Vüsal Hüseynov: "Viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir"

Vüsal Hüseynov: "Viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir"
12:00 13-09-2019 | icon 32

Əmək bazarının milliləşməsi dövlətimizin yanaşmasından biridir. Xüsusən, enerji neft sektorunda bu layihə uzun müddətdir icra edilir. Yüksək nəticələr var. Sevindirici haldır ki, enerji sektorunda bu hal 90 faizdən yuxarıdır. 

milletinsesi.info-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, əməkçi bazarının dinamikasına baxsaq, milliləşmə tədbirləri öz nəticəsini verir:

“Çünki illər üzrə bu kvota daha yüksək idi. Burada yanaşma ondan ibarət deyil ki, hansısa sahibkarlıq subyekti və ya bazarı sıxışdırılsın. Əvvəllər hər hansı tikinti və ya səhiyyə sektorunda əcnəbilər var idi və bu gün onları yerli mütəxəssislər əvəz edirsə, bu nəticə olaraq milliləşmənin göstəricisidir.

İllər əvvəl mühəndislər cəlb olunurdusa, indi bizim öz mütəxəssislərimiz var. Bu da təbii ki, kvotaya təsir edir. Çünki əcnəbilər üçün iş icazəsi alınır.  Altı aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manat, 1 illik rüsumun qiyməti isə 1000 manatdır”.

V. Hüseynov qeyd edib ki, əməkçi miqrantların ölkədə status almağı üçün iki qayda var:

“Birincisi, iş icazəsindən azad olan şəxslər var. Daimi yaşama icazəsi olan və yaxud da Azərbaycan vətəndaşı ilə nikahda olan şəxslər iş icazəsindən azaddırlar. Ancaq onlar da əcnəbi əməkçi miqrant hesab olunur. Bildiyiniz kimi bu il Nazirlər Kabineti tərəfindən 6800 kvota müəyyənləşdirilib. Biz çalışırıq ki, bu kvotanın mövcudluğu heç bir sahibkarlıq subyekti üçün gərginlik yaratmasın. Hətta kvota çatdığı təqdirdə hökumət tərəfindən təkrar baxıla bilər”.

Sentyabr 1-dən başlayaraq, Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub. Türkiyə vətəndaşlarına tətbiq olunan viza sadələşdirilmiş, hava limanında əldə edilən viza idi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik hansısa bir bürokratik maneə də aradan götürülür.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, Türkiyə vətəndaşları rahat şəkildə ölkəmizin bütün sərhəd-nəzarət buraxılış məntəqələrindən keçə bilərlər:

“Təbii ki, viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. Bu razılaşmaya əsasən, 30 gün müddətində Türkiyə vətəndaşları ölkəmizdə ola bilərlər. Həmçinin, qeyd edim ki, viza ilə bağlı tələb olanda ölkəyə səfər zamanı bəyan edilmiş məqsəd bizim miqrasiya qanunvericiliyi ilə müəyyən edilir. Ancaq vizasız qaydada tətbiq olunan bütün maneələr aradan götürülüb”.

V.Hüseynov qeyd edib ki, viza rejiminin ləğvində miqrasiya sahəsində heç bir problemli məqam yoxdur:

“Dövlətimizin aidiyyəti orqanlarının da vəzifələri ondan ibarətdir ki, hər hansı narahatlıq yaradan məqam olsa, bunun qarşısı alınsın. Bu gün üçün hər şey qaydasındadır”.