Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb
19:05 13-06-2019 | icon 43

Prezident İlham Əliyev “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən Qida Təhlükəsizliyi Agentliyi (bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi) Səhiyyə Nazirliyi ilə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən edəcək; ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin edəcək.

Dövlət başçısının digər fərmanına əsasən isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq sertifikatı, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı və xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı veriləcək.