Cəbəllütariq ABŞ-ın istəyinə əhəmiyyət vermədi: “Grace-1” azad edildi

Cəbəllütariq ABŞ-ın istəyinə əhəmiyyət vermədi: “Grace-1” azad edildi
20:25 15-08-2019 | icon 25

Cəbəllütariq Ali Məhkəməsi “Grace-1” neft tankerinin azad olunması haqqında qərar çıxarıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, azad olunma haqqında qərar ABŞ-ın yerli hökumətdən sözügedən tankeri tələb etməsindən bir neçə saat sonra qəbul olunub.

Qeyd edək ki, bu il iyulun 4-də Cəbəllütariqin liman nümayəndələri və polisin Böyük Britaniya Hərbi Dəniz Qüvvələri ilə birgə keçirdiyi əməliyyat zamanı İranın “Grace 1” supertankeri saxlanılıb.

Gəminin Suriyaya qeyri-qanuni yolla xam neft daşıdığı bildirilib. Məlumata görə, “Grace 1” gəmisi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozaraq hərəkət edib.

Bu isə İran və Qərb arasında gərginliyin daha da artmasına gətirib çıxarıb.

Tehran gəmisinin ələ keçirilməsinə etiraz edib. Həmçinin, Avropanın sanksiyalarına baxmayaraq, Suriyaya qeyri-qanuni neft daşıdığına dair ittihamları rədd edib.