Cəfər Cəfərov savadsız qohumlarını universitetdə yerləşdirməklə, çirkin əməllərini həyata keçirməkdir?

Cəfər Cəfərov savadsız qohumlarını universitetdə yerləşdirməklə, çirkin əməllərini həyata keçirməkdir?
16:20 11-10-2019 | icon 6819

“Həyat yoldaşım, rektor Cəfər Cəfərovun ədalətsizliyinə qarşı mübarizə apardığı üçün mən də onun qəzəbinə tuş gəlmişəm”
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun qanunsuz əməllərinə etiraz edənlərin sayı artmaqdadır. Bu təhsil ocağında baş verən özbaşınalığa etiraz edən növbəti müsahibimiz 1969-cu ildən ADPU-nun Fizika fakültəsində dosent vəzifəsində çalışan, Fəlsəfə elmləri doktoru Məmmədova Rəna Feyzulla qızıdır. Rəna xanım bizimlə söhbətində universitetdə yaşanan bir çox qaranlıq məqamları üzə çıxardı. 
- Rəna xanım, xahiş edirəm, ilk öncə özünüz haqda oxucularımıza məlumat verin.
- Mən, 1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində dosent vəzifəsində çalışmışam.
1963-cü ildə BDU-nun fizika fakültəsinin V kursundan əlaçı tələbə kimi, diplom işimi yerinə yetirmək üçün Lenin ordenli İoffe adına Leninqrad fizika-texnika institutuna ezam olunmuşam və diplom işimi orada müvəffəqiyyətlə müdafiə etdikdən sonra, aldığım elmi nəticələrin nəzəri və təcrübi aktuallığı oranın görkəmli alimlərinin diqqətini cəlb edərək, mən həmin işimin davamı olaraq 1964-cü ildə həmin institutun aspiranturasına dəvət olunmuşam və ora daxil olaraq, dünya şöhrətli alim, Lenin mükafatı laureatı, akademik D.N.Nasledovun rəhbərliyi altında dissertasiya işimi yekunlaşdırmış və müvəffəqiyyətlə müdafiə etmişəm.

Dissertasiya  işimə opponent olan akademik Alfyorov (sonradan SSRİ Elmlər Akademiyasının Prezidenti) mənim elmi işimə çox yüksək dəyər vermişdir. Aspirant olduğum müddətdə elmin ən aktual sahəsi üzrə SSRİ Elmlər Akademiyasının elan etdiyi müsabiqədə iştirak edərək, oranın qalibi olmuşam. Xarici ölkələrdə çap olunmuş 60-dan çox fundamental elmi məqalələrin, ali məktəb tələbələri üçün dərslik və metodiki vəsaitlərin müəllifiyəm.
Universitetdə işlədiyim müddətdə kafedra tərəfindən “Açıq dərslər”im keçirilmiş və kafedranın əməkdaşları tərəfindən mühazirələrim çox yüksək qiymətləndirilmiş və “Öyrədici dərs” kimi qəbul edilmişdir.
Universitetdə işlədiyim müddətdə əməyim dəfələrlə müxtəlif mükafat və təltiflərlə qiymətləndirilmişdir. 2012-ci ildə Respublika Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” medalı ilə təltif olunmuşam. Elmi və elmi-pedoqoji fəaliyyətim nəzərə alınaraq, 2002-ci ildə “Azərbaycanın tanınmış xanımları” ensiklopediyasına daxil edilmişəm.
- Rəna xanım, Sizi tanıyanlar, Sizin ixtisasınızın vurğunu, geniş dünyagörüşünə malik olan ziyalı, tələbələrə qarşı səmimi, qayğıkeş və tələbkar bir müəllim kimi qiymətləndirirlər. Bəs belə olan halda fakültə rəhbərliyi bu keyfiyyətləri niyə nəzərə almayıb və onu qiymətləndirməmişdir? Bilmək istərdim ki, Sizinlə əlaqədar yaranmış münaqişələr haradan qaynaqlanır?
- Əvvəla, mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Digər tərəfdən, universitetin rektoru Cəfər Cəfərov və fakültə dekanı Arzu Daşdəmirova görə müəllimin əməyini qiymətləndirmək, təhsildə islahatlar aparmaq, onu inkişafa, keyfiyyətə doğru yönəltmək çox mücərrəd anlayışlardır. Onlar belə işlərlə məşğul olmurlar. Onlar özlərini maraqlandıran işlərlə məşğuldurlar. Onların əsas işi, sovet dönəmində olduğu kimi, komsomolsayağı bayağı tədbirlər keçirməklə, özlərini reklam etmək, institutun ən yaxşı ixtisasçılarına qarşı saxtakarlıq etmək, seçkiləri saxtalaşdırmaq, qüvvədə olan təlimatları pozmaq, dövlətin qoyduğu qanun və təimatları pozmaq, yalan və böhtana əl atmaq və müxtəlif bəhanalərlə savadlı və təcrübəli işçiləri universitetdən uzaqlaşdırmaq, onun əvəzinə qeyri-ixtisasçı, savadsız qohumlarını universitetdə yerləşdirməklə, çirkin əməllərini həyata keçirməkdir.

