ABŞ: İran tankerləri batırmağa çalışıb - VİDEO

ABŞ: İran tankerləri batırmağa çalışıb - VİDEO
09:20 14-06-2019 | icon 47

ABŞ hərbçiləri Oman körfəzində tankerdə baş vermiş partlayışda İranın əli olduğunu iddia edir.

RİA Novosti”nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı yaydığı videonun bunun əyani sübutu olduğunu bildirir. Həmin görüntüdə iranlı hərbçilərin tankerdən minanı kənarlaşdırmağa çalışdığı əks olunur.

1.39 dəqiqə davam edən videoçarx müxtəlif vaxtlarda müxtəlif rakurs və məsafələrdən çəkilmiş kadlardan ərsəyə gətirilib.

ABŞ administrasiyasının nümayəndəsi bundan əvvəl CNN telekanalına açıqlamasında iranlı hərbçilərin minanı gəmidən kənarlaşdırmaqla insidentdə iştirak etmələrini ört-basdır etməyə çalışdığını söyləyib.

Mərkəzi Komandanlığın rəsmisi Bill Erban isə bildirib ki, iranlı hərbçilər partlamamış minanı ekipaj üzvlərinin həyəcan siqnalı göndərməsindən sonra kənarlaşdırıb.

B.Erbanın sözlərinə görə, ABŞ Hərbi Dəniz Komandanlığına “Altair” və “Kokuka Courageous” tankerlərindən həyəcan siqnalı müvafiq ardıcıllıqla cümə axşamı 06:12 və 07:00-da daxil olub. “Kokuka Courageous” gəmisinin dənizçiləri göyərtədə aşkarladıqları qurğunu partlamış mina hesab edərək tankeri tərk edib.

ABŞ hərbçilərinin iddiasına görə, 08:09-da həyəcan siqnalından sonra insidentin baş verdiyi rayonda İran İnqilab Keşikçiləri Korpusuna aid çoxsaylı katerlər müşahidə olunub. Zabitlərdən birinin sözlərinə əsasən, İran gəmiləri “Altair” gəmisində olan dənizçiləri öz göyərtələrinə qəbul edib, həmçinin “Kokuka Courageous” gəmisindən dənizçiləri təxliyə etməyə çalışıb. Ancaq “Bainbridge” adlı ABŞ esminesi onları qabaqlayıb.