Tramp seks qalmaqalına görə nazirini itirdi

Tramp seks qalmaqalına görə nazirini itirdi
12:00 13-07-2019 | icon 33

ABŞ-ın əmək naziri Aleks Akosta tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

“The Hill” xəbər verir ki, onun bu qərarı milyarder Ceffri Epşteynlə bağlı qalmaqalla əlaqədardır.

A.Akosta 2008-ci ildə Floridanın baş prokuroru olarkən C.Epşteynlə bağlı işə nəzarət edib. Həmin vaxt C.Epşteyn 13 ay həbs cəzası almışdı. Bu müddətin əksər hissəsini isə öz ofisində keçirib. Belə ki, adı seksual qalmaqallarda hallanan C.Epşteyn həbs müddəti zamanı işə çıxmaq icazəsi almışdı.

Əmək naziri C.Epşteynlə məhkəmədənkənar sövdələşmə bağladığına görə ciddi tənqidə məruz qalıb. C.Epşteyni ömürlük həbs cəzası gözləsə də, çox yüngül cəza alıb. Hazırda milyarder barəsində yeni təhqiqat aparılır, o, insan ticarətində ittiham olunur.

A.Akosta bildirib ki, qalmaqalın ABŞ Prezidenti Administrasiyasına təsir etməməsini istəyir.

Dövlət başçısı Donald Tramp isə nazirin fəaliyyətini təqdir edib, onun bu vəzifədə inanılmaz işlər gördüyünü deyib.