Bizimlə, yəni mən və həyat yoldaşımla rəhbərlik arasında baş verən bütün ziddiyyətlər də məhz rektor və dekanın haqsızlığından, saxtakarlığından və ədalətsizliyindən qaynaqlanır. Biz 1969-cu ildən indiyə kimi institut rəhbərliyinin, bir qayda olaraq, son dərəcə səmimi və yüksək qayğısının şahidi olmuşuq. Onlar sözün əsl mənasında yüksək dünyagörüşə, yüksək mədəniyyətə malik ziyalılar olmuşlar.
Universitetin rektoru Cəfər Cəfərov qeyri-obyektivliyini və qeyri-peşəkarlığını nümayiş etdirərək, onun ədalətsizliyindən qaynaqlanan məsələlərdən biri odur ki,  o, mənim həyat yoldaşım, şöhrət ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professorun müqavilə sənədlərini məqsədyönlü şəkildə saxtalaşdıraraq, onu fizka və texnologiya fakültəsinin dekanı və kafedranın professoru vəzifələrindən qanunsuz olaraq azad etmiş və həmin vəzifəyə BDU-nun 50 yaşlı laborantı, bir gün də dərs deməmiş  və heç bir təhsil təcrübəsinə  malik olmayan və Cəfər Cəfərovun həyat yoldaşının əmisi oğlu olan  Arzu Daşdəmirovu əmrlə dekan vəzifəsinə təyin etmişdir.
Həyat yoldaşım rektor Cəfər Cəfərovun ədalətsizliyinə qarşı mübarizə apardığı üçün mən də onun qəzəbinə tuş gəlmişəm. Belə ki, o, mənimlə qərəzçilik apararaq məni əsəb savaşına cəlb etmişdir. Məsələn, fizika fakültəsində hazırda tam ştatda olan yeganə rusdilli müəllim mənəm. Rektor bir il bundan əvvəl mənim rusdilli olduğumu bilərəkdən kafedra müdirinə və dekana tapşırıq vermişdir ki, mənə Azərbaycan qruplarında dərs yükü bölsünlər ki, bəlkə onu mən deyə bilmədim, məni universitetdən bu adla uzaqlaşdırsın. Bunun əvəzində azərbaycan dilli müəllimlərə rus qruplarında dərs vermiş və onlar rus dilini mükəmməl bilmədiklərinə görə təbiidir ki, çətinliklərlə üzləşməli oldular. Mən keçən il mühazirə və seminar məşğələlərimi azərbaycan dilində aparmağa məcbur oldum.

