Nağıl dünyasına bir günlük səyahət: Kukla Teatrından - REPORTAJ

Nağıl dünyasına bir günlük səyahət: Kukla Teatrından - REPORTAJ
12:44 12-11-2018 | icon 40

Elə bir insan tapılmaz ki, uşaq olanda sevimli kuklası olmasın. Kimisi üçün gəlincik, kimisi üçün maşın sevimli oyuncaq olub. Səhnəciklər qurur, personajlarla oynayıblar. İndi Kukla Teatrına gələn balacalar öz qəhrəman kuklaları ilə məhz səhnədə görüşürlər.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrındayıq. Buranın ən sadiq tamaşaçıları uşaqlardır.

milletinsesi.info bu dəfə onların sevdiyi məkandan reportajı təqdim edəcək.

Teatrın binasına daxil oluruq. Burada teatrın simvolu sayılan “Boy kuklaları” – “Bahar qız”, “Dədə Qorqud”, “Məşədi İbad”, “Tıq-Tıq xanım”, “Cırtdan” və başqa kuklaları görmək mümkündür. Hündürlükləri yeddi metrdir. Bu nəhəng kuklalar daha çox şənliklərdə, dövlət tədbirlərində istifadə edilir. 

Teatrın foyesində ən çox diqqət çəkən nüanslardan biri də tamaşa zalının qapısı olan divarlara çəkilmiş rəsmdir. Divardan divara böyük bir ərazini əhatə edən rəsm xalq rəssamı Toğrul Nərimanbəyovun fırçasından çıxıb.

Burada rəssam Azərbaycan incəsənətinə məxsus rəng harmoniyasından məharətlə istifadə edib. Rəssamın qırmızı-qara tonların üstünlük təşkil etdiyi, qədim incəsənətimizdən bəhrələnərək ərsəyə gətirdiyi bu rəsm uşaqlar üçün uyğun deyil desək, yanılmarıq. 

Kiçik bir haşiyə - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoyub. Bu teatrın ilk tamaşası 1932-ci ildə (“Sirk” adlı tamaşa) göstərilib. Müxtəlif illərdə (1931-1941-ci illər), (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib.

Azərbaycan və rus bölmələri var. 1964-ci il aprelin 15-də teatra “Dövlət” statusu verilib. 

1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Yarandığı gündən bu günəcən teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxangelsk, Krasnodar kimi ölkə və şəhərlərdə, eləcə də, Respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak edib.

Teatrda nümayiş olunan kuklaların necə hazırlanmasını öyrənmək üçün kukla sexinə tərəf yollandıq. Kiçik otaqda işçilər çalışırdılar. Onlar yeni təqdim olunacaq tamaşa üçün kuklalar hazırlayırdılar. 

Kukla teatrının baş rəssamı İqbal Əliyev deyir ki, sexdə kukla janrının əksər növləri hazırlanır:

“Ən çətini marnet kuklaların hazırlanması prosesidir. Çünki bu kuklaların birini üç-dörd aktyor oynadır. Rəssam onu hazırladıqda bütün incəlikləri nəzərə alır. Aktyor da səhnədə kuklaları oynadan zaman öncə güzgülü zalda məşq edirlər. Aktyorlar hamısı eyni vəhdət təşkil etməlidir ki, kuklada hər şey tamamlansın. Kukla aktyoru özü kukla rəssamı olmalıdır ki, obrazı canlandıra bilsin”.

Öyrəndik ki, teatrda bir tamaşa maksimum üç aya hazırlanır. Onlarda 10, 14 kukla olur. Uşaq tamaşası olduğu üçün kuklalarda rəngarəngliyə üstünlük verilir. Elə olur ki, burada  üç aya iki tamaşa təhvil verilir.

İqbal Əliyev deyir ki, kuklaların rənglərinin seçimində nağıllardan bəhrələnirlər:

“Hər rəngin öz dili var. Uzun illərdir uşaqlarla işlədiyimiz üçün onların hansı rəngləri sevdiyini bilirik. Müasir dövrün uşaqlarını hər rənglə aldatmaq olmur. Hər kukla səhnəyə çıxdıqda uşaqların reaksiyasına baxırıq.

