Müxtəlif ölkələrin parlamentlərinə prezident seçkilərinin müşahidəsi ilə bağlı dəvət göndərilib

Müxtəlif ölkələrin parlamentlərinə prezident seçkilərinin müşahidəsi ilə bağlı dəvət göndərilib
21:18 14-02-2018 | icon 125

MSK sədri icra strukturlarının nümayəndələrinə və vəzifəli şəxslərə xəbərdarlıq edib

 

Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb. İclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Bundan başqa, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov və partiyanın icra katibinin müavini Mübariz Qurbanlı prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri olub. YAP icra katibinin müavini Siyavuş Novruzov isə YAP-ın  maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təsdiqlənib.

Sonra Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. MSK A. Umudov, F. Əliyev, T. Abbaslı və Z. Orucun namizədliyinin irəli sürülməsini təsdiq edib.

Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

İclasda Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır: "Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik.

Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs seçki prosesində Seçki Məcəlləsinə və qanunvericiliyə zidd hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək. Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlara, o cümlədən Milli Məclis müxtəlif ölkələrin parlamentlərinə prezident seçkilərinin müşahidəsi ilə bağlı dəvətlər göndərib".

M. Pənahov deyib ki, Azərbaycanda prezident seçkilərini müxtəlif beynəlxalq təşkilatlardan və parlamentlərdən çoxsaylı müşahidəçilərin müşahidə edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsini təşkil edəcək.

İlk olaraq  fevralın 15-də MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün bir günlük seminar-müşavirə təşkil ediləcək. 19-21 fevral tarixlərində isə DSK katibləri, üzvləri üçün ixtisaslaşdırılmış kurslar təşkil olunacaq. Seminar-müşavirədə icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak edəcək.