Anar Kərimov: Ona qədər müavinət və təqaüd təyinatı avtomatlaşdırılacaq

Anar Kərimov: Ona qədər müavinət və təqaüd təyinatı avtomatlaşdırılacaq
15:20 11-10-2019 | icon 182

İlin sonuna kimi ona qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. 

milletinsesi.info-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb:

“Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinə müraciət olunur.

Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı.

Ona görə də bu amil nəzərə alınmaqla, uşağın doğulmasına görə birdəfəlik müavinətin e-qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək”.

Nazir müavini deyib ki, cari ildə dövlət başçısı tərəfindən təqdim edilən və 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paketin tərkib hissəsi kimi, ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət də 109 manatdan 200 manata çatdırılıb:

“Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Yeni e-sistemin tətbiqi il ərzində xeyli sayda insanın bu sahədə proaktiv xidmətlə təminatına, həmin müavinətin valideynlər tərəfindən alınmasında vətəndaş rahatlığına və məmnunluğuna imkan yaradacaq”.

Pensiya islahatları çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər.

Onun sözlərinə görə, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alırlar:

“Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır.

Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra bu barədə məlumat veriləcək”, - deyə nazir müavini qeyd edib.