Qaçırdığı maşınla arvadını və beş uşağını yasa apardı

Qaçırdığı maşınla arvadını və beş uşağını yasa apardı
12:00 23-02-2018 | icon 123

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Millətinsəsi.info-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3:00 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. 

Avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Saxlanılan zaman avtomobili qaçıranın arvadı və beş övladı da maşında olub. 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub. 

Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna, yas yerinə yollanıb. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Araşdırma aparılır. 

E.Ə.