Politoloq: Xocalı qətliamı ermənilərin ilk vəhşiliyi deyil

Politoloq: Xocalı qətliamı ermənilərin ilk vəhşiliyi deyil
10:40 22-02-2018 | icon 78

Xocalı qətliamından 26 il ötür. Dünya ictimaiyyəti hələ də bu haqsızlığı, terroru görməzdən gəlir. 

Millətinsəsi.info həqiqətlər və onun dünyaya çatdırılması barədə politoloq Elxan Şahinoğlu ilə söhbətləşib. 

– Xocalı faciəsindən 26 il ötməsinə baxmayaraq, əhali hələ də həmin hadisələri xatırlayır. Bu faciə barədə nə deyə bilərsiniz?

– Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı ilk xəyanəti və vəhşiliyi deyil. 1918-ci ildə Bakıda və digər bölgələrdə ermənilər kütləvi qətliamlar törədib.

Sonradan Azərbaycan və Ermənistan SSRİ-yə üzv oldu. Tərəflər arasında ədavət sakitləşdi, azərbaycanlılar erməni xalqına nifrət bəsləmirdi.

Ancaq bu 70 il ərzində ermənilər öz tamahkar planlarını hazırlamaqda idi və onu həyata keçirmək üçün münasib vaxt gözləyirdilər.

1987-ci ildə erməni separatçılığı fəallaşanda bu, bizdə şok effekti yaratdı. Arxadan vurulan zərbəyə hazır deyildik. Bunun davamı olaraq, ermənilər işğalçı siyasətlərini işə saldı və Xocalıda soyqırımı törətdi.   

Dinc əhaliyə qarşı bu vəhşilikləri törədənlərin II Dünya Müharibəsi zamanı yəhudiləri qıran faşist almanlardan, 1990-cı illərdə Serebrenitsa soyqırımını törədənlərdən heç bir fərqi yoxdur.

Yeganə fərq odur ki, həm almanlar, həm də Serebrenitsa soyqırımını törətməkdə təqsirləndirilənlər artıq mühakimə olunub. Vaxt gələcək Xocalı soyqırımını törədənlər də əməllərinə görə cavab verəcəklər.

– Sizcə, nə üçün dünya ictimaiyyəti həmin hadisələrə göz yumur?

– Xocalı soyqırımı bəzi dövlətlərin parlamentləri tərəfindən tanınıb. ABŞ-ın bir sıra ştatları da onu tanıyıb. Həmin parlamentlərin çıxardığı qətnamələr Ermənistan hökuməti və erməni lobbisinə ağır zərbə vurur.

Erməni lobbisi dünyanın bu soyqırımı unutmasını istəyir, ancaq güclü səylərinə baxmayaraq, buna nail ola bilməyiblər.

Xocalı soyqırımı çoxdan baş verməyib və bu hadisənin miqyası o qədər də kiçik deyil. Xocalı soyqırımı və qondarma “erməni soyqırımı” arasında böyük fərq var.

100 il əvvəl baş verdiyi iddia olunan “erməni soyqırımı” tarixi sənədlərlə öz sübutunu tapmayıb.  Xocalı soyqırımı isə 26 il əvvəl baş verib və həmin hadisələrin canlı şahidi olan insanlar hələ də sağdır.

Erməni vəhşiliklərini sübuta yetirən çoxsaylı sənədlər, fotoşəkillər və videogörüntülər var.  Bunu danmaq mümkünsüzdür.

Bu gün hökumətin və Heydər Əliyev Fondunun Xocalı soyqırımıın dünya ölkələrində tanınması istiqamətində gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Hal-hazırda dünyanın bir çox ölkələrində yaşayan insanların Xocalı soyqırımından xəbəri var.

“Xocalıya ədalət” kampaniyası dünyanın əksər ölkələrində aparılır.