Binəqədidə tikinti şirkəti vətəndaşın evini söküb, küçələrdə qoydu

Binəqədidə tikinti şirkəti vətəndaşın evini söküb, küçələrdə qoydu
23:14 13-07-2019 | icon 74

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsinin sakini Əliyulla Mehrəliyev “İnam-İnşaat 555” MMC tikinti şirkətinin qurbanına çevrilib. Belə ki, şirkət ətrafdakı evlərin sökülməsi zamanı vətəndaşın qəzalı vəziyyətə düşən evinin yerində ona yeni mənzil tikəcəyinə söz verib. Bu müddət ərzində isə kirayə mənzillə təmin edəcəyinə inandırıb. Lakin bu anlaşma heç bir müqavilə ilə rəsmiləşdirilməyib.

Şirkət rəhbərinin sözünə inanan vətəndaş evini tərk edib, söküntü prosesi baş tutub. O gündən tibarən həmin tikinti şirkətindən ailəyə heç bir reaksiya verilmir. Mehrəliyevlər ailəsinə nə yeni ev tikilib, nə də onlara kirayə qaldıqları mənzilin haqqı ödənilib. Bir ay ərzində ailəyə yeni evin tikiləcəyi ilə bağlı söz verilsə də, artıq 2 ay keçib. Ancaq nəinki yeni ev tikilməyib, söküntünün qalıqları belə ərazidən təmizlənməyib. Sökülən evin qalı yerində yeni bir ev tikiləcəyinə söz versələr də, buna əməl etməyiblər. Artıq iki aya yaxındır ki, ailə öz vəsaiti kirayə mənzildə yaşayır. Görünən isə budur ki, şirkət həmin əraziyə qanunsuz olaraq sahiblənmək istəyir.

Qeyd edək bu ərazidə problemlər 2016-cı ildə “İnam-İnşaat 555” MMC şirkətinin həmin ərazidə çoxmərətbəli binanın tikintisinə başlamasından sonra baş yaranıb. Belə ki, şirkət 20-ə yaxın evin əhatəsində olan boş ərazidə yaşayış binası tikməyə başlayıb. Sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq, şirkət öz istədiyinə nail olub. Evlərin bir addımlığında 20 mətəbəli bina tikilib. Nəticədə bir neçə ev qəzalı vəziyyətə düşüb, küçədə gediş-gəliş məhdudlaşıb.

Çoxsaylı narazılıqlara və şikayətlərə baxmayaraq , şirkət 2018-ci ildə birinci bina bitmədən, ikinci binanın tikintisinə də başlayıb. Bu dəfə həmin küçədə “xaos” yaşanıb, sakinlər çıxılmaz durumda qalıblar. Yenə aiddiyyatı qurumlara müraciət ediblər. Hətta Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəxsən bu tikinti barədə xəbərdar olub. Lakin icra başçısı bu qanunsuz tikintinin qarşısını ala bilməyib. Bir neçə dəfə şirkətin rəhbərinə xəbərdarlıq etsə də, bir faydası olmayıb.

Əliyulla Mehrəliyevin çöldə qalmasını isə, necə deyərlər, həm öz günahı, həm də çıxılmaz durumda qalması ilə əlaqələndirmək olar. İki çoxmərətbəli binanın ortasında qalan ev silkələnmədən qəzalı düşüb. Evin divarları çatlayıb, bünövrəsi yararsız hala düşüb. Evinin yaşanmaz hala gəlməsi, uçma təhlükəsi mülkiyyətçini bu addımı atmağa vadar edib. Evinin yararsız hala düşməsi ilə bağlı döymədiyi qapı qalmayıb. Tikinti şirkəti vurduğu ziyanı qarşılamaq üçün evin sökülərək yenidən tikilməsi ilə balğlı vəd verib. Tikinti şirkətinin rəhbər nümayəndələrindən Nazim adlı şəxs mətbuatda haqqında yayılan xəbərlərdən bir qədər çəkinərək, qəzalı vəziyyətə düşən evi sökərək yerində yeni ev tikəcəyini deyib. Hətta ev hazır olanadək ailəni kirayə mənzillə təmin edəcəyini bildirib. Zərərçəkən deyir ki, iş adamı bir ay müddətində yeni evə köçürüləcəyi ilə bağlı “kişi sözü” də verib və onu inandırıb. Əliyulla isə heç bir müqavilə olmadan evinin sökülməsinə razılıq verib.

Əliyulla Mehrəliyev hər gün sökülən evinin boş ərazisinə baş çəkir. Ev söküldükdən sonra kirayə pulunu öz cibindən verməli olub. Ailəsi böyük olduğundan ayda 570 manat kirayəyə pul ödəyir. Hətta ikinci ayın kirayə pulundan borclu da qalıb.
Şikayətçi hesab edir ki, tikinti şirkəti tərəfindən aldadılıb.

Musavat.com-un müxbiri tikinti aparılan ərazidə baş çəkib, tikinti şirkətinin küçələrdə qoyduğu vətəndaşın problemini işıqlandırıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.