Azərbaycan və Böyük Britaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə edilib
17:45 14-02-2018 | icon 60

Fevralın 14-də Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-də danışıqlar aparılıb.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən Millətinsəsi.info-a daxil olan məlumata görə, görüşdə tərəflər iki ölkənin siyasi və iqtisadi sahələrdə əməkdaşlığından məmnunluğunu bildiriblər.

Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan möhkəm təmələ əsaslanan Azərbaycan mülki aviasiyası bu gün prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz dayanıqlı inkişafını davam etdirir. 

Böyük Britaniya şirkətləri ilə əməkdaşlıq 1999-cu ildən ümummilli lider Heydər Əliyevin göstərişi ilə Azərbaycana “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunmuş “Boeing 757” təyyarəsinin gətirilməsi ilə başlanılıb. 

Hazırda AZAL və “Silk Way Airlines” aviaşirkətlərinin donanmasının bir hissəsi Böyük Britaniyanın dünya sənayesinin liderlərindən biri olan “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunub. Bu kimi irimiqyaslı layihələr Azərbaycanın mülki aviasiyasını Britaniya şirkətlərinin cəlb olunduğu ən iri sahələrindən birinə çevrilib.

Görüşdə qeyd olunub ki, “Azərbaycan Hava Yolları”nın ilk beynəlxalq istiqamətlərindən biri London olub. Hazırda bu istiqamətdə uçuşlar müasir “Boeing 787 Dreamliner” təyyarəsi ilə yerinə yetirilir. 

Emma Nikolson bildirib ki, Azərbaycanın mülki aviasiyası böyük potensiala malikdir, Britaniya istehsalçıları və investorlarının fəaliyyəti üçün çox cəlbedicidir.

Görüşün yekunlarına əsasən, tərəflər bu sahədə Britaniya şirkətlərinin uğurlu əməkdaşlığına ümidvar olduqlarını bildiriblər.