“Arzuların qurbanı”: Düşənləri qaldıran “nərdivan”

“Arzuların qurbanı”: Düşənləri qaldıran “nərdivan”
12:45 10-10-2019 | icon 86

İşsiz idim və kirayədə qalırdım. Heç bir gəlirim yox idi. Öhdəliyimdə iki övlad var idi. Bir neçə yerə iş üçün müraciət etsəm də, nəticəsi uğursuz oldu. Bir rəfiqəm mənə dedi ki, Türkiyədə yaxşı maaşlı bir iş var.

Mən də onun sözünə qulaq asıb, oraya getdim. Ora gedəndə gördüm ki, rəfiqəmin mənə dediyi kimi iş yoxdur. Anladım ki, hər şey yalan imiş...

Bunu milletinsesi.info-ın əməkdaşı ilə söhbətində insan alveri qurbanı olmuş Aynur Cəfərova (ad şərtidir - red.) bildirib.

Aldadıldığını anlayan qadın bəzi insan alveri qurbanlarından fərqli olaraq, çətinliklə də olsa, Azərbaycana qayıda bilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində fəaliyyət göstərən İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

Mərkəzin direktoru Həbibə Qəribova bizimlə söhbətində bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən insan alveri qurbanı statusunda olanlarla bağlı mərkəzə siyahı göndərilir:

“Daha sonra bizim psixoloqlarımız, hüquqşünaslarımız qurbanlarla işə başlayır. Onlara gərəkli olan yardımlarımızı təqdim edirik. İnsan alveri qurbanı olan insanlar böyük bir travma alırlar. Psixoloqlar həmin şəxslərlə reabilitasiya keçirlər. 

İşlə təmin olunmaq istəyənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə yönəldilir. Orada peşə təhsili üçün kurslara cəlb edilir və onlara müəyyən məbləğdə pul ödənilir”.

Direktor vurğulayıb ki, 2019-cu il ərzində mərkəzə müraciət edən insan alveri qurbanlarının sayı 71 nəfərdir:

“20 nəfər isə potensial qurbandır. Müraciət edənlər, əsasən, 30-45 yaş arası olan şəxslərdir. 71 nəfərdən 11 nəfəri artıq məşğulluqla təmin olunub. 

Beş nəfər peşə kurslarına cəlb edilib, 11 nəfərə tibbi yardım göstərilib. Digərlərinə isə psixoloji və hüquqi yardım edilib. Bir qurban cərrahi əməliyyat olunub, bir qurbana doğuşa yardım edilib”.

Öyrənirik ki, mərkəzə müraciət insan alveri qurbanları arasında daha çox cinsi istismara, fahişəliyə cəlb olunan, zorakılığa və əmək istismarına məruz qalanlar üstünlük təşkil edir.

H.Qəribova deyib ki, potensial və insan alveri qurbanlarının anonimliyi qorunur:

“Bəzən olur ki, bizə müraciət edən qurbanların öz mobil telefonu olmur, biz yaşadığı evə zəng edən zaman haradan zəng etdiyimizi onun yaxınlarına belə demirik. Çünki bizə müraciət edən qurbanların təhlükəsizliyini nəzərə alırıq.

Biz qurbanın arxasındayıq və mərkəzin də əsas məqsədi qurbanlara yardım göstərməkdir. Hazırda statistikaya baxsaq, insan alverinin qurbanlarında cinsi istismar və əmək istismarı ilk sıralardadır. 71 nəfərdən beş nəfər kişi insan alveri qurbanıdır. Onlar əmək istismarı qurbanına çevriliblər.

Həmin şəxslərə digər ölkəyə işlə bağlı təmin olunmasına görə söz verilib, amma orada iki-üç ay işləsələr də, maaşları ödənilməyib və məcbur ölkəyə qayıdıblar”.

Mərkəzdə səkkiz işçi fəaliyyət göstərir.

