"Gilan Holdinq"ə məxsus "Natura" şirəsindən görün nə çıxdı

"Gilan Holdinq"ə məxsus "Natura" şirəsindən görün nə çıxdı
11:09 16-08-2019 | icon 47

Bakının Nəsimi rayonunda yaşayan Ayxan Rəhimli adlı şəxs Hüseynbala Əliyev küçəsində yerləşən marketlərin birindən aldığı "Natura" şirəsinin içindən meyvə çürükləri çıxıb. 

Unikal.org-a Ayxan Rəhimli adlı şəxs müraciət edərək bildirib ki, marketdən aldığı "Natura" şirəsinin qapağını açdıqdan sonra içmək istəyərkən xoşagəlməz halla qarşılaşıb:

"Ağzını açıb, stəkana şirəni süzməyə başladım. Gördüm ki, şirənin içindən bulanıq nəsə çıxır. Bundan sonra ögüməyə başladım. Əvvəlcə fikirləşdim ki, şirənin içindən çıxan, yəqin qabın karton qalıqlarıdır. Sonra içini sirkələməyə başladım. Bundan sonra içindən daha da bulanıq nəsə çıxdı". 

Ayxan Rəhimli bildirib ki, artıq məsələ ilə bağlı istehsalçı şirkətdən, “Gilan Holdig”dən maraqlanıblar:

"Gilan FMCG groupda içecek kateqoriyasının trade marketinqinin Anar Əsədov adlı əməkdaşı məndən sözügedən şirənin qabını istədi. 

Bildirdi ki, əgər sözügedən meyvə qutusu hələdə sizdədirsə onu alıb laboratoriya şəraitində də test etdirmək istəyirik. Açıqlamamızı da ən qısa zamanda sizə də göndərəcəyik".

Vətəndaş vurğulayıb ki, artıq sözügedən meyvə şirəsini aldığı marketə təqdim edib: "Onlar da şirə qabını Gilanın əməkdaşlarına təqdim edəcəklər". 

Gilan FMCG groupda içecek kateqoriyasının trade marketinqinin Anar Əsədov redaksiyamıza açıqlama göndərib. Həmin açıqlamanı olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

"Bu günlərdə bəzi xəbər saytlarında vətəndaş Ayxan Rəhimli tərəfindən “Gilan Holding”-ə aid Qəbələ Konserv Zavodunun istehsal etdiyi “Natura” meyvə şirəsinin keyfiyyətində uyğunsuzluq aşkarlanması haqqında məlumat yayılıb. Qeyd olunan şikayətlə bağlı, tərəfimizdən komissiya yaradılıb və sözügedən şaftalı nektarından nümunə Qəbələ Konserv Zavodunun laboratoriyasına ekspertiza üçün təqdim olunub.

Götürülən nümunə laboratoriya şəraitində müxtəlif parametrlər üzrə incələnərək, məhsulun tərkibinin pH, turşuluq, orqanoleptik və digər göstəricilərə uyğun olması aşkar olunub. Məhsulun istehsalından sonra, 30.04.2019-cu il tarixində keçirilmiş mikrobioloji analizlər nəticəsində də heç bir uyğunsuzluq üzə çıxmayıb. Ekspertizanın daha dəqiq olması üçün, eyni tarixə aid istehsalat xəttindən olan digər meyvə şirələrindən də təkrar sınaqlar götürülüb və keyfiyyətə nəzarət zamanı heç bir uyğunsuzluq aşkar edilməyib. Laboratoriya sınaqları üçün nümunələr, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də təhvil verilib ki, Agentliyin də sınaq nəticələri yaxın günlərdə bəlli olacaq və ictimaiyyətə açıqlanacaqdır.

“Gilan Holding”-in Marketinq və kommunikasiyalar şöbəsinin direktoru Fərid Məmmədovun mətbuata verdiyi açıqlamaya əsasən: “23.04.2019-cu il tarixində istehsal olunmuş bu meyvə şirəsinin qutusuna baxış keçirilib və problemin qutuya kənardan fiziki müdaxilə nəticəsində yaranması ehtimal olunur. Bildirmək istərdik ki, bu tip məhsullar steril şəkildə qablaşdırılaraq satışa təqdim olunur. Qablaşdırmaya xarici fiziki təsir nəticəsində qutunun içərisinə hava sızması yarandıqda, sterillik pozulur və beləliklə, açıldıqdan uzun müddət sonra aseptik olmayan qablaşdırmada kif və ya maya göbələkləri inkişaf edərək, bu tip halların ortaya çıxmasına səbəb olur. Bununla əlaqədar, istehlakçılara qablaşdırmanın üzərində qeyd edilən saxlama tələblərinə riayət etmələri, qoruyucu halqası qırılmayan, sızıntı və şişmə olmayan şirə paketlərini istifadə etmələri tövsiyə olunur”.

“Bütün bunlarla yanaşı, müştərimizə, bu kimi mümkün problemin işıqlandırılması və istehlakçılarımızı bir daha maarifləndirmək imkanına görə təşəkkürümüzü bildirir, Qəbələ Konserv zavodunu ziyarət edərək, istehsalat prosesi ilə canlı tanış olmağa dəvət edirik”. 

Qeyd edək ki, Qəbələ Konserv Zavodunda mövcud olan istehsalat avadanlıqları dünyanın bir nömrəli qablaşdırma istehsalçısı “Tetra Pak” şirkətinə məxsusdur. Bu avadanlıqlarla ildə 25 milyon ədəddən çox şirə məhsulları istehsal edilərək, Azərbaycan istehlakçısına təqdim olunur. “Natura” meyvə şirələri isə, istehlakçı seçiminə və satışa görə bazarın daim liderlərindəndir. Bununla yanaşı, “Gilan Holding”-ə məxsus Qəbələ Konserv Zavodu dünyanın tanınmış bir çox keyfiyyət sertifikatlarına malikdir ki, bu da istehsal olunan məhsulların nəinki Azərbaycan, hətta, dünyanın 30-dan çox ölkəsinə ixrac edilməsini təmin edir.

Zavod ISO 9001:2008, ISO 22000:2005, Kosher və ECOCERT sertifikatlarını əldə etmiş, həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmışdır.

naturanatura2natura1