Astarada may balının süzümü başlayıb

Astarada may balının süzümü başlayıb
01:05 15-06-2019 | icon 35

Astaranın əksər dağlıq ərazilərində, xüsusən də Miki kəndində arıçılıq əhalinin əsas məşğuliyyətidir və hazırda may balı süzümünün qızğın çağıdır.

Amma hava şəraiti ilə əlaqədar bu mövsüm bal yığımında azalma olacağı ehtimal edilir. Səbəb yazın əvvəllərində ağacların çiçəkləmə dövründə havaların çiskin və yağıntılı keçməsidir. Bu da istehsalın 20-25 faiz aşağı düşməsinə gətirib çıxara bilər. 

Astarada 1200 nəfər arıçı, 27000-ə yaxın arı ailəsi var. Rayonun Siyəkü inzibati ərazisi üzrə 9000 arı ailəsi var ki, bunlardan yeni qeydiyyata alınanların sayı 1250-dir. 

Bal yığımında azalma olmasına baxmayaraq, rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsidir. Bu da arıçıların işini daha da yaxşılaşdırmaqla yanaşı təsərrüfatlarını genişləndirməyə imkan yaradır. 

Əldə olunan məhsul ev şəraitində saxlanılır. Amma fermerlərin istədikləri vacib məsələlərdən biri rayonda qablaşdırma sexinin olmamasıdır. Bu onlara məhsullarını satmaqda müəyyən çətinliklər yaradır. 

 Arıçılar istehsal etdikləri məhsulu adətən sifarişlər əsasında satırlar. Balın 1 kiloqramı 20-25 manata təklif edilir. Əgər bu mövsümdə qiymətlər onları qane etməsə, balı qablaşdırıb qış fəslində satışa çıxaracaqlar.