Fərid Mansurov: Boykot edənlərin niyyəti tamam ayrı idi

Fərid Mansurov: Boykot edənlərin niyyəti tamam ayrı idi
18:40 11-10-2019 | icon 28

Azərbaycan Basketbol Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən basketbol üzrə Super Liqaya səkkiz komanda ilə start verildi. Maraqlı komandalar burada iştirak edir. İnanıram ki, həm rəqabət, həm də azarkeş baxımından maraqlı, fərqli bir yarış olacaq. Düşünürəm ki, bu yarış yeniyetmələrin də marağına səbəb olub, kütləviliyə yol açacaq.

Bunu milletinsesi.info-a Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov deyib.

Dünən “Sərhədçi”də basketbol üzrə XXVII Azərbaycan çempionatı start götürdü. Astaranı təmsil edən “Zirvə” ilə “Gəncə”nin görüşündə cənub təmsilçisi daha yaxşı təsir bağışladı. Nəticədə “Zirvə” 77:56 hesabı ilə qalib gələrək cari çempionatda ilk qələbəni qeyd edən komanda ünvanına sahib çıxdı. 

Halbuki XXVI çempionat ötən mövsüm yarımçıq saxlanıldı və demək olar ki, ölkə bir il basketbolsuz qaldı. Elə Fərid Mansurov da açıqlamasında yanvarda çempionatı boykot edən komandalardan danışıb:

“Hər bir idman növündə olduğu kimi, basketbolda da xoşagəlməz hallar oldu. Təbii ki, bəzi komandaların çempionatı boykot etməsi idman aləmində yaxşı qarşılanmadı. O məsələ ilə bağlı bizim həmin klubların nümayəndələri ilə müzakirələrimiz oldu. Onlardan problemləri deməyi, həmin problemlərin həlli üçün federasiya rəhbərliyinə nazirlik adından müraciət ediləcəyini bildirdik. Amma onların niyyəti tamam ayrı idi. Nazirlik olaraq onların boykot addımını heç yaxşı qarşılamadıq. Biz onları çağırmışdıq ki, bir yumruq altında basketbolun inkişafı naminə birləşək. Ancaq onlar bu söhbətlərin heç birinə yaxın gəlmədi.

Onların fikirləri tamam ayrı idi. İstəkləri o idi ki, federasiya rəhbərliyi istefa versin. Sual verəndə niyə getməsini istəyirsiniz, deyirdilər ki, sadəcə onun qalmasını istəmirik. Federasiyada yoluna qoyulası problemlər vardı. Artıq özünüz də gördüyünüz kimi, həmin problemlər aradan qaldırılıb. Sadəcə olaraq, klublar bir-iki oyunbazın güdazına getdi. Bir şeyi yaratmaq çox çətindir. Amma söküb, dağıtmaq çox rahatdır. Əgər həmin insanlar basketbolu sevən olsaydılar, bir yumruq altında birləşib Azərbaycanda bu idman növünün inkişafına öz töhfələrini verərdilər. Əgər bunu etsəydilər, onların da komandaları bu çempionatda iştirak edərdilər”.

Qeyd edək ki, ötən mövsüm çempionatı boykot edən komandalardan yalnız “80-lər” mübarizə aparır. Digər dörd komandadan bəziləri adlarını dəyişərək bu çempionatda mübarizə aparır, bəziləri isə basketbolçularını digər komandalara sərbəst buraxıb.  

Səbuhi Musayev