Əfsanəvi futbolçu knyazlıq klubuna baş məşqçi təyin olundu

Əfsanəvi futbolçu knyazlıq klubuna baş məşqçi təyin olundu
13:55 13-10-2018 | icon 19

Fransanın “Monako” klubuna dünya futbolunun sabiq ulduz futbolçularından biri baş məşqçilik edəcək.

milletinsesi.info xəbər verir ki, knyazlıq təmsilçisini bundan sonra Tyeri Anri çalışdıracaq. 41 yaşlı məşqçi bazar ertəsindən etibarən işə başlayacaq. Ona “Benfika”nın 23 yaşadək komandasından Valadu Tralyau və “Arsenal” Akademiyasından Patrik Kvame Ampadu kömək edəcək.

Anri təyinatı ilə bağlı bunları deyib:

“Monako” klubuna təşəkkür edirəm ki, mənim üçün özəl yeri olan bu komandanın baş məşqçisi olmaq imkanı verildi. Çox şadam ki, “Monako”ya qayıtdım. Futbolçularla birgə işə başlamaq üçün onlarla görüşməyi gözləyə bilmirəm”.

Qeyd edək ki, Anri 1993-1999-cu illərdə bu klubda çıxış edib və 141 oyuna 28 qol vurub. DÇ-1998 və AÇ-2000-in qalibi olmuş Anri daha çox “Arsenal”dakı çıxışları ilə məşhurlaşıb. O, “topçular”la iki dəfə İngiltərə çempionu olub. Həmçinin onun aktivində “Barselona” ilə Çempionlar Liqası və iki dəfə İspaniya çempionluğu var.

Tyeri Anrinin sonuncu iş yeri 2016-cı ildən çalışdığı Belçika millisi olub. O, orada baş məşqçi Roberto Martinesin köməkçisi funksiyasını yerinə yetirib və Rusiyada keçirilmiş son mundialın bürünc medalını qazanıb.

Səbuhi MUSAYEV