İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox ? - EKSPERT RƏYİ

İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox ? - EKSPERT RƏYİ
00:15 13-09-2019 | icon 65

Hər il olduğu kimi, bu il də mənzil bazarında müəyyən qədər bahalaşmalar müşahidə edilir. Ümumiyyətlə, bahalaşmalar xüsusilə sentyabr ayına, təhsil ilinin başladığı ərəfələrə təsadüf edir. Mənzil almaq istəyən vətəndaşlar isə nəğd ödəniş edə bilmədikləri üçün ipoteka ilə əmlak almağa ütünlük verirlər. İpoteka şərtləri ilə alınan mənzil və digər əmlakların qiyməti hissə-hissə banka və ya tikinti şirkətlərinə ödənilə bilir. Bəs belə olan halda ipotekada olan əmlaklara görə vergi ödənilməlidir, yoxsa yox ? Bu sahədə hansısa güzəştlər tətbiq edilirmi?

Mövzu ilə bağlı suallarımızı iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.

Ekspert milletinsesi.info-a açıqlamasında bildirib ki, əmlak ipotekada, bankın mülkiyyətindədirsə, həmin mənzildə yaşayan fiziki şəxs əmlak vergisi ödəmir:

“Vergi məcəlləsinə əsasən, fiziki şəxslər əmlak vergisini bələdiyyələrə, hüquqi şəxslər isə vergi departamentinə ödəməlidir. Lakin ipotekada olan əmlak bankın sərəncamındadırsa, həmin evdə qalan fiziki şəxs, bələdiyyəyə vergi ödəmir. Bu səbəbdən vətəndaş ipotekada olan mənzilində yaşamağa başladığına dair arayış almalıdır. Belə olan halda o, onun mülkiyyətində, sərəncamında heç bir əmlak olmadığı üçün əmlak vergisi ödəməkdən azad ola bilər”.

Ekpert onu da əlavə edib ki, başqa bir tərəfdən ortada əmlak var və vətəndaş bu əmlakdan istifadə edir:

“Əmlakın istifadəsinə görə isə bir sıra məqamlar var. Əgər əmlak bankın sərəncamındadırsa, hüquqi şəxs olaraq onlar özü əmlak vergisinin ödənilməsini həyata keçirirlər. Bildiyiniz kimi, fiziki şəxslər üçün yaşayış və qeyri-yaşayış sahələri üzrə əmlak vergisinin ödənilməsi ilə bağlı bir sıra əmsallar müəyyənləşdirilib.

Nazirlər Kabineti tərəfindən təsdiq olunan əmlak vergisinin ödəməsinə dair əmsallara görə, fiziki şəxs xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə görə  Bakı üzrə 0,4 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3 manat, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2 manat, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1 manat əmlak vergisi ödəməlidir.

Praktik olaraq, əgər mülkiyyət fiziki şəxsdə yox, bankın sərəncamındadırsa, müqavilədə əmlak vergisinin ödənilməsi bankın ixtiyarındadırsa, həmin evdə yaşayan fiziki şəxs əmlak vergisi ödəməkdən azaddır”.                       

Könül Cəfərli