Maştağanın psixiatriya xəstəxanasındakı xəstələr arasında sağlam şəxsin hekayəsi – FOTO

Maştağanın psixiatriya xəstəxanasındakı xəstələr arasında sağlam şəxsin hekayəsi – FOTO
12:42 12-11-2018 | icon 39

Bu məqaləni yazmağa başlayanda Belarus yazıçı və filosof Aleksandr Kazakeviçin kitabındakı məşhur sitatlardan birini xatırladım: “Biz axır və ya əvvəl ətrafdakılara oxşayırıq”. 

Bakı, 1966-cı il. 4 yaşlı gülərüz qız valideynləri tərəfindən “Maştağa dəlixanası” adlandırılan Bakıdakı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının qapıları önünə qoyuldu. Ana ilə atanı küçədə qış fəslinin olması belə dayandırmadı.  

Psixiatriya xəstəxanasının əməkdaşları uşağı tapan zaman azyaşlı soyuqdan donmuşdu. Biraz da keçsəydi, o, soyuqdan ölə bilərdi. 

Uşağın yanında doğum haqqında şəhadətnamə var idi. Oradan məlum oldu ki, bu uşaq 1962-ci il təvəllüdlü Abbasova Səfurə Yadulla qızıdır. 

Qız müəssisəyə qəbul olundu. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının həkimləri balaca Səfurənin normal nəfəs almasını bərpa edə bildilər. Onun donmuş bədəninə yenidən istilik gəldi. 

Qəhrəmanımız o gündən “dəlixana”da ruhi-əsəb xəstələrinin ətrafında yaşamağa başladı. Səfurənin 10 yaşı tamam olanda onu müəssisənin digər sakinlərindən fərqləndirmək olmurdu. Qız onlar kimi danışır və anlaşılmaz hərəkətlər edirdi. Bütün uşaqlar kimi, Səfurə də gördüklərini təkrar edirdi. Onu uşaq evlərindən birinə göndərmək istəsələr də, hər dəfə hansısa naməlum səbəblərdən bu baş tutmurdu. Uşağı heç kim qəbul etmirdi. 

Xəstəxana rəhbərliyinin uşağı özündə saxlamaqdan başqa yolu qalmırdı. 

Onu heç kim övladlığa götürmürdü. Kim “Maştağa dəlixanası”nda böyüyən uşağı övladlığa götürər?

Qız xəstəxananın baş həkiminə “ata” deyərək müraciət edirdi. Axı, uşaq onun hesabına həyatda qalır. 

Xəstəxanada ona yazmaq və oxumaq öyrədildi. Səfurə orada 17 ilə yaxın qaldı. Daha sonra isə onun cəmiyyətə buraxılması ilə bağlı qərar verildi. Gənc Səfurəni paytaxtın internat evlərindən birinə işə düzəltdilər. Ancaq o, baxışların müxtəlifliyi səbəbindən cəmiyyətimizdə yaşaya bilmədi. O, başqaları kimi deyildi, buna görə də hamı onu ələ salır, döyür və təhqir edirdi. Ona edilən təzyiqlərdən sonra Səfurə “atasının”– psixiatriya xəstəxanasının direktorunun yanına qayıtmaq məcburiyyətində qaldı. 

Xəstəxana personalı Səfurəni məmnuniyyətlıə qəbul etdi. O, orada işə düzəldi. Hər kəsə kömək edirdi. Ruhi-əsəb xəstələri ilə əlaqəsini azaltmaq üçün xəstəxana rəhbərliyi öz hesabında Səfurə üçün mərkəzin həyətində kiçik ev hazırladı.

Hazırda Səfurənin 56 yaşı var və onun həyatında heç nə dəyişməyib. Onu cəmiyyətdən həmin ev, həmin divarlar qoruyur. 

“Mənə burada yaxşıdır. Həyatımı bu xəstəxananın divarlarından kənarda təsəvvür edə bilmirəm. Birdəfə orada oldum, döyülmə və təhqirlərdən başqa heç nə görmədim. O dünyada mənimkimilərin yeri yoxdur...” – Səfurə deyib. 

Bu gün qəhrəmanımızın ən böyük arzusu valideynlərini tapmaqdır. 

“Mən onları çoxdan bağışlamışam. Sağdırlarsa, onları tapmaq istəyirəm, onlarla yaşamaq istəyirəm. Anamı qucaqlayacağım günü gözləyirəm. Həyat çox qəddardır və biz onu belə qəbul etməliyik”, - Səfurə hesab edir. 

P.S. Əgər Səfurənin valideynləri ilə bağlı məlumatı olan varsa, redaksiyamıza müraciət etməyi xahiş olunur. Bu qadının arzusu yerinə yetməlidir. Axı, o, onları bağışlayıb...

Ə.Ş.