Fransadakı etirazlara kim rəhbərlik edə bilər? – Rusiyalı siyasətçi ilə müsahibə

Fransadakı etirazlara kim rəhbərlik edə bilər? – Rusiyalı siyasətçi ilə müsahibə
16:20 08-12-2018 | icon 39

Dekabrın 1-də Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin artmasına qarşı başlayan etiraz aksiyaları çox keçmədi ki, polislə qarşıdurmalara çevrildi. Artıq bu gün yüzlərlə yaralı və həbs olunanlar barədə məlumatlar var. Qarşıdurmalar zamanı 12 jurnalistin yaralandığı bildirilir.

Fransa hakimiyyəti güzəştə gedərək yanacağın qiymətinin qaldırılmasını altı ay təxirə saldı. Lakin “sarı jiletlər”in ardınca bu dəfə təhsildəki islahatlardan narazı qalan tələbələr üsyana başladılar. Fransada hadisələr hansı istiqamətdə cərəyan edəcək, hakimiyyət bu dəfə də güzəştə gedəcəkmi və ya problem güc yolu ilə həll ediləcək?

Tanınmış rusiyalı politoloq, Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının filialı olan Sibir İnstitutunun Siyasət və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Sergey Kozlov milletinsesi.info-a müsahibəsində Fransadakı hadisələrin sonrakı gedişatı ilə bağlı öz fikirlərini bölüşüb:

- Fransadakı etiraz aksiyalarının nə ilə yekunlaşacağını düşünürsünüz?

- Çətin ki, Fransada hadisələr döyüşçü qrupların yaranması və onların qanun keşikçilərinə qarşı silah tətbiq etməsinə gətirib çıxaracaq.

Oxu:

Cərəyan edən sosial proseslərin gələcəyindən danışmaq bir çox mövcud amillərə görə olduqca çətindir. Lakin, əminliklə demək olar ki, Ukraynada olduğu kimi dövlətin və onun strukturlarının dağılması Fransada baş verməyəcək. Hakimiyyət etirazçılarla hansısa bir kompromisə nail olacaq. Lakin bu kompromisin hansı formalarda olması aksiya iştirakçılarının kütləviliyindən və onların hərəkətlərinin əlaqəli olmasından asılı olacaq.

- “Sarı jiletlər”dən sonra tələbələr də üsyana qalxdılar. Sizin fikrinizcə, Fransa hakimiyyəti güzəştləri davam etdirəcək, yoxsa daha radikal addımlar atacaq?

- Hazırda yalnız bunu demək olar ki, hakimiyyət yanacaq vergisinə artımları təxirə salaraq fasilə götürüb. Lakin hələ ki, götürülmüş kursdan imtina etmək haqqında söz gedə bilməz. Makronun administrasiyası Fransa iqtisadiyyatının canlanması üçün neoliberal islahatların gələcəkdə də aparılmasına çalışacaq. Radikal addımlara gəldikdə - əgər bunun altında etiraz təşəbbüskarlarının kütləvi şəkildə həbs olunmaları və etirazçılara güc təzyiqinin artırılması nəzərdə tutulursa – danışmağa dəyməz. Hərəkat şəbəkə xarakteri daşıyır və fransızların kütləvi narazılığına əsaslanır. Bu hərəkatın vahid bir lideri yoxdur ki, onun izolyasiyası hərəkatı birdəfəlik dayandıra bilsin.

Oxu: 

- Fransadakı hadisələrin gedişatının sonrakı ssenarisi sizcə necə olacaq?

- Fikrimcə hakimiyyət üçün ən ağrısız çıxış yolu yanacaq vergisinin yüksəldilməsindən birdəfəlik imtina etmək olardı. Bu etirazların kəskinliyini azaltmağa və xoş niyyət göstərməyə imkan verərdi. Eyni zamanda, etirazçıların tələblərinin radikallığı da aradan qalxardı, çünki tələblərin radikallığı adətən zamanla artır.

Amma, prezident Makron açıq-aydın nəinki güzəştə getməyə, etirazçılarla dialoq qurmağa belə meyilli deyil. Bu isə ona şərait yaradır ki, etirazlara həmkarlar və pensiyaçılar deyil, daha az ünsiyyət qurmaq qabiliyyətli qüvvələr rəhbərlik etsin.

Səbinə Əliyeva

milletinsesi.info yeniləndi!