis edib”.

 

Milletinsesi.info “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

 

Yaqub Mahmudov bildirib ki, Cümhuriyyət yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir: “Cümhuriyyət dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Biz bütün Şərq üçün nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb. Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”.

 

“Biz hər zaman ermənilərə əl uzatmışıq. O əlin ən uzununu “Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq” deyərək Məhəmməd Əmin Rəsulzadə uzadıb. Xalq Cümhuriyyəti Parlamentində erməni və “Daşnaksütyun” fraksiyaları var idi. Cümhuriyyət dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik və xalqlara bir ovuc cəllada görə münasibət bəsləmirik.

 

Amma ermənilər bizim əlimizi tutmadılar. Bolşevik Rusiyası sifarişlə Qarabağdakı separatçı erməniləri bizə qarşı qaldırdı. Xalq Cümhuriyyəti də öz ordusunu Qarabağa göndərməli oldu. 1988-ci ildə yenə həmin ssenarini həyata keçirdilər və Qarabağda Sarkisyan kimi başkəsənlər separatçı hərəkatın başında durdular. Ermənilər bütün dünyanın gözləri qarşısında Xocalı soyqırımını törətdilər. Yəni, tarix təkrar olundu”, - deyə akademik qeyd edib.

 

Yaqub Mahmudov deyib: “Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib.

 

Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması dururdu. Bundan başqa, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü.

 

Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu və işğalçılıq siyasətini davam etdirdilər. Bununla həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi. Buna görə də Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.

 

Akademik bildirib ki, Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: “Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl olunaraq nəşr edilmiş ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.

 

O qeyd edib ki, Cümhuriyyətin bolşevik Rusiyası ilə münasibətləri lazımınca və olduğu kimi öyrənilməyib: “Bolşevik Rusiyası Xalq Cümhuriyyətini tanımadı və nəticədə ölkəmizi işğal etdi. Bu istiqamət, eləcə də Cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca tədqiq olunmalıdır”.

 

Y.Mahmudov bildirib: “Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rusca), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), “Şəki bölgəsi (1917-1920-ci illər)”, “Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” və digər əsərlər çap olunacaq.

 

Bu il martın 31-də azərbaycanlıların soyqırımının da 100 ili tamam olur. Tarix İnstitutu Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda kitablar çap etdirib.

 

Bu il institut “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları”, “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” və “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti-Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzularında beynəlxalq elmi konfranslar və “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda respublika elmi konfransı keçirəcək”.