Mərkəzin psixoloqu Ülvi Zeynalovun sözlərinə görə, qurbanlarla fərdi və qrup şəkildə çalışırlar: 

“Məqsədimiz onları depressiya və psixoloji problemlərdən çıxarmaq, yenidən cəmiyyətə qazandırmaqdır. Buna görə hər birinə fərdi yanaşırıq”.

Mərkəzdə olan qurbanlardan biri Vahid Qasımovun (ad şərtidir - red.) başına gələnləri dinlədik:

“Mən rayonda yaşayıram və potensial insan alveri qurbanıyam. Mənim üçün çətin olsa da, deməliyəm ki, dəfələrlə döyülmüşəm, təhqir edilmişəm. Bakıda İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin broşürünü gördüm və müraciət etdim.

 

Mərkəzin işçiləri məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə yönəltdilər. Hazırda özümə uyğun iş gözləyirəm”.

Mərkəzin direktoru qeyd edib ki, insanlara xaricdən yüksək əməkhaqqı ilə bağlı iş təklif ediləndə mütləq araşdırma aparsınlar:

“Çünki bəzi insanları xaricdə yüksək maaşlı iş təklifi ilə aldadırlar. Nəticədə onlar insan alveri qurbanına çevrilirlər. Mərkəzimiz bəzi dövlət qurumları ilə birlikdə regionlarda maarifləndirmə tədbirləri keçirir. Saysız-hesabsız şirkətlər var ki, gənclərə “Gəl, xaricdə təhsil al, işlə” kimi yalan vədlər verirlər.

Bunlara aldanmasınlar və mütləq şirkət, iş barədə məlumat əldə etsinlər. Əvvəlki illərdə istismar olunanlar arasında xaricdə təhsil almaq gənclər çoxluq təşkil edirdi”.

“Potensial insan alveri qurbanına kömək edərək, onun insan alverinin qurbanı olmamasına cəhd etmək olar. Potensial insan alveri qurbanları maddi durumu aşağı olan, valideynləri tərəfdən tərk edilən, müəyyən bir yer tutmayanlardır.

Biz çalışırıq ki, onlar insan alveri qurbanı olmasın. Beynəlxalaq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Bizim mərkəzdə potensial və insan alveri qurbanlarına maddi yardım göstərilmir. Amma bu təşkilat vasitəsilə qurbalanlara kiçik yardımlar edilir.

Qurbanların əksəriyyətinin ali təhsili yoxdur. Aliment problemləri olanlar, hüquqlarını bilməyən şəxslər var. Bəzi qurbanlar şəxsiyyət vəsiqəsini itirir, amma yeni şəxsiyyət vəsiqəsi almaq üçün hansı quruma müraciət edəcəklərini bilmirlər. Biz belə şəxslərə yardım göstəririk”, - deyə H.Qəribova bildirib.

Mərkəzə müraciət edənlərin əksəriyyəti regionlardandır. Bakıdan olan insan alverinin qurbanları azdır.

Söhbətləşdiyimiz digər xanım iki uşaq anasıdır.

30 yaşlı iki uşaq anası qadın potensial insan alveri qurbanıdır:

“Erkən yaşlarımda ailə həyatı qurmuşam. Ailəm uğursuz olub və peşman olmuşam. Dəfələrlə işgəncələrə məruz qalmışam. Ərim, qayınanam məni tez-tez döyür, təhqir edirdilər. Artıq buna dözə bilmirdim.

Sonuncu dəfə döyülən zaman başımdan travma aldım. Sonra öyrəndim ki, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi var və oraya müraciət etdim. Mənə yardım edildi. Uşaqlarımı böyütmək üçün hansı işlə məşğul ola biləcəyimlə maraqlandılar.

Mən də dərziliklə məşğul olmaq istədiyimi bildirdim, məşğulluq proqramı ilə dərzilik kursuna başladım. İndi işləyib, uşaqlarıma baxıram”.

Mərkəzdən ayrılarkən həmsöhbət olduğumuz insanlarla sağollaşanda onların çöhrələrində bir ümid qığılcımı, arzusu gördük. Tezliklə özlərini toplayıb yenidən arzuladıqları xoşbəxt həyata qovuşmaq arzusu...

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov