Sərhəd Qoşunlarının ilk əsgərləri təltif olundu - FOTO

Sərhəd Qoşunlarının ilk əsgərləri təltif olundu - FOTO
17:30 15-08-2019 | icon 102

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yaranan Sərhəd Qoşunlarının hərbi hissələrində şəxsi heyətin siyahısına ilk daxil edilən əsgərlərin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunması mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, mərasimdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində DSX-nin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd ediblər.

Tədbirdə 1992-ci il avqustun 22-də ümummilli lider Heydər Əliyevin şəxsi iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində ilk dəfə Naxçıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşunlarının yaradılmasının məhz Naxçıvandan başlanması qürur hissi ilə qeyd edilib.

Ümummilli liderin çağırışı ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhədçilərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşması, bu döyüşlərdə rəşadət və şücaət nümunələri göstərməsi minnətdarlıq hissi ilə xatırlanıb, şəhid olmuş sərhədçilər ehtiramla yad ediliblər. 

Mərasimdə veteran sərhədçilərə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təqdim olunub. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı sənədli film maraqla izlənib.