Güləşçilərimiz dünya çempionatına hazırlaşır

Güləşçilərimiz dünya çempionatına hazırlaşır
16:40 15-08-2019 | icon 33

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilin ən vacib yarışı Olimpiadaya lisenziya xarakteri daşıyır. Bu səbəbdən yığmalarımız mundiala intensiv şəkildə hazırlığı davam etdirir.

Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir.

Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir. 

Qeyd edək ki, sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək.