Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq

Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq
11:25 11-10-2019 | icon 77

İlin sonuna qədər qatar istehsalı ilə məşğul olan, dünya liderləri “Ştadler” şirkətindən dah iki qatar alınacaq. milletinsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, 139 illik tarixə malik olan Azərbaycan polad magistralı əzəmətli bir yol keçib:

“Ən azından onu deyə bilərəm ki, sədrlik etdiyim müddət ərzində fəxr edəcəyimiz, üzümüzə utanc gətirməyən işlər görmüşük. Qurum Nəqliyyat Nazirliyinin tərkibində olduğu müddət ərzində çox təəssüf ki, elə bir iş getməyib. Çox acı olsa da, bu həqiqəti deməliyik. Mənim beynimdə bir fikir var idi ki, köhnəlikdən, bizi arxaya çəkən, artıq olan hər şeydən qurtulmalıyıq. İstər insan resursları, istərsə də texniki baxımdan. Ona görə bir növ radikal tədbirlərin görülməsinə əl atdıq. Analiz edəndə gördük ki, 50 il muddətində dəmiryolları bir dənə də olsa, yeni vaqon almayıb.  Ancaq indi gördüyümüz işlər göz qabağındadır. Hesab edirəm ki, yolumuz düzgündür”.

O, vaqonların 13 milyon dollara alınması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Bəziləri hələ də qatarla vaqonu bir-birindən fərqləndirə bilmir. Qatarların qiyməti internetdə göstərilib. Kim istəsə daxil olub, dəqiq baxa bilər. Bu, “Ştadler” şirkətinin qatarıdır. Onları Rusiya, Belarus qatarları ilə qarışdırmaq olmaz. “Ştadler” qatarlarında 40 ədəd səsboğucu olduğu halda, Rusiya qatarlarında bu rəqəm sadəcə ikidir”.

Cavid Qurbanov onu da qeyd edib ki, birbaşa bizdən asılı olmayan səbəblərdən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınması gecikir. 

C.Qurbanovun sözlərinə görə, hazırda Azərbaycan bu məsələlərdə qonşu ölkələrə yardım edir: “Əslində, biz tam hazırıq. Amma bəzi bizdən asılı olmayan səbəblər var, məsələn, gürcülər və türklərin bu qatarları aparmağa özlərinin lokomotivləri yoxdur, onlarda tormoz sistemləri yoxdur. Bu istiqamətdə danışıqlar bu gün də davam etdirilir. Biz də çalışırıq ki, onlara kömək edək”.

C.Qurbanov Qəbələ istiqamətində dəmiryolunun çəkilişində müəyyən yubanmaların olduğunu diqqətə çatdırıb: “Qəbələdə bizim işlər davam edir. Bir az problemimiz oldu və prezidentə müraciət etməklə, onun köməyi ilə həll olundu. Yəqin ki, bu yaxınlarda işlər daha da intensivləşəcək. Ümumilikdə 43-46 km-lik torpaq işini 2019-cu ilin sonuna qədər yerinə yetirəcəyik”.