Məmmədyarov: “İpək yolu”nu yeni alətlər vasitəsilə yeniləyirik

Məmmədyarov: “İpək yolu”nu yeni alətlər vasitəsilə yeniləyirik
12:50 13-03-2018 | icon 64

Layihələrin icrası üçün dayanıqlı siyasi və makroiqtisadi sabitlik təmin olunmalıdır. Azərbaycan bu sahədə artıq özünü doğruldub.

Millətinsəsi.info-nun məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib ki, ticarət, logistika sahəsində də bunu etməliyik:

“Biz yeni və genişlənən Bakı limanı ətrafında bunu edirik. Məqsədimiz Azərbaycanı yeni logistika qovşağı kimi təbliğ etmək, Avropa və Asiya arasında ticarəti təşviq etməkdir. Biz “İpək yolu”nu yeni alətlər vasitəsilə yeniləyirik.

Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir. Logistika mərkəzləri yaradılır, çalışılır ki, investisiya və biznes mühiti asanlaşdırılsın. Şimal-cənub istiqamətində də bu fəaliyyət davam edir.

Bu, dəhlizlərin daha çox yaranması və bir-biri ilə rəqabət deyil, onların bir-birini tamamlaması vacibdir”. 

E. Məmmədyarov qeyd edib ki, “İpək yolu”na dəstək qrupu önəmli təşəbbüsdür, ATƏT-in ticarət və nəqliyyat gündəmində yaxından iştirak edir.

Onun sözlərinə görə, ticarətin asanlaşdırılması və regional infrastrukturun inkişafı ATƏT zonasında güclü iqtisadi inkişafa yol açar:

“Biz bu töhfəni daha inklüziv etməliyik. Xarici İşlər Nazirliyi “İpək yolu” dəstək qrupunun yaradılmasını dəstəkləyir. Bu qrup nə qədər fəal olsa, daha da böyüyə bilər.

Bu, regional infrastruktur sahəsində vacib platformadır və nəqliyyat dəhlizlərinin güclənməsi üçün vacib rol oynayır”. 

Nazir bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında vacib layihələrə imza atıb:

“Biz Avropanın enerji təhlükəsizliyində vacib rol oynayırıq. Azərbaycan qazının Avropa bazarına çıxarılması istiqamətində işlər görülür. Lakin biz gələcək inkişaf üçün coğrafi vəziyyətdən yararlanaraq nəqliyyat infrastrukturunu inkişaf etməliyik.

Azərbaycan Türkiyə və Gürcüstanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirir. Onun illik yükdaşıma qabiliyyəti hazırda 6-7 milyon ton təşkil edir. Gələcəkdə bu göstərici 17 milyon tonadək artacaq. 

Bu dəmiryol xətti Trans-Asiya və Trans-Avropa dəmir yol şəbəkəsini birləşdirəcək və iki qitə arasında etibarlı dəmiryol şəbəkəsini yaradacaq, sabitlik və iqtisadi rifahı artıracaq. BTQ-nin bir milyon sərnişin daşıması planlaşdırılır. Əslində, bu rəqəmi üç milyona çatdırmaq istəyirik.

Ticarət və nəqliyyat sahəsində inkişaf regional təhlükəsizliyə və inkişafa töhfə verəcək. 
Təbii ki, bu, ərazi bütövlüyü, suverenliyə hörmət şəklində həyata keçirilməlidir. Bu, Helsinki Yekun Aktında da özünü göstərir.

Siyasi və iqtisadi təhlükəsizlik bir-birindən ayrılmazdır. Azərbaycan məhz bu ruhda layihələri həyata keçirir”.

Kamil HƏMZƏOĞLU