Bütün bunlara baxmayaraq, qaydaya görə mühazirə oxuyan müəllimi tələbələrin özlərinin seçmək hüququ vardır. Ona görə də müəllimlər hər iki birləşmədə (hər birləşmədə 50 nəfər tələbə olmaqla) mühazirə oxumalı olduq. Nəticədə tələbələrin 100 nəfərdən 98 nəfəri məni özlərinə müəllim seçdilər. Bu, rektor və dekana gözəl cavab idi. Əslində bu obyektivlik, həqiqət və keyfiyyət göstəricisi kimi qiymətləndirilə bilər. Bunları rəhbərlik başa düşmək gücündə deyildir.
Rektor Cəfər Cəfərov bu il mənim öz dosent yerimə seçkimlə əlaqədar yeni problem yaratdı. Belə ki, fakültə dekanına göstəriş vermişdir ki, mənim seçilməyimə hər cür vasitə ilə mane olsun. Rektor və dekan mənə xəbərdarlıq etdi ki, sən dosent yerinə olan müsabiqədə iştirak etmə, yoxsa səni qutuda qoyduracağıq. Mən onlarla razılaşmadan qanuna əməl edərək, sənədlərimi öz dosent yerimə verdim. Rəhbərlik mənə qarşı çıxaraq, hədələməyə başladı və ona da nail oldular. Mənə süni şəkildə mane olmaq üçün rəhbərlik 2 üsuldan istifadə etməyə başladı:
Birincisi, beş boş olan vakant yerinə qarşı 3 dosent ştatı elan etdilər. İkincisi, kafedrada dosent işləyən Azər Allahverdiyevin vaxtının 8 ay qalmasına baxmayaraq, onu da bu müsabiqədə iştirak etməyə məcbur etdilər. Azər müəllim olduqca savadlı və təcrübəli müəllimlərdən biridir. Seçki nəticəsində onu da mənimlə birlikdə qutuda qoydular və bir yer də boş qaldı. Təkcə bu hərəkət kifayətdir ki, fakültə elmi şurasının qərarı ləğv edilsin. Nəticədə hamının gözü qarşısında seçkini açıq-aşkar şəkildə saxtalaşdırmaqla mənim lazımi səs toplamağıma imkan vermədilər.
Bütün səsvermə prosesi başa çatdıqdan sonra mənim cəmi 16 səsdən 4 səs qazandığımı elan etdilər. Mən guya cəmi 16 səsdən 4 səs qazanmışam. Mənim öz araşdırmalarım göstərir ki, 4 nəfər açıq şəkildə fikrini bildirməklə, 8 nəfər isə fikrini açıq bildirməyərək cəmi 12 nəfər mənim lehimə səs vermişlər. Həmin 8 nəfərin bülletenləri dekanla hesablayıcı komissiyasının sədrinin (dekan müavini) məsləhətləşmələri nəticəsində dəyişdirilərək saxtalaşdırılmışdır. Digər tərəfdən gizli səsvermədə 16 nəfər şura üzvü iştirak etmişdir. Onların hər biri 3 nəfərə səs vermək hüququna malikdir. Beləliklə, yekunda 48 səsvermə bülleteni aşkar edilməli olduğu halda, cəmi 41 bülleten haqqında məlumat verilmişdir. Burada etibarsız və s. bülletenlərdən söhbət getməmişdir. Bu məlumatlar mənə daxili və etibarlı mənbələrdən çatdırılmışdır. Digər tərəfdən mənim haqqımda kafedranın elmi şuraya təqdim etdiyi rəy tamamilə müsbətdir.
Sonradan müxalifət.az saytının əməkdaşı mənim seçkimə dair “müxbir araşdırması” aparmış və sorğunun nəticəsi aşağıdakı kimi olmuşdur: 16 nəfər fakültə şurası üzvlərindən 9 nəfəri mənim lehimə səs verdiyini bildirmişlər. Bu da mənim öz dosent yerimə seçilməyim üçün yetərlidir. Rektorun tapşırığı ilə seçkini saxtalaşdıran dekan Arzu Daşdəmirovun mövqeyi bəlli olduğundan sayt əməkdaşı onunla sorğu aparmamış, 2 nəfər mənim əksimə səs vermiş, 4 nəfər isə qorxudulmuş və sorğudan imtina etdiyini bildirmişdir. Əslində sonuncu 4 nəfər də mənim özümə səs verdiklərini bildirmişlər. Sorğu müxalifət.az saytı tərəfindən aparılmış və hər bir şəxsin səs yazısı redaksiyanın arxivində qalmaqdadır.
Səsvermə prosesi elan olunduqdan sonra mən dekan Arzu Daşdəmirova seçki barədə iradımı bildirdim. Onu da deyim ki, o, səshesablayıcı komissiyanın sədrliyinə öz müavinini təyin etmiş və saxtalaşdırmanı onun əli ilə həyata keçirmişdir. Mən bunu əvvəlcədən də belə güman ediridm. Dekan mənə bildirdi ki, Sizin lehinizə cəmi 4 nəfər səs vermişdir. Bundan sonra onların adlarını sadalamağa başladı və onların sayı 5 nəfər oldu. Maraqlıdır, əgər səsvermə gizli idisə, bəs bu adları dekan haradan bilirdi. Deyirlər, “yalançının hafizəsi olmaz”.
- Kafedrada dərs yükü vardırmı və Sizə aid olan dərs yükünü kimlərə vermişdilər?
- Kafedrada 700 saatdan çox dərs yükü olduğuna baxmayaraq dekan həmin yükü bir neçə kənardan gətirdiyi qohum, tanışlar arasında paylamışdır. Harada ki, onların nə elmi səriştəsi, nə də elmi-pedaqoji təcrübəsi vardır.
- Rektor Sizin çıxarılma əmrinizi necə sənədləşdirmişdir?
- Rektorun necə sənədləşdirməsindən asılı olmayaraq mənim işdən azad edilməyim tamamilə qeyri-qanunidir. Bu, rektorun və fakültə dekanının növbəti ədalətsizliyinin elmi səriştəsizliyinin və mənəvi kasadlığının bariz nümunəsi, həmçinin onların ümumiyyətlə nümunəvi və əsl elm və təhsil işçilərinə əsla qəsd edilməsinin göstəricisidir. Rektoru və dekanı bir-birinə yaxınlaşdıran amillərdən biri də onların qohumluq əlaqələrindən başqa peşəkar yalançı və peşəkar saxtakar olmalarıdır.
 
G.Əsədova,
Muxalifet.az