SOCAR-ın 2022-ci illə bağlı planı

SOCAR-ın 2022-ci illə bağlı planı
23:35 08-04-2021 | icon 141

Aprelin 6-da SOCAR-la Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı arasında əməkdaşlıq çərçivəsində SOCAR-da səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı onlayn görüş keçirilib.

Dövlət Neft Şirkətindən (SOCAR) milletinsesi.info-a verilən məlumatda bildirilir ki, görüş zamanı şirkətdə səmt qazı atqılarının azaldılması üzrə görülən işlər, əldə olunan müvəffəqiyyətlər və bunların səbəbləri istiqamətində ətraflı müzakirə aparılıb.

SOCAR-da atmosferə qaz emissiyalarının atılmasının intensivliyinin azaldılması məqsədi ilə ən qabaqcıl ekoloji tədbirlərin həyata keçirildiyi təqdir edilib. SOCAR-ın artıq səmt qazı atqılarını 2 faizə endirdiyi və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyduğu xüsusi vurğulanıb və yüksək qiymətləndirilib. Bildirilib ki, bu işlərin reallaşdırılması SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaq.

GGFR nümayəndələri qlobal istiləşmə prosesinin sürətləndiyi bir dövrdə SOCAR-ın həyata keçirdiyi effektiv tədbirlərin digər aparıcı neft-qaz şirkətləri üçün örnək olduğunu qeyd ediblər.

Əlavə edilib ki, SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaq və müsbət mənada fərqlənəcək. GGFR təşkilatının nümayəndələri gələcəkdə SOCAR-ın təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulanıb.

Görüşdə SOCAR-ın əldə etdiyi ekoloji naliyyətlər barədə Dünya Bankının rəsmi veb saytında elan verilməsi qərara alınıb.

Qeyd edək ki, SOCAR Xəzər regionuna və ümumiyyətlə, beynəlxalq ekoloji dayanıqlığa təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, həmçinin metan qazının atmosferə atılmasının qarşısını almaq üçün proaktiv addımlar atır.




1.3317189216614