Artıq uşaqlar istədikləri cizgi filminə internetdən baxa bilirlər. Teatrda biz qəhrəmanları elə canlandırmalıyıq ki, onlara sıxıcı gəlməsin. Tamaşa onlara maraqlı gəlmirsə, zalda səs-küy salırlar. Buna görə də rəng seçimində uşaqlar nəzərə alınır və nağılda hansı rəngin tələb olunduğuna diqqət yetirilir. 

Baş rəssam deyir ki, teatrın, demək olar ki, bütün kuklaları burada hazırlanır:

“Xaricdən gətirilən kuklalar isə dövlət sifarişi üçün hazırlanan tamaşalar üçündür. Xaricdə rejissorlar əksər vaxt kuklaların mexanikalarını özləri hazırlayırlar. Artıq onlar bu işin içərisində olduqlarından kuklaları da özlərinə uyğun yaradırlar. Biz birlikdə işləyəndə maraqlı iş ortaya çıxır.

Səhər saat 10:00-dan axsam 18:00-a kimi işləyirik. İşimizin daha gec bitdiyi günlər də çox olur. Kukla teatrında çalışmaq üçün sənətinin vurğunu olmaq lazımdır. Burada hər tamaşa üçün  səhnə geyimi hazırlanır. İdeyamızda fərqli kuklalar hazırlamaq var. Hələ ki, bu barədə danışmırıq”.

Daha sonra kuklaların saxlandığı otağa baş çəkdik. Kukla Teatrı hər mövsümdə 3-4 tamaşa təhvil verir. Həmin kuklalar bu otaqda saxlanılır. Burada nağıllarda olan obrazların personajları var. 

İqbal Əliyev deyir ki, marnet kuklalarda bədənin bütün əzaları hərəkət edir. Həm də onlar 25-30 ipdən asılıdır. Həm rəssam, həm də dərzi, aktyor baxımından çətin kukla növüdür. 

Kukla Teatrı digər teatrlara da kuklalar hədiyyələr edir. Teatrın bir neçə kuklaları Dövlət Tarix Muzeyində saxlanılır. 

Baş rəssam deyir ki, kənardan da kukla sifarişi olan zaman onlar hazırlanır:

“Deyərdim ki, tələbat çox deyil. Bizim milli personallara az üstünlük verirlər. Bu, insanı kədərləndirir. İnsanlar xaricilərin əcaib kuklalarına daha çox üstünlük verirlər. Bu yaxınlarda şahidi oldum ki, bir xanım qızının rəfiqəsinin ad gününə bahalı bir əcaib kukla aldı. Onun yerinə “Göyçək Fatmə” kuklasını almaq olardı”.

Uşaqların maraqla izlədiyi tamaşalarda iştirak edən kuklalar isə aktyorlar tərəfindən idarə edilir. İlk baxışdan insana sadə və adi gələn bu iş, əslində, çətin və zəhmət tələb edən sənətdir. Kuklalar sexdə hazırlandıqdan sonra aktyor ona baxır və  üz cizgilərinə uyğun səsi müəyyən edir. 

Tamaşa zalına doğru yollandıq. Zalda aktyorlar Piter Penin “Yoxlandiyaya Səyahət” tamaşasının məşqini edirdilər. Teatrın səhnəsi bir o qədər də böyük deyil. Amma səhnənin böyük görünməsində işıq rejissorunun rolu böyükdür. İşıq tamaşanın daha effektli görünməsi üçün vacib amildir.  

Binada “Oyuq” teatr studiyası və “Yuğ” teatrının kollektivi də fəaliyyət göstərir. Kukla Teatrı hər il bir neçə festivalda iştirak edir. 

Əgər hələ də uşaqlarınızı teatra aparmamısınızsa, mütləq aparın. Ən azından ona görə ki, möcüzə kimi görünən səhnə dekorasiyası, rəssamların hazırladığı kuklaları canlı görə biləsiniz. Bəlkə də, Kukla Teatrı böyüklərin də çox gözəl istirahət edəcəyi məkandır...

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov