Prezident: İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir

Prezident: İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir
15:40 14-01-2019 | icon 37

Xatırlayıram, bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimi müraciət etmişdi ki, yeni xəstəxana tikilsə, yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik.

Onu da xatırlayıram ki, o səfərdə bir neçə xahiş irəli sürülmüşdü. Onların arasında Mədəniyyət Evinin, məktəbin, poliklinikanın və xəstəxananın tikilməsi təklifləri var idi və hər biri icra edildi. 

milletinsesi.info xəbər verir ki, bunu yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirilib və bu gün bu xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. 

“Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir.

Bu canlı təmas, hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir.

Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də, indi bu xəstəxana da tikilməyəcəkdi.

Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək”, - deyən dövlət başçısı qeyd edib ki, Qobustan xəstəxanasının timsalında biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük. 

“Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır.

Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək.

Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib.

Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir.

Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın...”, - deyə prezident əlavə edib.

Kamil HƏMZƏOĞLU

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar